Azərbaycanlılarla -ermənilər Qarabağda birgə yaşaya bilərmi?
İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxartdı. İndi başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması Qarabağa qayıdıb birgə yaşaya biləcəkmi?
Yenixeber.org: Bunun üçün, ilk növbədə, ermənilərin yerli mülki azərbaycanlılara Birinci və İkinci Qarabağ müharibələri zamanı davranışına diqqət edək. Həmin şəraitdə ermənilər qonşuları olmuş yerli azərbaycanlılarla birgə yaşamaq üçün körpü saxlayıbmı?
Birinci Qarabağa müharibəsi zamanı erməni quldurları Xocalı soyqırmını törətdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən bu faciəli hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
1992-ci ilin aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində törədilmiş soyqırım hadisəsini yada salaq. Erməni separatçılarının törətdiyi qırğında 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr məruz qalmışdı. 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdi. Bundan başqa 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdı.
Zəngilanın işğalı zamanı ermənilər yolu bağlayaraq mülki azərbaycanlı sakinlərin rayon ərazisinin tərk etməsinə imkan verməmişdi. Dinc sakinlər erməni silahlılarının vəhşiliklərindən xilas olmaq üçün özlərini Araz çayına atıb İrana keçmişdilər. Çoxlu sayda Zəngilan sakini çayı üzüb keçə bilmədiyi üçün orada boğulub ölmüşdü.
1992-ci ili avqustun 28-də erməni silahlıları Goranboyun Ballıqaya kəndinə hücum edərək bura sığınan Laçın rayonundan olan qaçqınları qətliama məruz qoyublar. Nəticədə 24 dinc laçınlı sakin şəhid olub.
Sözsüz, Birinici Qarabağ müharibəsi zamanı ermənilər əllərinə düşən hər fürsətdən dinc azərbaycanlı sakinlərə qarşı istifadə edib, onlara işgəncə verib, qətlə yetiriblər.
İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərləri raket atəşinə tutub. Gecə saatlarında Gəncənin bombalanmasını, Bərdənin raket atəşinə tutulması, Tərtərdə ölüsünü dəfn edən dinc sakinlərin bombardıman olunması, Goranboyun, Ağcabədinin, Siyəzənin, Xızının raket atəşinə tutulmasını misal götürmək olar. Ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində 93 dinc azərbaycanlı ölüb, 407 nəfər yaralanıb.
Ancaq I və II Qarabağ müharibələrində Azərbaycan hərbçiləri dinc erməni sakinlərə qəsdən xəsarət yetirməyib, mülki obyetkləri və yaşayış yerlərini hədəfə almadığını dəfələrlə bəyan edib. Baxmayaraq ki, ermənilər hərbi texnikanı dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirməklə onları hədəfə çevirmişdilər.
Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi açıq saxladı. Ümumiyyətlə, Azərbaycan Ordusunun bölgədən qaçanlara hər an zərbə endirmək, onları PUA-larla vurmaq imkanı olsa da, bunu etməyib. Azərbaycanın bu cür humanist davranışı ermənilərin bölgəni rahat şəkildə tərk etməsinə yardım edib.
Deməli, azərbaycanlılar ermənilərlə dinc yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Bu baxımdan Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaradıb.
Prezident İlham Əliyev çıxışılarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.
Azərbaycan tərəfi öz erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verdiyi halda Ermənistan rəsmiləri bununla bağlı qarşıdurma yaradırlar.
Noyabrın 5-də Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan ölkəsinin parlamentindəki çıxışında bildirmişdi ki, Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur. Ondan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan da oxşar bəyanatla çıxış etmişdi.
Beləliklə, Azərbaycan vətəndaşı olan dinc ermənilərin geri qaytıması üçün şərait yaradır. Ancaq əsas məsələlərdə biri də dinc, silahlı və qonşusu olan ermənidən ziyan görən azərbaycanlı birgə yaşayışı qəbul edəcəkmi? Axı həmin ermənilər qonşusu olan azərbaycanlının evini dağıdıb, yurdunu talayıb.
Çox çətin məsələdir. Ancaq mümkünsüz deyil. Fransız, alman və ingilis də bir-birinə qonşudurlar. Tarixən onlar arasında çoxillik müharibələr olub. Ancaq sonda onlar bir yerdə Avropa İttifaqı kimi möhtəşəm beynəlxalq birliyi yaradıblar, dinc şəkildə yaşayırlar. Hazırda onları daha çox iqtisadi maraqlar birləşdirir. Keçmiş düşmənlikləri isə yalnız tarixdə qalıb və unudulmur. Ona görə ehtimal etmək olar ki, ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsə, gərək başqa xalqlara düşmən mövqeyindən çəkinsinlər. Törətdiyi soyqırımı cinayətlərindən də göründüyü kimi, ermənilərin qonşuları ilə birgə, dinc yaşamaqdan savayı çıxış yolu yoxdur. Əks halda bir zaman onları qorumaq üçün başqa bir dövlətin ordusu Azərbaycana, yaxud Cənub Qafqaza gəlməyə bilər. (report)