RÖVŞƏN ƏKBƏROVUN İSTİNTAQA İLK İFADƏSİ -"Nazim İbrahimova dedim ki, bilmədiyin məsələlər barədə niyə şayiələr yayırsan?"
General Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İllər öncə Ukraynada adam öldürməkdə ittiham olunan general susur, ifadə verməkdən imtina edir. Sonuncu dəfə Bakıda həbs ediləndə də təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina edib. Amma onun hadisə baş verəndən bir müddət sonra- 2001-ci ildə şahid qismində verdiyi ifadə mövcuddur.
Yenixeber.org: General həbs ediləndə həmin ifadəsini təsdiqləyib.
Rövşən Əkbərov həmin ifadəsində nələr deyib?
General Rövşən Əkbərovun 20 il əvvəl verdiyi həmin ifadəni əldə etmişik. İfadədə qətl hadisəsi ilə bağlı yaranan söz-söhbətin bilinməyən təfərrüatı üzə çıxıb. Rövşən Əkbərov qətlə yetirilən Elçin Əliyevi necə tanıması, hadisədən sonra Nazim İbrahimovun Ukraynaya gəlməsi, aralarında baş verən mübahisə və digər məsələlər haqda danışıb. Əvvəlcə qısa olaraq Rövşən Əkbərovun ittiham olunduğu qətl hadisəsi haqda xatırlatma edək.
Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, R.Əkbərov ittihamları qəbul etmir. Qayıdaq Rövşən Əkbərovun ifadəsinə...
R.Əkbərov həmin ifadəsində əvvəlcə özü haqda məlumat verib. Hərbidəki xidmətindən başlayaraq, Milli Qəhrəman adı alması, Ukraynaya nə məqsədlə getməsindən danışıb. General deyib ki, 1999-2002-ci illərdə Ukraynanın Milli Müdafiə Akademiyasında “operativ strateji” ixtisası üzrə təhsil alıb. 2001-ci ilin mart ayından iyul ayının 4-nə kimi Kiyev şəhərində olub. Rövşən Əkbərov bu işdə adı keçən və Elçin Əliyevin qətlinə görə bir ilə yaxın həbsdə saxlanılan Qüdrət Əhmədovla tanışlığı barədə də danışıb. Bu hissədə onu qeyd etmək lazımdır ki, Qüdrət Əhmədov mərhum Elçin Əliyevin atasına da oğlunun Rövşən Əkbərov tərəfindən qətlə yetirildiyini deyib. Rövşən Əkbərov ifadəsində bildirib ki, Qüdrət Əhmədovu Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi kimi tanıyıb. Belə ki, 2000-ci ildə növbəti dəfə Kiyev şəhərinə gələn zaman Qüdrət Əhmədov onu səfirliyin xidməti avtomobili ilə qarşılayıb. Qətlə yetirilən Elçin Əliyevlə isə təxminən 2001-ci ildə səfirlikdə tanış olduğunu deyən general bildirib ki, mərhumla hansı şəraitdə tanış olmasını xatırlamır. "Birdəfəlik təsadüfi tanışlıq idi. Aramızda hər hansı bir münasibət olmayıb",- deyə general əlavə edib.
Rövşən Əkbərov ifadəsində bu cinayət işi ilə bağlı söz-söhbətdə adı çəkilən İsaxan Əliyev və Məzahir Şxaliyevi tanımadığını bildirib. "Qüdrət Əhmədov Azərbaycan səfirliyinin nümayəndəsi olmaqla Kiyev şəhərində yaşayırdı. Elçin Əliyevlə Qüdrət Əhmədovun tanış olmalarından xəbərsizəm. Elçin Əliyevin öldürülməsi barədə də heç bir məlumatım yoxdur",- general belə deyib.
General qətl hadisəsi baş verən gün harada olması, nə etməsi ilə bağlı suallara belə cavab verib: "2001-ci ilin may ayının sonlarında Ukraynada Azərbaycan günləri adlı tədbir keçirilirdi. Həmin konsertdə təsadüfən dostu Oqtay Rəhimzadə ilə də ortaq bir dost kimi Elxan Cəbiyevi görüb. Həmin vaxt onunla görüşüb, hal-əhval aldıqda sonuncu Fövqəladə Hallar Nazirliyinin xətti ilə tədbirə gəldiyini və bir-iki gün sonra Bakıya qayıdacağını bildirdi. Mən də Elxan Cəbiyevə bir-iki sənədi Müdafiə Nazirliyinə çatdırması üçün ona verəcəyimi dedim. Buna görə də onu Ukraynadakı Səfirliyə dəvət edəcəyimi söylədim.
31 may 2001-ci il tarixində səfirliyin həyətində dostlarımın iştirakları ilə yığıncaq təşkil etdik. Yığıncaqda ailə üzvlərim, səfirliyin bir neçə əməkdaşı, dostlarım və onların ailə üzvləri iştirak ediblər. Həmin tədbirə Elxan Cəbiyevi də dəvət etmişdim. Tədbir saat 20 radələrində başladı və saat 24 radələrində bitdi. Saat 22-22:30 radələrində qapıdan iki nəfər şəxsin gəlməsi barədə məlumat verildi. Masa arxasında əyləşən tanışım Rövşən Qaradağlı giriş qapısı istiqamətinə getdi. Rövşən Qaradağlı həmin vaxt tanımadığı, biri hündür boylu, digəri isə orta boylu şəxslərlə görüşdü və qısa bir müddət ərzində onlarla söhbət edib həmin şəxsləri çıxışa tərəf aparıb, yola saldı. Səhəri günü artıq Elçin Əliyevin öldürülməsi barədə xəbərlər yayıldıqdan sonra bildim ki, səfirliyə gələn şəxslər Elçin Əliyev və Məzahir Şıxaliyev imiş. Həmin gecə o şəxslər səfirlikdən gedəndən sonra Elxan Cəbiyev də getmək istədiyini bildirdi və masa arxasından qalxdı. Mən Elxan Cəbiyevi maşınla səfirliyin yaxınlığındakı taksi dayanacağında düşürərək geri qayıtdım".
Rövşən Əkbərov qeyd edib ki, səfirliyə qayıtdıqdan sonra dostları və ailəsi ilə birlikdə bir az da söhbət edib. Daha sonra həyat yoldaşını və övladlarını götürərək evə qayıdıb və səhərə qədər də evdə olub.
Elçin Əliyevin ölüm xəbərini necə alması haqda isə general bunları deyib: "Səfirlikdən qayıtdığım gecə idi. Səhər saatlarında hazırda dəqiq xatırlamadığım şəxs ev telefonuna zəng edib, təcili səfirliyə gəlməyimi istədi. Səfirliyin binasına çatdıqda orada Yalçın, Qüdrət, Rövşən Qaradağlı, Zeynal Ağazadə və səfirliyin digər bir neçə əməkdaşı var idi. Onda Elçin Əliyev adlı şəxsin öldürülməsi xəbərini eşitdim. Dedilər ki, əvvəl səfir vəzifəsində işləmiş Nazim İbrahimov hadisə ilə bağlı Kiyevə gəlir. Qüdrət Əhmədova Nazim İbrahimovu qarşılamaq tapşırılmışdı. Bundan sonra yenidən evə qayıdıb, əynimi dəyişib Akademiyaya getdim. Sonra səfirliyə qayıtdım. Orada Qüdrət Əhmədov mənə Nazim İbrahimovun Kiyev şəhərinə gəldiyini, hava limanında qarşıladığını dedi".
Bu ifadənin ən maraqlı hissəsi isə Nazim İbrahimovun Ukraynaya gəlişi və sonra baş verənlərlə bağlıdır. Rövşən Əkbərov ifadəsinə əlavə edib ki, Qüdrət Əhmədov ona deyib ki, Nazim İbrahimov Kiyevdən Bakıya zəng edərək Elçini onun öldürdüyünü deyib: "Qüdrət dedi ki, Nazim İbrahimov Bakı ilə danışıb və Elçin Əliyevin Rövşən adlı general tərəfindən öldürüldüyünü deyib. Qüdrət Əhmədovun bu sözlərinə əsəbləşdim. Nazim İbrahimovla görüşmək üçün “Dnepr” otelinə getdim. Orada Nazim İbrahimovdan başqa 20-25 nəfər azərbaycanlı da var idi".
Generalın ifadəsindən aydın olur ki, həmin zaman Nazim İbrahimovla arasında mübahisə də olub: "Həmin şəxslərə yaxınlaşıb yüksək səslə Nazim İbrahimova dedim ki, bilmədiyin məsələlər barədə niyə şayiələr yayırsan? Nazim belə bir söz demədiyini söylədi. Nazim İbrahimov Elçin Əliyevin ölümündə mənim günahımın olmasını anama da demişdi. Buna görə iradımı bildirdim. Nazim isə söylədi ki, bütün bu söhbətləri Qüdrətdən eşidib. Qüdrət isə Nazimin bu sözlərini eşitdikdə, onun ünvanına nalayıq ifadələr işlətdi. O da belə bir söz demədiyini bildirdi. Bu söz-söhbətdən sonra Nazim İbrahimov səfirliyə gəlib, orada olan evdə qalmaq istəyəndə Qüdrət onu səfirliyin qonaq evinə buraxmamışdı".
General ifadəsinin sonlarında qeyd edib ki, eşitdiyinə görə Elçin Əliyevin qəsdən öldürülməsi ilə bağlı hadisənin yeganə şahidi hadisə yerində saxlanılan Məzahir Şıxaliyevdir. Rövşən Əkbərov bildirib ki, Məzahir Şıxaliyev daha sonra Nazim İbrahimovun köməkliyi ilə polisdən buraxılıb və dərhal da Türkiyə Respublikasına yola salınıb: "Sonradan isə eşitdim ki, Elçin Əliyevin ölümünə görə Qüdrət Əhmədov həbs edilib, bir müddətdən sonra da həbsdən azad edilib". General əlavə edib ki, sonra həmin qətllə bağlı onun barəsində cinayət işi başlayıb və Bakı şəhərinə göndərilib. Daha sonra isə barəsində olan hissədə cinayət işinə xitam verilib.(Musavat)