Pərvin Səfərov bütün bunların səbəbini aznews.az-a müsahibəsində açıqlayıb.
-Oxudunuz, istedadınızla bağlı yaydığınız video sosial şəbəkədə və mətbuatda geniş müzakirə olunur…
-Səsim və istedadımla bağlı videonu yaymağı həmişə düşünmüşəm. Amma qorxurdum, çəkinirdim.
-Nədən qorxurdunuz?
-Deyirdim ki, yalnış düşünərlər, yaxud da pis nəticəsi olar. Cəmiyyət mənfi reaksiya verər. Amma əhatə dairəmdə olan insanlar səsimi çox dinləmişdilər deyə içimdə bir rahatlıq vardı. Bilirdim ki, səsim musiqisevərlərin xoşlarına gələcək. Bunu da özüm maraq üçün çəkdim ki, görüm, cəmiyyət nə reaksiya verəcək. Düzünü deyim ki, bu cür reaksiyanın olacağını gözləmirdim. Sonda hər kəsin marağına səbəb oldum. Bir video mənə populyarlıq gətirdi.
-O videonu kim çəkdi?
-Özüm. İndiki kimi qoyunların yanında idim. Özüm də bir az qəmgin. İnsan tək və kefsiz olanda dərdli oxuyur. Videonu çəkəndə iki şey düşündüm. Dedim ki, bu səs məni ya qaldıracaq, ya da endirəcək. Açığı belə geniş miqyasda yayılacağını da düşünməmişdim.
-Muğam oxuyursunuz?
-Hərdən özüm üçün zümzümə edirəm. Muğam bir az çətin və ağır janrdır. Özü də məsuliyyətlidir. Muğama qulaq asıram, amma qəzəlləri bilmirəm. Zəngulələr, xırdalıqlar var. Onu özüm kimi oxuya bilərəm. Bəstəkar mahnıları isə muğamdan da çətindir. Düzünü deyim ki, muğam sənətində özümü yoxlamamışam.
-Muğam müsabiqəsinin münsiflər heyəti iştirakçıların seçim turunu bölgələrdə də aparır. Bəs, siz seçim turlarına niyə qatılmamısınız?
-Əslində mənə təklif elədilər. Məncə, o müsabiqədə mütləq təhsilli gəncləri seçirlər, elə-belə qulaq asaraq öyrənənləri qəbul etmirlər. Mənim orta təhsilim var. Bu gün cəmiyyətdə hər şeyin başı maddiyyata bağlanır. Fikirləşdim ki, bu yaşdan sonra gedib Bakıda kirayə ev tutub təhsil almağa mənim gücüm yetməz. Bu dəqiqə işləmək və qazanmaq haqqında düşünürəm. Axşam bir tikə çörək yemək üçün düşünürəm. Gündəlik bir tikə çörək puluna görə təhsil almaq imkanım yoxdur. Şərait, cəmiyyət belə tələb edir. 32 yaşım var, qazanmasam, mənə kim çörək verər? Tələbə olmaq üçün mənim maddi vəsaitim yoxdur.
-Ailəlisiniz?
-Ailəli idim, amma ayrılmışam.
-Video görüntünüz sizi cəmiyyətə çoban kimi təqdim elədi. Bu sizi ağrıtmadı ki…
-Hər halda xoşa gələn də deyildi. Bunu maraq cəlb etmək üçün yazdılar. Mən savadsız deyiləm, sadəcə olaraq, ail təhsilim yoxdur. Özümə görə dünyagörüşüm, bacarığım var. Bəlkə də bu dəqiqə mənim bacardığımı kimsə bacarmır. Kompüteri, elektron cihazları gözəl bilirəm. Başqa peşələri də onun kimi. Əsas odur ki, səsim xalq tərəfindən maraqlı qarşılanıb. Bu da mənə xoşdur. Mənə çoban deyənlər bilsin ki, qoyunların yarısı mənim, yarısı da qonşumundur.
-Qonşunun?
-Bəli. Qonşumun uşaqları kənddə deyil. Bu səbəbdən onun da qoyunlarını alıb mən otarıram. Kiminsə qoyunlarını pulla otarmıram. Yəni, əgər belə bir şey olsaydı o zaman çoban adından inciməzdim. Qoyunlar mənim şəxsi təsərrüfatım və qazanc yerimdir. Məni kənd sakini kimi tanıtsaydılar, daha yaxşı olardı. Çoban deyiləm. Çoban o adama deyirlər ki, kiminsə qoyunlarını pulla otarır.
-Sosial şəbəkədə populyarlaşandan sonra sizinlə kimlər görüşüb, hardan təklif almısınız?
-Mədəniyyət və Turizm İdarəsinin Biləsuvar Regional Mədəniyyət Turizm İdarəsinin nümayəndələri ilə görüşmüşəm. Əslində onlar mənim üçün adi şeydir. Şərait yaratdılar ki, tədbirdə çıxış edim. Tədbirlərdə çox olmuşam, müsabiqələrdə çıxışlarım olur. Bu o qədər də yeni bir şey deyildi.
-Mədəniyyət və Turizm Nazirliyi sizi müvafiq işlə təmin edib. Yəqin ki, bu qərar sizi sevindirdi?
-Yox, nazirlik mənə rəsmi olaraq iş verməyib. Sadəcə olaraq, iş təklifi edib. Dedilər ki, yerli mədəniyyət evində sənə iş verəcəyik. Onların təklifini qəbul edəcəm, ya etməyəcəm hələ bilinmir.
-Qərar verməmisiniz?
-Yox, hələ fikirləşirəm. Düşünürəm ki, onların mənə verəcəyi işin mənim sənətimdə nə qədər faydası ola bilər? Olmayacaq. Ona görə də istəmirəm. O işi qəbul etməyəcəm. Əksinə bu işdən sonra onlara bağlı qalacam. Mən ifaçıyam. Sabah gəlib məndən iş tələb edəcəklər. Onların verdiyi maaş da mənim tələblərimi qarşılamayacaq. Sonra müəyyən yerlərə gedəcəm, onun da pulunu verməyəcəklər. Bunu görmüşəm və belə işlər haqqında məlumatlıyam. Mənim bir məqsədim var, o da peşəkar ifaçı olmaq, vəssalam. Nazirliyin mənə iş təklifi kənd yerində mədəniyyət evidir. Bilirəm ki, orada bədii rəhbər yeri boşdur. Çox güman ki, məni ora təyin edəcəklər. Orada işləyən mənim yaxın dostum idi. Heç inkişaf etmədi, sonda çıxıb şəhərə getdi. Düşünürəm ki, bu iş mənim sənətim üçün yenilik və təkanverici deyil.
-Toylara gedirsiniz?
-Yox. Təkliflər olur, amma qəbul etmirəm. Musiqiçilər deyir ki, gəl bizimlə işlə. Toy da elə bir yerdir ki, gərək mahnıları biləsən, sifariş veriləndə oxuya biləsən. Əslində mənim marağım da yoxdur. Ürəyimi klassiklərə, xalq mahnılarına bağlamışam. Bir də Allahdan ümid kəsilməz.