"İqtidara və sabitliyə ən böyük təhlükə öz içərisindəki həmin adamlardır" -Deputatdan şok açıqlama
“Bu insanlar hakimiyyəti ələ keçirmək, yaxud aranı qatmaq üçün istənilən an dövlətin maraqlarına ciddi zərbə vurmaq niyyətinə düşə bilərlər”
“Azərbaycan üçün bu gün ən böyük təhlükə Rusiyadandır. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycanda Rusiyanın diqtəsi ilə hərəkət edən kim varsa, zərərsizləşdirilməlidir”
Yenixeber.org: NATO Parlament Assambleyasının mayın 26-dan 29-dək Gürcüstanda keçirilən yaz sessiyasının işinə qatılan millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Azərbaycana döndükdən sonra həm bu toplantıda müzakirə olunan məsələlər, həm də son vaxtlar Rusiya-Azərbaycan münasibətlərində ortaya çıxan anlaşılmaz məqamlarla bağlı partiyasının Mətbuat Xidmətinə maraqlı müsahibə verib.
Qüdrət Həsənquliyevin hakimiyyət daxilindəki Rusiyapərəst qüvvələrlə bağlı kifayət qədər ciddi ittihamlar səsələndirdiy həmin müsahibəsini oxucularımıza da təqdim edirik:
– Qüdrət bəy, bildiyimiz qədər, Tbilisidə səfərdə olmusunuz və NATO Parlament Assambleyasının toplantılarında iştirak etmisiniz. Tbilisi haqqında təəssüratlarınız necədir?
– Tbilisiyə səfərimiz qatarla oldu. Qatar Tbilsinin dəmiryol vağzalına çatdığı andan etibarən, şəhər mənə Bakının 90-cı illərdəki görüntüsünü xatırlatdı. Yollar acınacaqlı vəziyyətdə, Sovet dönəmində inşa edilmiş köhnə binalar, barmaqla sayılacaq qədər yeni tikililər… Elə bil, zaman burada 90-cı illərdə donub qalıb. Tbilisi Sovet dövründəki Tbilisidir, hələ bir az da uçulub-dağılıb. Ümumiyyətlə, bugünkü Tbilisini görəndə Azərbaycanın son illər ərzində nə qədər inkişaf etdiyini daha dəqiq təsəvvür edə bilirsən.
Yeri gəlmişkən qeyd edim ki, Gürcüstana ən çox investisiya yatıran Azərbaycandı. İkinci sırada Türkiyə dayanır, amma Azərbaycan Gürcüstana Türkiyədən 3 dəfə çox investisiya yatırıb. Yalnız 2016-cı ildə Azərbaycan şirkətləri Gürcüstana 600 milyon dollar investisiya yatırıblar.
– NATO PA-nın toplantılarında hansı məsələlər müzakirə olundu?
– 2014-cü ildə Rusiya Krımı işğal edəndən sonra, NATO Parlament Assambleyasının bütün komitələrinin toplantısında müzakirə olunan məsələlər Moskvanın aqressiv siyasəti, Rusiyanın NATO və dünya üçün yaratdığı təhlükə, Rusiyanın cilovlanması üçün NATO-nun hərbi xərclərinin artırılması ilə bağlı olur. Müzakirə olunan məsələlər sırasında İraq, Suriya və Əfqanıstandakı vəziyyət də, bir qayda olaraq, yer alır.
Rusiya ilə bağlı məsələlər müzakirə olunarkən, bu ölkənin Ermənistanda öz raketlərini yerləşdirməsi xüsusi qeyd olundu, hətta xəritələrdə, slaydlar vasitəsi ilə göstərildi. Ermənistan Rusiyanın əsas silahlarının yerləşdirildiyi, NATO üçün əhəmiyyət kəsb edən hərbiləşdirilmiş bir ərazi kimi qiymətləndirildi. Toplantılarda Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvləri, xüsusilə də Siyavuş Novruzov tərəfindən Rusiyanın “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi xüsusi qeyd olundu.
Bundan başqa NATO üzvü olan ölkələrin hərbi xərclərinin artırılması ilə bağlı müzakirələr də aparıldı. Bildiyiniz kimi, NATO ölkələri qarşısında belə bir vəzifə qoyulub ki, onlar yaxın illərdə ümumdaxili məhsulun 2 faizinə qədərini hərbi xərclərə ayırmalıdırlar. Bu isə o deməkdir ki, NATO ölkələri Alyansa indikindən 370 milyard dollar artıq vəsait verəcəklər. Xatırladım ki, bu əlavə vəsaitlərin Rusiyanın təcavüzündən qorunmaq üçün nəzərdə tutulduğu qeyd olunurdu.
Rusiyanın NATO üzvü olan ölkələrə qarşı kiber hücumlarının artması da müzakirə olunan məsələlər sırasında idi. O zaman mən də bu mövzu ilə bağlı çıxış etdim və bildirdim ki, NATO və Rusiya yenidən silahlanma dövrünə qədəm qoyur və NATO nə qədər silahlansa da, nə qədər böyük hərbi üstünlük əldə etsə də, unutmaq lazım deyil ki, Rusiya nüvə dövlətidir, böyük təbii sərvətlərə malik olan bir ölkədir, hərbi-sənaye kompleksi kifayət qədər inkişaf edib. Və məhz bu baxımdan nə qədər ki, Rusiya təcrid olunmuş vəziyyətdədir və demokratikləşməyib, o zamana qədər qonşuları üçün də, dünya üçün də təhlükə mənbəyi olaraq qalacaq. Buna görə də hərbi xərclərə 370 milyard əlavə etməkdənsə, Rusiyaya münasibətdə daha ağıllı bir yanaşma olmalıdır. Rusiyada demokratiyanın inkişafına ciddi dəstək verilməli, bu prosesə və Rusiyadakı milli respublikalara, milli inkişaf proqramlarına böyük vəsaitlər ayrılmalıdır. Belə olarsa, daha az xərclə Rusiyanı daha təhlükəsiz bir dövlət halına gətirmək olar.
Əlbəttə, müzakirələrin gedişatı zamanı mənimlə razılaşmayanlar da oldu. Və mən bir daha qeyd etdim ki, demokratiyalar bir-biri ilə vuruşmadığı üçün, yalnız Rusiya demokratikləşəcəyi təqdirdə qonşuları və Avropa rahat nəfəs ala, postsovet məkanındakı bütün münaqişələr qansız-qadasız öz həllini tapa bilər.
Siz bilirsiniz ki, NATO üzvü olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, Parlament Assambleyasının qəbul etdiyi sənədlərdə, bir qayda olaraq, Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlükləri ilə bağlı daha prinsipial mövqe sərgilənirdi. Yəni ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə yanaşı, münaqişənin yalnız sülh və dialoq yolu ilə həll olunması prinsipi daha qabarıq vurğulanırdı. Bu dəfə də qəbul olunan sənədlərdə Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsi öz əksini tapdı, hətta Moldova da – çox güman ki, bu ölkədəki hakimiyyət dəyişikliyinin nəticəsi olaraq – kənarda saxlanıldı. Sənəddə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı məsələ də yer aldı, bir daha dövlət və hökumət başçılarına tövsiyə olundu ki, Gürcüstanı NATO sıralarına qəbul etsinlər.
– NATO PA-da Rusiya ilə bağlı müzakirlərdən söz açdınız. Son zamanlar Rusiya ilə bağlı məsələlər Azərbaycanda da ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvindən sonra… Sizcə, konqresin qeydiyyatının əsil səbəbi nədir?
– Bilirsiniz ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradılmasında mərhum prezident Heydər Əliyev və Vladimir Putin iştirak ediblər. ÜAK isə öz növbəsində həmişə Rusiya hökumətinin apardığı siyasətə dəstək verib. Hesab edirəm ki, hansısa nizamnamə pozuntularına görə ÜAK-ın qeydiyyatının ləğvini düşünmək sadəlöhvlük olardı.
Azərbaycanda seçkilər yaxınlaşır. Xatırlayırsınızsa, 2013-cü ildə keçirilən seçkilərdən öncə Rüstəm İbrahimbəyov Azərbaycana göndərilmişdi… Gəldi, öncə Ziyalılar İttifaqı yaratdı, sonra “Milli Şura” adlanan bir qurum formalaşdırdı, bu insanlar “demokratiyanın dəstəkçisi, hüquqi dövlət quruculuğunda Rusiyada xüsusi rol oynamış” bir şəxs kimi Vladimir Putinə müraciət ünvanladılar… Bütün bunlar bizim gözümüzün qarşısında baş verib.
O zaman Azərbaycan hökumətinin qətiyyətli mövqeyi, ölkədəki siyasi təşkilatların böyük əksəriyyətinin nə baş verdiyinin fərqində olması, bu məsələdə hökuməti dəstəkləmələri, sözsüz ki, Rusiyanı geri addım atmağa məcbur etdi. Doğrudur, bundan sonra Azərbaycan Rusiya ilə bu ölkədən dəyəri milyardlarla dollarla ölçülən silah-sursat, hərbi texnika alınması ilə bağlı müqavilələr imzaladı, Rusiyanın hərbi-sənaye kompleksinin inkişafına öz töhfəsini verdi. Təbii ki, bu silahlar Azərbaycana lazım idi, amma fakt ondan ibarət idi ki, Azərbaycan Rusiya ilə böyük məbləğlərdə müqavilələr imzaladı…
Ola bilsin ki, Rusiya yeni seçkilər ərəfəsində Azərbaycanla hansısa yeni müqavilələrin imzalanmasını istəyir. Yaxud Azərbsycanın Rusiyanın liderlik etdiyi birliklərdə olmasını istəyir.Yəni hansısa umacaqları var…
Həmçinin, Azərbaycanı təzyiq altında saxlamaq, Azərbaycan hakimiyyətinə mesaj ünvanlamaq istəyirlər ki, biz ölkədə sabitliyi poza, hakimiyyət dəyişikliyinə cəhd edə bilərik, amma etmirik… Anlamırlar ki, Qarabağ məsələsində ədalətli mövqe tutmayacaqları və işğala son qoyulmayacağı təqdirdə Azərbaycan indikindən artıq Rusiyaya yaxınlaşa bilməz.
– Baş verənlərlə bağlı Azərbaycan hansı addımları atmalıdır?
– Eynilə 2013-cü ildəki kimi, ilk növbədə insanlara əhətəli məlumat verilməlidir, prinsipial bir mövqe qoyulmalıdır ortaya… Parlamentin iclasında da demişdim ki, Putinin ətrafında ona zəhər daşıyan həm Azərbaycandan olan, həm erməni, həm də yarıerməni, yarırus kərtənkələlər var. Onlar çalışacaqlar ki, seçki öncəsi ölkədəki vəziyyəti xeyli dərəcədə gərginləşdirsinlər.
Bilirsiniz ki, Rusiyanın və ermənilərin Qərbdə çox böyük imkanları var. Avropadakı təşkilatlar vasitəsilə onlar buradakı müəyyən pozucu qüvvələri maliyyələşdirə bilirlər. Üzdə bu təşkilatların Avropada fəaliyyət göstərdikləri bəlli olur. Amma ciddi araşdırma aparılarsa, aydın olar ki, bu təşkilatların böyük qisminin Rusiyadakı müəyyən dairələrlə bağlılıqları var. Azərbaycan üçün bu gün ən böyük təhlükə Rusiyadandır. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycanda Rusiyanın diqtəsi ilə hərəkət edən kim varsa, zərərsizləşdirilməlidir. Onların siyasi və maliyyə imkanları minimuma endirilməlidir ki, bu insanlar ölkədə pozuculuq fəaliyyətinə yol verə bilməsinlər. Bəzi şəxslər yaxşı başa düşürlər ki, seçki yolu ilə hakimiyyətə gəlmək imkanları yoxdur, amma əllərinə kifayət qədər sərvət toplayıblar, kifayət qədər yüksək vəzifələrə sahibləniblər, Rusiya ilə yanaşı bu və ya digər dövlətlərlə də ciddi əlaqələr yaradıblar… Bu insanlar hakimiyyəti ələ keçirmək, yaxud aranı qatmaq üçün istənilən an dövlətin maraqlarına ciddi zərbə vurmaq niyyətinə düşə bilərlər. Onlar əyalət təfəkkürlü, həyatları boyu 2 kitab oxumamış insanlardı. Belələri daha təhlükəli olurlar. Çünki regiondakı prosesləri, təhlükələri öz imkanlarını düzgün hesablaya bilmirlər və kənardan kimsə onların qulağına pıçıldayanda ki, “sənin filankəsdən nəyin əksikdi”, o zaman xəyanət yolunu tuturlar.
Qorxaq, amma həddindən artıq ambisiyalı, qorxaq olduqları üçün qəddar, əyalət təfəkkürlü bu adamlar Azərbaycanda aranı qatışdırıb hakimiyyətə yiyələnsələr, bu, bizim millətin böyük faciəsi olar. Buna görə də bütün mütərəqqi təfəkkürlü insanlar bu barədə ciddi düşünməlidirlər.
Bu məsələdə də əsas məsuliyyəti, sözsüz ki, iqtidarın elə özü daşıyır. İqtidara və sabitliyə ən böyük təhlükə nə Milli Şuradakı uşaqlar, nə də hansısa bir jurnalist deyil, məhz iqtidarın öz içərisindəki həmin adamlardır. Milli Şuradakı uşaqlardan da, bəzi jurnalistlərdən də haqlarında söz açdığım qüvvələr sadəcə istifadə edə bilərlər. Prezident bir dəfə əlini stola möhkəm vursa, ətraflarında özlərinin əzəmətli obrazlarını yaratmış həmin şəxslər siçan kimi girməyə deşik axtaracaqlar.
Güman edirəm ki, iqtidar bu barədə ciddi düşünməli və müvafiq addımlar atmalıdır. Həmin insanlar Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsini ailə hakimiyyətinin gücləndirilməsi kimi təqdim etsələr də, reallıqda bu, ölkədə siyasi sabitliyin qorunub saxlanılması, islahatların genişləndirilməsi və davam etdirilməsi üçün zəruri addım idi. Hesab edirəm ki, prezident doğru qərar qəbul edib. Biz öncədən də bəyan etmişdik ki, belə bir qərarın qəbul edilməsi xalqımızın maraqlarına daha uyğun olar. Bununla bağlı proqnozlarımız da özünü doğrultdu.
İndi düşünürəm ki, əsas önəmli məsələ ölkədə sabitliyin qorunub saxlanılmasıdı ki, islahatları davam etdirmək mümkün olsun. Sabitlik qorunub saxlanılmayacağı təqdirdə ölkədə islahatları davam etdirmək mümkün olmayacaq. Sabitlik pozulacağı təqdirdə nəinki islahatları davam etdirmək mümkün olmaz, hətta ölkə tamamilə məhv ola bilər. Biz zamanında Azərbaycanın bölgə-bölgə parçalanması istiqamətində atılan addımların şahidi olmuşuq, bunun acı nəticələrini görmüşük. Hazırda bütün siyasi qüvvələrin məqsədi o olmalıdır ki, ölkədə hakimiyyət dəyişiklikləri yalnız seçkilər yolu ilə baş versin, ölkədə sabitliyin pozulmasına edilən cəhdlərin qarşısı qətiyyətlə alınsın.
Onu da qeyd edim ki, hökuməti beynəlxalq dəstəkdən məhrum etmək üçün onun imicinə ziyan vurulması istiqamətində müəyyən addımların atılması da gözləniləndir. Ona görə də siyasi rəhbərliyə daxil olmuş məlumatlar ciddi şəkildə yoxlanılmalıdır, maksimum dərəcədə çalışılmalıdır ki, tələsik və yanlış qərarlardan qaçılsın, diqqət əsas hədəflərdən yayınmasın. Ölkənin beynəlxalq imicini korlamaq olmaz və biz özümüzü bütün dünyaya qarşı qoya bilmərik.
İqtidarda təmsil olunub özünü təsdiq edə bilməmiş şəxslərə yeni statuslar verməklə, vəzifələrini böyütməklə kadr islahatları effektiv nəticə verə bilməz. Rəhbərlik etdikləri sahələrdə ciddi problemlər yaranmış vəzifəli şəxslər dərhal tutduqları vəzifələrdən azad olunmalıdırlar. Həm də ona görə ki, onların bacarıqsızlığı təxribatların da nəticəsi ola bilər. İndi daha çox müxtəlif siyasi qüvvələri təmsil edən yeni, həm də müasir dünyagörüşlü insanlar dövlət idarəçiliyinə, siyasi hakimiyyətə cəlb olunmalıdırlar ki, onlar ölkədə islahatları genişləndirə bilsinlər. Formalaşmış, dəyişməsi mümkün olmayan qənaətləri olan adamlar var ki, onlara nə qədər yeni tapşırıqlar verilsə də, qarşılarına nə qədər yeni vəzifələr qoyulsa da, bu insanların öz dünyagörüşünü dəyişməsi, yeni nələri isə öyrənməsi, modern idarəçilik forması seçməsi mümkün deyil. Buna görə də kadr islahatları yeni və müasir dünyagörüşlü insanları cəlb etmək yolu ilə aparılmalıdır. Həm də çalışmaq lazımdır ki, bizneslə dövlət idarəçiliyini bir-birindən ayırmaq mümkün olsun. Bunun üçün də hökumət ciddi şəkildə səylərini gücləndirməlidir.
Son vaxtların müsbət hadisəsi manatın kursunun sabitləşməsi ilə bağlıdır. Bu da sahibkarlara ehtiyatda olan vəsaitlərini orataya çıxarmaq, iş görmək imkanları açıb. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir. Eyni zamanda ölkəyə xarici sərmayənin davamlı axını təmin olunmalı, stimullaşdırılmalıdır. Xarici bankların Azərbaycanda öz filiallarını yaratmasına çalışmaq lazımdır. Azərbaycan sahibkarının ucuz kreditə çıxışı olmalıdır.
Gürcüstanda biznes mühiti üçün əlverişli mühit olsa da, ölkənin iqtisadi potensialı zəif olduğundan buraya ciddi investisiyalar qoyulmur. Azərbaycanın iqtisadi potensialı həddindən artıq böyükdür. Gürcüstandakı əlverişli mühit Azərbaycanda yaradılsa, mən əminəm ki, ölkəmizə milyardlarla dollar həcmində investisiyalar qoyular. Nəzərə almaq lazımdır ki, ölkəmizin inkişafına böyük töhfə verəcək Bakı-Tbilisi-Qars dəmir yolu bir neçə aya fəaliyyətə başlayacaq. Bundan sonra Ələtdəki Dəniz Limanı tam gücü ilə işləyəcək. Azərbaycan-İran dəmir yollarının birləşdirilməsi istiqamətində də artıq iş gedir. Körpü çəkilib, Azərbaycan tərəfi artıq öz işini görüb, indi İran tərəfi çalışmalıdır ki, dəmir yol xəttini qısa zamanda inşa edərək Rəştdən Astaraya qədər çatdıra bilsin. Bundan sonra yük daşınmaları asanlaşacaq.
Tarix boyu inkişaf quru və dəniz ticarət yollarının, daha sonra dəmir yol xətlərinin keçdiyi yerlərdə baş verib. Böyük şəhərlər də məhz bu yolların yaxınlığında salınıb, iqtisadiyyat, sənaye və bunun da müqabilində elm, mədəniyyət inkişaf edib. Azərbaycanın bu baxımdan çox böyük imkanları var.