Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam Şıxəliyevin “Çoban Bulaq” İstirahət Mərkəzində şəriki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev iləysə ortaq üzüm bağları təsərrüfatına sahib Balaqadaşov Məhəmməd Müslüm oğlu Xaçmazda YAP sədri təyin olub.
Yenixeber.org: 2022-ci il Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.
Konfransın sonunda 64 şəhər və rayon təşkilatının sədrləri dəyişdirilib.
Əldə etdiyimiz məlumata görə, bunlardan ən çox təəccüb doğuranı Xaçmaz rayon YAP sədri vəzifəsinə Balaqadaşov Məhəmməd Müslüm oğlunun təyinatıdır. Bir müddət öncə Məhəmməd Balaqadaşov barəsində onun ləğv edilmiş MTN-in Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi ilə əlaqələrini, daha doğrusu “Çoban Bulağı” istirahət mərkəzini əhatə edən şərikli biznesini əks etdirən məlumatlar yayılmışdı.
“Çoban Bulaq” İstirahət Mərkəzi Dövlət Vergi Xidmətində “Çoban Bulaq” MMC kimi qeydə alınıb. MMC-nin qanuni təmsilçisi Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdir. Reyestr məlumatlarında göstərilir ki, MMC 31 avqust 2010-cu ildə qeydiyyatdan keçib. Həmin vaxt Elgün Şıxəliyev Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. Atası həbs ediləndən sonra isə işdən çıxıb.
“Çoban Bulaq” İstirahət Mərkəzinin ümumi dəyərinin 10 milyon manat civarında olduğu bildirilir. İstirahət mərkəzində 600 nəfər üçün nəzərdə tutulmuş qapalı zal, 600 nəfərlik açıq məkan, 33 kottec, uşaqlar üçün əyləncə mərkəzi və 60 “besedka” fəaliyyət göstərir.
Sözügedən ərəfədə yayılan məlumatların mənbəyinin Şəmsəddin Xanbabayev olduğu sezdiyimiz üçün “Mamed” barədə yayılan materilın səhihliyini yoxlamadan dərc etməmək qərarına gəlmişdik. Elə bu niyyətlə apardığımız dəqiqləşdirmələrimiz zamanı Məhəmməd Balaqadaşov barəsində yazılanların həqiqət olduğunu təsdiqləyən çoxsaylı faktlardan əlavə, onun Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə də biznes ortaqlığının və səmimi dostluğunun olduğunu öyrənmiş olduq. iddiaya görə, Məhəmməd Balaqadaşov İlham əliyevlə şərik üzüm bağları biznesinə sahib olub (hazırda biznesin aqibəti barədə dəqiq məlumat yoxdur). Hətta əldə etdiyimiz məlumatlar arasında Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin pandemiya dönəmində qızına etdiyi dəbdəbəli toydan sonra “vurulması” dönəmində Məhəmməd Balaqadaşovun ağır stress keçirdiyi və ürəyindən müalicə aldığı barədə məlumatlar da var.
Bundan əlavə, əvvəllər vergi işçisi olmuş Məhəmməd Balaqadaşov sonralar MTN generalı ilə, eləcə də Prezident Adminstrasiyasının rəhbərinin kürəkəni ilə qəfil biznes ortaqlığına sahib olub. Sıradan vergi işçisini ölkənin ən yüksək pillələrində təmsil olunan şəxslərlə ortaqlığa aparan uğur hekayəsinin arxasında kimlərin dayandığı isə başqa yazının mövzusudur.
Beləliklə, yuxarida sadalal müəmmaları nəzərə alaraq, 2022-ci il 28 Yanvar tarixində Xaçmazda YAP sədri təyin olunan Məhəmməd Balaqadaşovun timsalında Xaçmaz rayon YAP təşkilatının “köhnə komanda” tərəfindən ələ keçirildiyini iddia etmək olar.(“24 saat”.org)