Böyük Britaniyada ikinci Zamirə qalmaqalı -növbədə hansı məmur-oliqarxdır?
Hüquqşünas: “Azərbaycanda yüksək vəzifələrdə olanların Londonda yaşayan yaxınları, övladları da istintaqa cəlb oluna bilər”
Yenixeber.org: Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə İdarəsi (NCA) “Evening standard” qəzetinin Londonda yaşayan azərbaycanlı cütlüyün adlarının açıqlanması uğrundakı mübarizəsinə qoşulub. Cütlüyün Azərbaycandan ölkəyə daxil olan 20 milyon dollar çirkli pulun yuyulmasında iştirak etdiyi iddia olunur.
NCA cütlüyün adlarının açıqlanması üçün məhkəmə prosesinə tanınmış vəkil Conatan Hollu cəlb edib. Vestminister mülki məhkəməsi ilin sonunadək müsadirə prosesini başlatmağı planlaşdırır. Bu proses çərçivəsində NCA cütlüyün 10 bank hesabında saxlanılan 6,5 milyon funt-sterlinq vəsaitini müsadirə etməyi planlaşdırır. “Evening standard” Londonda bir neçə milyon funt sterlinq qiymətində əmlaklara sahib olan cütlüyün adlarının açıqlanması üçün 2 ilə yaxındır ki, mübarizə aparır.
Cütlüyün əmlakları və bank hesablarındakı pulları hüquq-mühafizə orqanlarının göstərişi ilə dondurulub. Bildirilir ki, bu günə qədər NCA qəzetlə məhkəmə arasında gedən prosesdə neytral mövqe nümayiş etdirib. Lakin məhkəmə prosesində hakim qəzetin ictimai maraq doğuran məsələni araşdırdığını etiraf edib və ölkəyə çirkli pulların axmasından narahat olduğunu bildirib. Məhkəmənin cütlüyün adlarını açıqlanmasına qoyduğu qadağanı qaldırmamasından sonra NCA prosesdə neytrallığını dayandıraraq qəzetin tərəfinə keçib. Bundan sonra NCA məhkəmə prosesinə “çirkli pullar” sahəsində təcrübəli vəkil cənab Hollu cəlb edib. Vəkil Holl məxfiliyin ləğvini tələb edib, belə ki, qarşı tərəf anonimlik zərurətini əsaslandıra bilməyib. Conatan Holl qeyd edib ki, Y. adlı xanım Britaniyada məhdud məsuliyyətli şirkətin direktoru vəzifəsində çalışıb və onun adı ictimaiyyətə açıq mənbələrdə qeyd olunub. Vəkilin sözlərinə görə, cütlük Azərbaycandan gələn maliyyə vəsaitləri üçün sözügedən MMC-lərdən istifadə edib. Bununla sözügedən əməliyyatlara dair kommersiya sənədlərində onların adları və imzaları da yer alıb.
“Bu vəziyyətdə cütlüyün biznes və maliyyə fəaliyyətlərinə dair hər hansı bir xüsusi məxfilik tələb oluna bilməz”, - deyə Holl qeyd edib.
Bundan əlavə vəkil Holl cütlüyün müsadirə məhkəməsinin qapalı aparılması barədə vəsatətini də rədd edib və bunu “açıq ədalət prinsipinin pozuntusu” kimi qiymətləndirib.
Bu olay ikinci Zamirə Hacıyeva qalmaqalı hesab oluna bilər. Britaniya 2018-ci ildən “İzaholunmaz Sərvət Sərəncamı”nın tətbiqinə başlayıb. Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə İdarəsi bu sərəncamdan istifadə edərək korrupsiyada şübhəli bilinən xaricilərin, onların ailə və qohumlarının mülkiyyəti barədə araşdırmaya başlaya bilər. Bu order ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya tətbiq edilib. Bundan sonrakı dövrdə sərəncam London məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ailəsinə də bu orderi tətbiq edib. Məhkəmə Nazarbayevlərin bir malikanəsi və 2 başqa mülkünü müsadirə edib. London Ali Məhkəməsində baş tutmuş dinləmədə bu mülklərin sahibi olan şirkətlərin vəkilləri Britaniya Milli Cinayətkarlıqla Mübarizə İdarəsinin bu daşınmaz əmlakla bağlı təhqiqatının dayandırılmasını tələb etməli idilər. Söhbət zirzəmisində üzgüçülük hovuzu və kinoteatrı olan böyük malikanədən gedir. Malikanə Londonda “milyarderlər cərgəsi” kimi tanınan dəbdəbəli məhəllədə yerləşirdi. Sərt təhlükəsizlik sistemi olan mülk ofşor ərazidə yerləşən şirkətlərin mülkiyyətində idi. Lakin sənədlərdən məlum olur ki, bu evdə Nazarbayevin nəvəsi Nurali Aliyev və onun həyat yoldaşı Aida Aliyeva yaşayıb. Nazarbayevlərin qeyd olunan daşınmaz əmlaklarının ümumi dəyəri 104 milyon dollar olan 3 mülkdən biridir. Ötən il Britaniya məhkəməsi Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğlunu da mənşəyi bəlli olmayan 650 min funt sterlinqi dövlətə verməyə təhkim edib. Ona da “İzaholunmaz Sərvət Sərəncamı” tətbiq olunmuşdu.
“Bakı” Hüquq Mərkəzinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, 3 il əvvəl “İzaholunmaz Sərvət Sərəncamı”nın tətbiqinə razılıq verilməsi ingilis hiyləgərliyinin bariz nümunəsidir: “On illərlə dünyanın ən varlı adamlarının İngiltərəyə yerləşməsinə, özlərinə dəbdəbəli şərait qurmalarına imkan verdilər, hər cür şərait yaratdılar ki, rahat şəkildə məskunlaşsınlar, sağa-sola pul xərcləyə bilsinlər. Özləri də kənardan bu adamları müşahidə etdilər və kimin harada nəyi var sakitcə hesabatını apardılar. Dünya iqtisadiyyatı qlobal böhrana girəndə isə pulların geriyə və yaxud da digər ölkələrə axıdılması ehtimalı böyüdü. Buna seyrçi mövqedə dayanıb baxmaq olmazdı, ingilislər də baxmadılar. Qanun qəbul edib, ölkəyə gətirilən olduqca böyük pulların tam olmasa da, yarıdan çoxuna əl qoya bildilər. İngiltərəyə isə milyardlar axıb. Hazırda proses davam edir. Azərbaycandan İngiltərəyə qaçırılan pullar haqda ara-sıra mətbuatda yazılar dərc olunur. Bu da səbəbsiz deyil. Azərbaycandan Londona çox böyük pullar axıdılıb. Hələ çox adlar çıxacaq... Daha İngiltərə paytaxtı dünya siyasilərinin “ikinci evi” statusunu saxlamaq istəmir. 3 ildir ki, vəziyyət dəyişib. İngiltərə hakimiyyəti bir qanun qəbul etməklə dünyanın dörd bir tərəfindən illərlə bu ölkəyə pul daşıyan Cənubi Afrika ölkələrindən tutmuş korrupsiya reytinqlərində yer alan əksər dövlətlərin rəsmilərinin mal varlığına əl qoyur. Başa düşürlər ki, korrupsiya pullarının İngiltərədə “yuyulub” başqa ünvanlara axıdılma ehtimalı böyükdür. Qarşısını bir qanun qəbul etməklə bu şəkildə alırlar”.
Hüquqşünas deyir ki, İngiltərə mətbuatında Londonda yaşayan və yaxud burada biznesi olan azərbaycanlı məmurların ailə üzvlərinin adlarına tez-tez rast gəlinir: “3 ildir ki, Zamirə Hacıyeva ingilis mətbuatının ulduzudur. Ötən il nüfuzlu “Transparency International UK” bir hesabat yaymışdı. Həmin hesabata görə Londonda elit evlərin 87 faizini əcnəbilər alıblar və əldə edilmiş mənzillərin 42 faizi korrupsiyanın yüksək səviyyədə olduğu ölkələrdən olan alıcılara məxsusdur. Bu gün Londonda 4,2 milyard funt sterlinqlik mülklərin əldə edildiyi vəsaitlərin mənşəyi müzakirə mövzusudur. Bu baxımdan “İzahedilməz Sərvət Sərəncamı”nın ilk olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşına tətbiq olunması da təsadüfi deyil. Ölkədən pul qaçıran məmur-oliqarxlar Londonda özlərini ərəb şeyxlərindən də varlı göstərməyə çalışırlar. Bu da diqqətsiz qala bilməzdi. Təsadüfi deyil ki, İngiltərə mətbuatı Zamirə Hacıyevanı “pul səpmək hobbisini cilovlaya bilməyən xanım” kimi xarakterizə edirdi. Yəni Zamirə Hacıyevanın dəbdəbəli həyat tərzi onun “İzahedilməz Sərvət Sərəncamı” çərçivəsində araşdırmalara cəlb olunmasına yol açıb. İngiltərədə 50 min funt sterlinqlik evi olan şəxsin qeyd olunan məlum sərəncam çərçivəsində araşdırmalara cəlb edilməsi ehtimalı var. Hacıyevlərin isə Londondakı mal-mülklərinin toplam dəyəri 100 milyonlarla ölçülür. 50 min funtluq əmlakın sahibi “siyasi əhəmiyyətli şəxs”dirsə, onun araşdırmalara cəlb edilmə ehtimalı da yüksəkdir. Müxtəlif ölkələrdən olan deputatlar, keçmiş və indiki məmurlar, dövlət müəssisələrinin rəhbərləri, həmçinin onların köməkçiləri və ailə üzvləri bir anın içində İngiltərə qanunlarının qarşısında cavab verməli şəxsə çevrilə bilərlər. Yetər ki, Londonda və ya İngiltərənin digər yerlərində 50 min funt sterlinqlik əmlakı olsun. Zamirə Hacıyeva olayı ortaya çıxanda, təxminlər vardı ki, London küçələrində təkcə pul səpələyən Hacıyevlər olmayıb.
2019-cu ilin noyabrında “Cayman National” bankın məlumat bazasının sındırılması nəticəsində Eldar Mahmudovun ailəsinin Men adasında təxminən 100 milyon avro dəyərində biznes-əmlak imperiyası yaratdığı ortaya çıxdı. Bu, Eldar Mahmudovun oğlu 36 yaşlı Anar, həmçinin 31 yaşlı qızı Nərgizlə əlaqəli şirkətlər hesabına əldə edilib. Sənədlərdən aydın oldu ki, 2016-cı ilin iyun ayında bankdakı tənzimləmə qaydalarına cavab verən menecer, “Britannia Group Ltd “ ilə “əlaqəli təşkilatlar” şəbəkəsi haqqında daxili istifadə üçün qeydlər edib. Onların hamısı Eldar Mahmudovun şirkətləri idi. Hələ 2017-ci ildə İngiltərə mətbuatının diqqət mərkəzinə o dövrdə kənd təsərrüfatı naziri olan Heydər Əsədovun oğlu Asif Əsədzadə gəlmişdi. Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə İngiltərə paytaxtında hərəkət edən maşının videogörüntüləri də vardı. Həmin o Asif Əsədzadə də, Eldar Mahmudovun uşaqları da, sabiq spiker Rəsul Quliyev də, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da, bu gün Azərbaycanda yüksək vəzifələrdə olanların Londonda yaşayan yaxınları, övladları da “İzahedilməz Sərvət Sərəncamı”nın təsirinə düşə bilərlər. Bundan kimsə sığortalanmayıb”.(musavat)