“Dövləti bir adam doğmur millət doğur...” -Şirməmməd Hüseynovla müsahibə (VİDEO)
“Mən Cümhuriyyətimizin 100 illiyinə 50 ildir hazırlaşıram”
Yenixeber.org: Cümhuriyyətimizin 99-cu ildönümü ərəfəsində böyük araşdırmaçı alim, dəyərli ziyalımız, jurnalistikamın ağsaqqalı Şirməmməd Hüseynovla görüşdük. Yaşı 93-ə adlasa da, yenə də işgüzarlığından qalmır, hər gün 8-10 saat yazı masasının arxasında işləyir, arxivə gedir, həftədə iki dəfə universitetdə mühazirələr oxuyur bu fenomen şəxsiyyət. Özü də Məhəmməd Əmin Rəsulzadə, digər Cümhuriyyət qurucuları, Azərbaycan Demokrat Cümhuriyyətinin tarixi barədə danışdıqca şövqə gəlir, üzü gülür, qəlbən yaşayır o illəri. Danışdıqca mənə elə gəldi ki, Şirməmməd müəllimin uzunömürlüyünün səbəbi həm də Cümhuriyyətimizə, onun tarixinə, işinə olan sevgisi, məhəbbətidir.
- Şirməmməd müəllim, özünüzü daha çox harada rahat hiss edirsiniz, auditoriyada, yazı masası arxasında?
- (Cümhuriyyət qurucularına işarə edir) Bu kişilərlə oturub-durmaqdan böyük səadət yoxdur. Bunlar dünyanı dəyişiblər, bizə dövlət yaradıblar. Məhəmməd Əmin deyir insan övlad dünyaya gətirir, millət dövlət dünyaya gətirir. Millətin övladı dövlətdir. Fərd övladına hamilə olduğu kimi, millət də dövlət yaratmaq üçün hamilə olur. Millətin də dövlət yaratması üçün gərək o millət həddi-buluğa çatsın. Üzeyir bəy Cümhuriyyətimizin 1 yaşında nə yazsa, yaxşıdır? Deyir, mayın 28-də Azərbaycan dövləti doğdu. Sözə bax e... İnsan niyə dünyaya övlad gətirir? Nəsli davam etdirsin, həm də qocalanda ona xidmət eləsin. Millət də dövləti ona görə yaradır ki, o millətin torpağını, vətənini, varlığını qorusun, ona insan kimi yaşamaq şəraitini yaratsın. Özgədən adama ata-ana olmaz. Millətin doğma övladı onun öz müstəqil dövlətidir. Qıraqdan gələn səni soymağa, işlətməyə, əsir etməyə gəlir. İndi millətdə bu təfəkkürü yaratmaq lazımdır ki, a kişi, doğmaq, millət, dövlət yaratmaq lazımdır...
- Dövlətimiz var. Daha nə etmək lazımdır?
- Müəyyən nəsil dövləti yaradır, gələcək nəsil o dövlətin sayəsində yaşayır. İndi bəzən o nəvə-nəticələr, kötücələr o dövləti yaradanları lazımınca qiymətləndirməyi bacarmırlar. Elə bilirlər ki... Deyir, “it ağac kölgəsində yatar, elə bilər öz kölgəsidir”. Elə bilirlər ki, bu hazır şeyi bunlar yaradıblar. Özündən əvvəlkilərə ağız büzürlər. Bəzisi böhtan atır. Bu, ona bənzəyir ki, bir adam öz ata-anasına, onu yaradana, onu dünyaya gətirənə alçaqlıq eləyə. Dövlət millətə xidmət etmək, onu yaşatmaq üçündür. Övladıdır da. Ona görə kimə səcdə etmək lazımdır? Millətə, torpağa. Cümhuriyyət dövründə Məhəmməd Əmingilin üç şüarı var idi. Birincisi, bu millət bu dövləti o vaxt yaşadacaq ki, o başa düşəcək ki, bu vətən də onundur, bu millət də onundur, bu dövlət də. Yəni özününküdür. Görürsən Üzeyir bəy nə yazır: “Hər şey özümüzündür”. Fasilə məsələsi var e, onu xüsusi vermək lazımdır. Bəziləri deyirdi ki, Cümhuriyyət iflasa uğradı, süqut etdi, ya nə... Məhəmməd Əmin deyir süqut-zad havayı söhbətdir, fasilə olub. Gəlib bizi işğal ediblər, amma biz o fasiləni aradan qaldıracağıq.
- 70 illik fasilə?
- Qaldırdı, ya yox? İndi uzaqgörən kimə deyərlər, soruşuram səndən? Bu cür siyasət adamlarına uzaqgörən deyərlər. Bu deyir ki, fasilə olub, biz də bu günü yaşayırıq. Onda niyə deməyək ki, eşq olsun sənə, 1955-ci ildə dünyanı dəyişmisən, amma hələ 29-cu ildə demişdin ki, ay cavanlar, vallah-billah bu dövlətdə yaşayacaqsınız! Dedi ki, bu ideyanı, müstəqilliyi xalqa daddırdıq. Uşağa şirnini dadızdırandan sonra əlindən almaq olmaz. Millət müstəqil dövlət həyatını yaşayandan sonra gərək ziyalılar o fikri o millətin canından çıxmağa qoymayalar. Hüseyn Caviddən tutmuş digər ziyalıları niyə güllələyirdilər? Müstəqil dövlət həyatı yaşamaq məfkurəsini bu millətin canından çıxmağa qoymadılar. Məhəmməd Əmin deyir, ey gənclik, sən bu dövləti yaşadacaqsan, o bayrağı bir də qaldıracaqsan! İndi İlham Əliyev o bayrağı 160 metr qaldıranda gedib o kişini durğuzacam ki, dayı, sən deyirdin ki, o bayraq parlamentin üzərində dalğalanacaq, əşi, indi 170 metr hündürlükdə dalğalanır e! Mən niyə yazıram bununla fəxr etmək lazımdır? Elə şeylər var ki, tarixi biləndən sonra ona məhəbbətin olur. Xırda məsələlərə diqqət eləmək lazım deyil. Bilmək lazımdır ki, Vətən də bizimdir, millət də, dövlət də. Dövləti idarə edənlər bu tezisi bilməlidir. Elə etməlidir millət doğrudan da fəxr eləsin ki, əsl yaşayış milli müstəqil dövlətdədir. Əsas budur ha... İndi bunun üçün də hər şeyi dövlətdən istəmək olmaz. Kennedinin məşhur sözü var. Deyir, Amerika mənə nə verib yox, gərək sual verəsən, sən Amerikaya nə vermisən? İndi sən millətə nə vermisən. Həsən bəy Zərdabi deyir çırmanıb suya girən lazımdır ki, qabağa getsin, canını versin, bu milləti yetişdirsin, onu azad etsin. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Axundovdan, Zərdabidən, Sabirdən, Əli bəydən, Əhməd bəydən, Üzeyir bəydən başlayırdı. Ədəbiyyatını, qəzetini, mədəniyyətini, musiqisini yaratdılar. Məhəmməd Əmin yazır ki, Şərq xalqları arasında 25 il içərisində öz ədəbiyyatını, mətbuatını, məktəbini, mədəniyyətini, təşkilatlarını, partiyalarını, dövlətini yaradan ikinci bir millət yoxdur. 100-200 il ərzində edənlər var, amma 25 il ərzində yox. Yazırdı Şimali Azərbaycanın 25 ildə gördüyü işi dünyada görən ikinci xalq yoxdur ki, 25 ildə görsün. Üzeyir bəy də yazırdı ki, Allah bizim millətə çox böyük istedad verib, şərait olsa, bizim millət dünya mədəniyyətinə incilər verəcək. Avropa Oyunları ilk dəfə harda keçirildi? Azərbaycanda. İslam Oyunları harda keçirildi? Azərbaycanda. Baxırsan ki, inkişafa meyl, yenilik hissi, özünü millətlər içərisinə salmaq hissi təbiətində var e. Böyük hissdir, bu hisslə yaşamaq lazımdır. Mən niyə çox işləyirəm? Təsbeh çevirməklə, avara gəzməklə, boş danışmaqla iş olar? Kimin əlindən gəlirsə, öz milləti üçün, vətəni üçün etməlidir.
***
Şirməmməd müəllim hazırda iki cildlik “Odlu yurd” kitabından Məhəmməd Əmin Rəsulzadə ilə bağlı seçmələri nəşrə hazırlayır.
- Bu ilk cilddən Məhəmməd Əminin bir cildi çıxacaq. İndi bunu işləmək lazımdır. Mən yavaş-yavaş qəzetdə çap etdirirəm. Amma əsas məsələ bunu çap eləmək deyil, həm də onu oxutmaqdır.
- Oxuyan varmı?
- Bəs nə? Mən indi yazılarımı qəzetə ki, verirəm e... “525-ci qəzet”in şənbə nömrəsi təxminən 4 min nüsxə çıxır. 4 min adam oxuyur da. Üstəlik, elektron variantı var. İllərdir “Azərbaycan” qəzetindən yazdığım 3 cildlik “Parlament hesabatları və şərhlər” kitabları orda hissə-hissə çap olunur. Niyə? Oxuyan olsun da. Nəşriyyat kitaba qiymət qoyub, biri 20 manatdır. Kim buna 20 manat verib alacaq?
- Şirməmməd müəllim, prezident İlham Əliyev Cümhuriyyətimizin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bəziləri orada konkret adların göstərilməməsindən narazılıq edir...
“Dövləti bir adam doğmur millət doğur...” |
- Dünya dövlətləri Azərbaycan prezidentinə təbrik məktubları yazırsa, bu, həm də millətə ünvanlanmış məktubdur da. Bundan böyük fəxr nə ola bilər? Bir az geniş düşünmək lazımdır. Ay filankəsin adı yoxdur... Ayə, yoxdur, yoxdur da...
- Şirməmməd müəllim, on illərdir araşdırdığınız rəhmətlik Məhəmməd Əmin bəyi hərtərəfli tanımaq imkanı qazanmısınız. Əgər o, bu gün sağ olsaydı, Xalq Cümhuriyyətimizin 100 illiyinin keçirilməsi barədə imzalanan sərəncama necə reaksiya verərdi?
- Əla! Əgər orda bircə cümlə varsa ki, 100 illik yubiley dövlət səviyyəsində qeyd olunsun, deməli, bu, dövlət bayramıdır, bildin? Rəsulzadə bu bayrağı parlamentin üstünə qaldırmışdı, İlham Əliyev də o bayrağı 162 metr yüksəkliyə qaldırdı.
- Yəni bu sərəncamdan sonra Rəsulzadənin də ruhu şaddır, eləmi?
- Bəs necə? Mənə o lazımdır. Vaxtilə deyirdilər ki, yoxdur bu millətin imzası imzalar içində... Millətimin imzası var millətlər içində! BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduq, 1 ay sədrlik etdik. A kişi, 155 dövlət sənə səs verdi, sən niyə bunlarla fəxr eləmirsən, qurdalayırsan ki, filankəsin adı niyə burada yoxdur? Adı da olsaydı, deyəcəkdilər niyə filankəsin adı ikidə deyil, üçdədir? (Gülür). Bunlar uşaq oyunlarıdır, gədə-güdə söhbətidir, geniş düşünmək lazımdır. Əsas məsələ Məhəmməd Əminin və Üzeyir bəyin dedikləridir, Vətən də bizimdir, millət də bizimdir, dövlət də bizimdir. Qurtardıq e! Əsas budur. Üzeyir bəy yazırdı ki, “özümüzük e...” A kişi, heç bundan böyük şey olar? Soruşuram səndən...
- Doğrudur, millətlər var dövlətləri olsun deyə, əsrlərdir mübarizədədirlər...
- Bəs necə? Kürdləri görürsən nə oyunlar çıxarırlar? Yəhudiləri görürsən? Hindistanda millət var ki, 100 milyondur, dövləti yoxdur, a kişi! Çində 35 milyon uyğur var. Sən 10 milyon olacaqsan, müstəqil dövlətin var, Allahına şükür elə də! (Gülür). Məhəmməd Əmin deyir ki, bir millət gərək əzmlə, iradə ilə, şövqlə yaşamağı bacarsın. Şövqlə yaşamayan millət bir şey yarada bilməz, bildin, qardaş? Biz bir az geniş düşünməliyik. Müstəqillik əldə etmişik. Amma bu müstəqilliyi idarə edənlər sovet dövründən qalanlardır. Müstəqillik dövrünün kadrları hələ təzə yetişir, 25 ildir. Mən Çingiz Aytmatovdan soruşdum ki, bizim Avropa səviyyəsində idarə olunmaq mexanizmi nə vaxt yaranacaq? Dedi, 5-6 nəsil sonra. Qardaş, Cümhuriyyət cavandır da. Dövlət neçə min il yaşayır e... Onda 25 yaşlı cavan dövlətdən nə istəyirsən? İran dövləti 2750 illiyini bayram elədi. Türklər 2085-ci ildə Türkiyə adlı dövlətin min illiyini bayram edəcəklər. Qardaş, gərək bunları başa düşəsən. Azərbaycan adlı dövlətimiz olmayıb axı. Bunlar yaratdılar. Olub Ağqoyunlular, Qaraqoyunlular. Bir də ki, gərək tullana biləcəyin məsafəni biləsən, ondan artığı barədə danışmayasan. Adamın boyundan yuxarı tullanması çətindir.
-Bir çox hallarda səslənir ki, biz millətləşmək dövrünü keçə bilmədik deyə...
- Millətləşmək dövrünü keçməsəydik, milli dövlət yaratmazdıq. Burada bir şey var. Dənizin dibində o qədər metallar var ki. Amma brilyant, almaz nadirdir, onlar milyon ilə yetişir, amma necə yetişir, heç kəs bilmir. Bir karat brilyant çıxartdılar, 36 milyona satdılar. Millətlərin də içərisində brilyant başlı adamlar yetişir. Peyğəmbərlər o brilyant başlı adamlardır.
- Şirməmməd müəllim, Allah sizə ömür versin. Gecə-gündüz çalışırsınız, Məhəmməd Əmin irsini, Cümhuriyyət tariximizi araşdırır, gənc nəslə çatdırırsınız. Bəs Xalq Cümhuriyyətinin 100 illik yubileyinə necə hazırlaşırsınız?
- Mən Cümhuriyyətimizin 100 illiyinə 50 ildir hazırlaşıram (ürəkdən gülür). Məhəmməd Əminin 5 cildliyini hazırlayıb nəşr etdirmişəm, odur bax (Kitab dolabını göstərir). 1992-ci ildə birinci cild, 2002-ci ildə 2-ci, 2011-ci ildə 3-cü, sonra 4-5-ci cildlər... Üzeyir bəyin iki cildini buraxmışam. “İstiqlal”ı çap elədim. Budur bax, mənim 100 illiyə hədiyyəm.
- Mənə elə gəlir ki, ölkə başçısının 100 illiklə bağlı sərəncamına ən çox sevinən də elə sizsiniz...
- Bəs necə? Bilirsən nə var: qəmiş qoymaqla iş olmaz. Prezident sərəncam verib, sağ olsun, yerdə qalan işləri özün gör də. Demir ki, Şirməmməd Hüseynov, get, filan kitabı yaz! Yaz da. Deyir ki, dövlət səviyyəsində qeyd olunsun. Bu dövlət də bizik də.
Bu yerdə Şirməmməd müəllim prezidentin M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı imzaladığı sərəncamı, ondan sonrakı günlərdə prezidentlə media nümayəndələri arasında keçirilən görüşdəki səmimi söhbətlərini xatırlayır:
- Dedim, mən bura gələndə fikirləşirdim ki, 57 il bundan qabaq sənin baban Əziz Əliyevlə nərd oynayan adamam, budur, kitabda da yazılıb. Həmin kitabda professor Cəfərov öz xatirəsini yazıb ki, mən axşam Əziz Əliyevgilə getdim. Məni içəri dəvət etdilər gördüm ki, Əziz Əliyev Şirməmməd Hüseynovla nərd oynayır. Dedim, məni bu görüşə çağıranda düşündüm ki, dünyanın işinə bax e, 57 il bundan qabaq mən nərd oynadığım kişinin nəvəsi prezident olub, mən də onunla görüşə gedirəm. (Gülür).
Şirməmməd müəllimin həyat yoldaşı əlavə edir:
- Prezident də dedi ki, hələ mənimlə nərd oynamamısan.
Ş.Hüseynov davam edir:
- Dedim, bunu da fikirləşirdim ki, Məhəmməd Əminin anadan olmasının 130 illiyi gəlir, bunu qeyd edəcəklər, ya yox? Prezident də çıxışında dedi, bizim 28 maydan böyük bayramımız yoxdur, Cümhuriyyəti yaradan görkəmli şəxsiyyətlər Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digərləri millətimizin fəxridirlər. Bu sözləri dedi, qardaş! İndi burada söhbət 100 illik yubileyin dövlət səviyyəsində qeyd olunmasından gedir. Məhəmməd Əmin deyir ki, bu Cümhuriyyəti 3-5 adamın adına çıxmaq milləti alçaltmaqdır. Deyir ki, bu cümhuriyyəti millət yaradıb. Ona görə deyirdi ki, dövlət millətin övladıdır, ayrı-ayrı adamların yox. Dövləti bir adam doğmur e, millət doğur. Sən bunu bir adamın adına niyə çıxırsan?
- Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsi ilə bağlı da vaxtaşırı məsələlər qaldırılır. Siz bu barədə nə düşünürsünüz?
- Hər bir nəslin qarşısında elə vəzifələr var ki, o, birinci növbədədir. Bu saat Azərbaycan dövləti qarşısında duran bir nömrəli vəzifə Qarabağ məsələsidir. İkincisi budur ki, bu milləti dünyanın ən qabaqcıl millətlərinin səviyyəsinə çatdırasan, yaşayış səviyyəsi yüksək ola. Görürsən, nə işlər görülür? Orda ipəkçiliyi, burda çəltikçiliyi, başqa yerdə digər sahəni inkişaf etdirirlər. Yəni elə məsələlər var ki, qəbiristanlıq məsələsinin ortaya qoyulması vaxtı deyil. Bu saat biz Cümhuriyyət dövründən elə şeyləri tapmalıyıq ki, bu millətə faydası dəysin. Hər şeyin vaxtı var. Türk-İslam aləmində ilk parlamentin 100 illiyidir. Onun təcrübəsi bizə vacibdir, mən 3 cild yazıb qoymuşam. Bu Cümhuriyyətin memarı Müsavatdır. Müsavatı da Məmməd Əmin Rəsulzadə, onun məsləkdaşlarıdır. Onun 5 cild əsərini yazıb qoymuşam. 6-cı cild mühacirət dövrünə həsr olunacaq. Məqalələr var, onlar yığılmalıdır. Bununla da Nəsiman Yaqublu məşğul olur. Hərənin öz dövrü var da. Məndə 1920-ci ilə qədər idi.
- Necə ildir araşdırırsınız. Sizcə, hələ Rəsulzadənin nə qədər irsi qalıb?
- Məhəmməd Əminin bütün yaradıcılığını götürsək, ən azı 15 cild olar…
Söhbətimiz müsahibədən əvvəl olduğu kimi, sonra da xeyli davam edir. Yorulmadan, sevgi il, sayğı ilə elə şeylər danışır ki. Adam su kimi içmək istəyir bu söhbətləri. Ancaq bu böyük kişinin zamanını daha artıq almamaq, onu yazı masasından bundan artıq ayırmamaq üçün ayrılırıq. Kitablarını hədiyyə etməyi də unutmur. İsrarlı etirazıma baxmayaraq, liftin qapısına qədər özü ötürür bu olduqca zəngin və sadə insan...