AMEA-da “RUSİYA TƏDBİRİ” VƏ XİN RƏSMİSİNİN SKANDAL MÖVQEYİ... -Ramiz Mehdiyevin dəstəsi yenidən aktivləşir?
Elxan Şahinoğlu: “Kim ixtiyar verib ki, hansısa diplomat Azərbaycan adından faktiki olaraq Türkiyənin də zərərinə olan açıqlama versin?!”
Yenixeber.org: Oktay Qasımov: “Bu qrupların bir çoxu Azərbaycanla Türkiyə arasında münasibətlərdən narahatdır”
Dekabrın 20-də Azərbaycan Elmlər Akademiyasının (AMEA) kitabxanasında “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa keçirilib. Rusiyanın “Şimal - Cənub Politologiya Mərkəzi” və “Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyadan olan ekspertlərlə yanaşı Azərbaycandan da bir sıra tanınmış şəxslər - deputatlar, diplomatlar, ekspertlər və media nümayəndələri iştirak ediblər. Bəzi yerli saytlarda sözügedən toplantında səslənən fikirlər “diplomatik qalmaqal” kimi təqdim edilib.
Məlumata görə, tədbirdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri korlamağa hesablanmış bir sıra fikirlər səsləndirilib. Türkiyə ilə münasibətlərimizi korlamağa hesablanmış əsas çıxışa gəlincə, bildirilir ki, beynəlxalq forumda rusdilli zümrənin diplomatı kimi tanınan Pərvin Mirzəzadənin digər ekspert və ictimai fəallardan, hətta Rusiya nümayəndələrindən də qabağa gedərək bir sıra qalmaqal yaradan bəyanatlar səsləndirməsi diqqətdən yayınmayıb.(Ovqat.az).
İddialara görə, xüsusi tapşırıqlar üzrə səfir Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyərək bildirib: “Biz Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçuş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.
Məlumdur ki, Azərbaycan Suriya münaqişəsində heç vaxt tərəf olmayıb. Üstəlik, Suriyada Rusiyanın tez-tez mövqelərinin toqquşduğu ölkə Türkiyə olduğundan Moskvaya bu cür açıq dəstək bəyanatı anlaşılmazdır.
Dəyirmi masanın AMEA-nın kitabxanasında keçirilməsi Rusiya ilə yaxınlığı ilə tanınan AMEA prezidenti Ramiz Mehdiyevin də personasına diqqət yönəldib. O da vurğulanır ki, bu cür ehtiyatsız mövqeyinə görə P.Mirzəzadə XİN-ə izahat da verməlidir.
Azərbaycanın Suriya siyasəti həqiqətən P.Mirzəzadənin dediyi kimidirmi? “5-ci kolon” yenə aktivləşir? Azərbaycan-Türkiyə münasibətləri kimlərin “yuxusunu qaçırır”?
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələyə münasibət almaq mümkün olmayıb.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan istəyir qonşu dövlətlərlə normal münasibətləri olsun, o cümlədən Rusiya ilə. Biz Rusiya ilə normal münasibətlərin inkişafında maraqlıyıq: “Rusiya ilə bir çox istiqamətlər üzrə əməkdaşlğımız var, amma bizim Rusiyanın siyasəti ilə bağlı ciddi suallarımız da var. Elə götürək Rusiyanın Qarabağdakı hərbçilərinin fəaliyyətini. Hər dəfə onların fəaliyyəti ilə bağlı hətta ən yüksək səviyyədə narazılıq səsləndirilib. Bəs o zaman niyə AMEA-da keçirilən həmin konfransda bu suallar səsləndirilməyib?! Niyə deyilməsin ki, niyə Rusiya hərbçiləri Azərbaycanın icazəsini almadan Azərbaycan ərazində heykəllər qoyur, kilsə tikir? Bunları niyə bizim razılığımızı almadan edirlər?! Fransa prezidentliyinə namizəd Azərbaycan qanunlarını pozaraq Laçın dəhlizindən Rusiya hərbçilərinin gözü qarşısında keçib separatçılarla görüşüb. Buna niyə yol veriblər? Bax bu cür sualları qaldırmaq lazım idi. AMEA-dakı həmin toplantıda isə bunlar barədə danışmaq əvəzinə, Rusiyaya yaltaqlanıblar. Rusiyanın Suriyada düzgün hərəkət etdiyini söyləmək həm yaltaqlanmaqdır, həm də müttəfiqimiz olan Türkiyənin siyasətinə qarşı hərəkətdir.
İkincisi, Azərbaycan axı Bəşər Əsəd rejimini dəstəkləmir. Biz uzağı Suriyanın ərazi bütövlüyünü dəstəkləyə bilərik. Yüz minlərlə insanın qətlinə yol açan rejimi necə dəstəkləyə bilərik?! Kim ixtiyar verib ki, hansısa diplomat Azərbaycan adından faktiki olaraq Türkiyənin də zərərinə olan açıqlama versin?! Əlbəttə demirəm ki, biz Rusiyanın Suriya siyasətinə qarşı rəsmi şəkildə açıqlamalar verək. Amma tərifləmək də axı düz deyil. ”5-ci kolon" sanki hər an Rusiyanın şəninə təriflər söyləməyə fürsət gözləyir. Rusiya hər şeyi düz edirsə, nəyə görə biz Qarabağdakı Rusiya hərbçilərinin fəaliyyətindən narazıyıq?! Bu məsələlərə XİN yaxşı olar ki, aydınlıq gətirsin".
Politoloq Oktay Qasımov isə bildirib ki, Suriya məsələsi ilə bağlı həmin fikrin XİN-in səlahiyyətli səfir ünvanını daşıyan Pərvin Mirzəzadə tərəfindən səsləndirilməsi daha çox diqqəti cəlb edib : "Məncə, buna münasibət belə ola bilər ki, Pərvin Mirzəzadə XİN-in əməkdaşı və səlahiyyətli səfiri olsa da, dövlətin adından danışmaq səlahiyyətində olan şəxs deyil. Çünki Azərbaycan dövlətinin xarici siyasəti ilə bağlı rəsmi mövqe xarici işlər nazirinin, yaxud nazirliyin sözçüsünün, o cümlədən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisinin dilindən səsləndirilə bilər.
Məhz bu ünvanlardan səslənən mövqe dövlətin rəsmi mövqeyi kimi dəyərləndirilir. Əlbəttə, səsləndirilən o fikir Azərbaycan dövlətinin rəsmi siyasəti deyil. Azərbaycanın Suriya məsələsinə baxışı bəllidir. Bu, ilk növbədə Suriyanın ərazi bütövlüyünün təmin edilməsi, digər tərəfdən, terror təşkilatlarının yuvalanmasına qarşı olan mövqedir. Əlbəttə, Suriyada Rusiya ilə əsas mövqeyi toqquşan dövlət Türkiyədir. Eyni zamanda orada Türkiyənin maraqlarının toqquşduğu digər dövlət ABŞ və bir çox Avropa ölkələridir. Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir və qardaş dövlətdir. Ona görə də Azərbaycan Türkiyənin maraqlarına qarşı heç zaman çıxmayıb və çıxmaz. Sadəcə olaraq, Pərvin Mirzəzadənin səsləndirdiyi o fikirlə Türkiyəyə qarşı olmağı qəsd etdiyini düşünmürəm. Bu, ola bilsin ki, doğru seçilməmiş ehtiyatsız fikirdir”.
O.Qasımov deyib ki, Azərbaycanda Rusiyanın tərəfində olan və onun maraqlarına xidmət eləyən bəzi qruplardan başqa, o cümlədən müxtəlif ölkələrin və ya beynəlxalq təşkilatların da maraqlarının ifadəçisi olan qruplar var. Bu qrupların fəaliyyəti hər zaman həm ictimaiyyət, həm dövlət tərəfindən nəzarətdə saxlanmalıdır: “Bu qrupların bir çoxu Azərbaycanla Türkiyə arasında münasibətlərdən narahatdırlar. Münasibətlərə zərər vuran davranışlara yol verirlər. Ona görə də belə qruplara ciddi nəzarət edilməlidir”.