Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sonuncu melodiya: terror qurbanı olan azərbaycanlı dahi -Bakı metrosunda baş vermiş dəhşətli terror aktından 28 il ötdü

“Atam həmin gün səsyazma studiyasına, sonra Mahnı Teatrına getməli idi. Axşamüstü onu Mahnı Teatrından axtarmağa başlamışdılar. Bakıda böyük faciə baş vermişdi, bütün şəhər ayaqda idi, hamı narahat olmuşdu. Ağlımıza gəmirdi ki, atamız da o qatarda ola bilər, amma vaxt keçdikcə narahatlıq pik həddə çatırdı. Bacımın yoldaşı morqları axtarmağa başladı. Və məlum oldu ki…”

Yenixeber.org: Bunu qızı Gülarə deyir. Həmin günü, hə, həmin dəhşətli günü xatırlayanda. 1944-cü ilin 19 martını. 

           ***

1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verir. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba stansiyada dayandıqdan sonra partlayır. Partlayış nəticəsində 14 nəfər həlak olur, 49 nəfər yaralanır. Bu, terror hadisəsi idi. Və bu terror hadisəsinin qurbanlarından biri də  Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev oldu.  

19 mart səhəri Rafiq Babayev evdən çıxır, maşınını işə salmaq istəyir. Amma hər dəfəsində maşın sönür, mühərrik işə düşmür. Səsyazmaya tələsən sənətkar metroya üz tutur…

***

Milli cazın korifeylərindən idi Rafiq Babayev. 1936-cı il martın 31-də partiya orqanlarında işləmiş Fərzi Babayevin çoxuşaqlı ailəsində dünyaya gəlmişdi. Babayevlər ailəsində musiqiyə böyük maraq vardı.   

Böyük bacıları – Mərziyyə pianoçu, Vəsilə arfa ifaçısı, qardaşı Oqtay nəfəsli alətlər ifaçısı, Rafiq bəstəkar, pianoçu, aranjemançı oldu. Kiçik bacıları Armanus isə musiqi nəzəriyyəçisi idi. Yəqin ki, valideynləri qızları Emiləni uşaq ikən itirməsəydilər, ailədə daha bir musiqiçi olacaqdı.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq sonradan təhsilini Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfində davam etdirir. Bu məktəbdə təhsil almaqla yanaşı, xalq çalğı alətləri ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. Həmin vaxt o, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.

50-ci illərdə bütün SSRİ, əsas da Bakı cazla nəfəs alırdı. Sonradan elə Vaqif Mustafazadə, Rafiq Babayevin sayəsində Bakı SSRİ-nin caz mərkəzlərindən birinə çevriləcəkdi. Bacısı Armanus xanımın dediklərindən: “Rafiq dönə-dönə bu mahnıları dinləmək istəyirdi. Sadəcə qulaq asmırdı, dərhal ifa etməyə və onu yazmağa cəhd edirdi”. Sonralar sənətçinin özü bu barədə belə deyəcəkdi: “Biz caz musiqisinin vurğunu idik. Gecələr qardaşım Oqtayla radioqəbuledicinin qarşısında əyləşir, musiqini çətinliklə köhnə maqnitofona yazırdıq”.

Rafiq ciddi şəkildə cazla məşğul olsa da, təhsilini də yarımçıq qoymur. Konservatoriyaya daxil olur. Tələbəlik illərindən Rafiq Babayevlə müəllimi, professor Rauf Atakişiyev arasında möhkəm dostluq başlayır və bu münasibətlər uzun müddət davam edir. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən sənətçi konservatoriyanı bitirib, musiqi qrupunun rəhbəri kimi Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Üç il, 1960-1962-ci illərdə qrupa rəhbərlik edir.

Deyilənə görə, sonralar Rafiq Babayevin arxivində xəritə tapılmışdı. Həmin xəritədə üç il ərzində musiqi qrupunun konsert verdiyi şəhərlər qeyd olunmuşdu. 

Rafiq Babayev Bakıya qayıtdıqdan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görür. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd” ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir. 

Bundan başqa, o, 20 il ərzində 25 sənədli və bədii, həmçinin cizgi filmlərinə musiqilər yazıb. 

Başqa bir caz əfsanəsi Vaqif Mustafazadəylə dostluq edirdi. Qızı Fərizənin dediklərindən:

“Atam Vaqif Mustafazadədən 4 yaş böyük idi və Vaqif əmi bu böyüklüyü həmişə hörmətlə qoruyurdu. Hər şeyi atamla məsləhətləşirdi. Birgə çalışırdılar. Bir-birlərini dinləyirdilər. Bir dəfə evə zəng gəldi, mən cavab verdim, yaşım az idi, bir şey başa düşmədim. Atama dedim ki, hansısa Vaqif rəhmətə gedib. Atamın rəngi o dəqiqə göyərdi. İnanmaq istəmirdi və hələ doğrudan da, dünyasını dəyişənin hansı Vaqif olduğunu dəqiq bilmirdi. Zəng vurdu bir-iki yerə, sonra yerində donub qaldı. Bu xəbər onu çox sarsıtmışdı, xeyli müddət özünə gələ bilmədi. Sonra atam Əzizə Mustafazadənin yetişməsində böyük rol oynadı”.

Bəzən Vaqifin və Rafiqin musiqisini dinləyəndə adamda belə bir qəribə fantaziya yaranır ki, Mustafazadə və Babayevin sayəsində caz ideyası ümumazərbaycan ideyası da ola bilərdi. Həqiqətən də, Azərbaycan cazının simasını yaratmış hər iki şəxs Azərbaycan musiqisi üçün eyni dərəcədə önəmlidir. 

Mustafazadə və Babayev 60-cı illərdə böyük kollektivlərlə yox, balaca qruplarla çıxış etməyə başladılar. 

***

“Bu məsələdə biz ABŞ-dan geri qalırdıq – orada bu tendensiya 40-cı illərdən başlanmışdı. Sonradan musiqiçilərin yaradıcılıq yolları ayrıldı – Vaqif ömrünün sonuna qədər qrupla çıxış edir, konsertlər verirdi, Rafiq isə bacarığını əvvəlcə “Qaya”, daha sonra Rəşid Behbudovun kollektivi, televiziya, sonda da kinostudiyada nümayiş etdirdi. Hər onillikdə o artıq mövcud layihələrə yeniliklər gətirir, təcrübəsilə onları təkmilləşdirirdi”. 

Bunu isə digər caz korifeyi, musiqiçi Salman Qəmbərov deyir.

Rafiq Babayevin mayası milli xalq və peşəkar klassik Azərbaycan musiqisi üzərində qurulmuşdu. Bu, Azərbaycan muğamı ilə bəstəkar mahnılarımızın sintezi idi. Muğam onun üçün mistik, ilahi musiqi idi. O, Azərbaycan musiqisinə muğamla cazın yeni nəfəsini gətirmişdi və bunu daha da inkişaf etdirmək, improvizə etdirmək istəyirdi.

1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.

1993-cü ildə Rafiq Babayevə Azərbaycan Respublikasının xalq artisti adı verildi.

***

Akademik Rafael Hüseynov yazırdı: 

“Yüksək zövqlü, həm bəstəçilikdə, həm ifaçılıqda əvəzsiz, istənilən an yox yerdən gözlənilməz gözəlliklər doğurmağa qadir, səbirli (bu, Rəşid kimi sənətkarla iş gedişində vacibdən vacib cəhət idi) Rafiq Babayev Rəşid Behbudovun yaradıcılıq həyatında Tofiq Quliyevdən sonra ikinci tapıntı idi. Yəni, əslində, Allah töhfəsi”.

Maraqlıdı, nə işdisə, böyük cazmenləri isə qəzavü-qədərin təqib etməsi sanki onlara Tanrının pay verdiyi istedad qədər mütləqmiş.

***

19 mart səhəri Rafiq Babayev evdən çıxır, maşının işə salmaq istəyir. Amma hər dəfəsində maşın sönür, mühərrik işə düşmür.

Kaş o maşın sönməyəydi. Nə bilmək olar, bəlkə də bu onun sonuncu improvizəsiydi…

Adəm Cəbrayıl


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam