“Akif Çovdarov məni “dubinka” ilə döydü” -MƏHKƏMƏ
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Yenixeber.org: Bu gün keçirilmiş iclas Fuad Nəcəfin şahid qismində ifadəsi ilə başladı. Xatırladaq ki, təqsirləndirilənlər zərərçəkmiş İlham Qasımovun iddiası üzrə baxılan epizodda Fuad Nəcəfin Ağa adlı şəxsə 5 qram kokaini 1500 dollara satdığını və həmin narkotikin sonradan digər zərərçəkmiş Namiq Orucova ötürülməsini iddia edirlər.
Akif Çovdarov: “General səhvdir, polkovnik səhvdir, kokain gətirən düzdür”
Şahid Fuad Nəcəf ifadəsində bildirdi ki, 2015-ci ilin sentyabr ayında onu tutaraq MTN-ə aparsalar da, irəli sürülən ittiham sübuta yetirilə bilməyib və cinayət işi Nəsimi Rayon Polis İdarəsində araşdırıldıqdan sonra baxılmaq üçün Nəsimi Rayon Məhkəməsinə verilib. Fuad Nəcəf istintaqın davam etdiyi 7 ay ərzində təcridxanada saxlansa da, günahının sübuta yetirilməsinin mümkün olmaması səbəbindən bəraət qazandığını deyib.
Məsələ ilə bağlı ifadə verən təqsirləndirilən Akif Çovdarov dedi: “Bu, respublikaya narkotik gətirən adamdır. Bəraəti isə ona görə veriblər ki, gəlib burada mənim üzümə dursun. Bu şəxs mənim kabinetimdə olub, yaxşı tanıyıram. Dörd dəfə boynuna alıb ki, öz maşınında Almaniyadan Azərbaycana kokain gətirib. İşi sənədləşdirib verdik polis idarəsinə.
O biriləri də saxlamağımızın səbəbi o idi ki, Ağa adlı şəxs buna 1500 dollar verib 5 qram kokain alıb. Ağa da gətirib verib o “sutenyor” (pəzəvəng – red.) Namiq Orucova.
Material var, sənəd var, hamısı göndərilib prokurorluğa.
İndi belə çıxır ki, general səhvdir, polkovnik səhvdir, kokain gətirən düzdür, dələduzlar düzdür. Bunlar hamısı milli qəhrəman olub, general olub cinayətkar”.
Keçmiş MTN əməkdaşı: “Mənim puldan xəbərim yoxdur”
Zərərçəkmiş Tofiq Rəcəbov bildirdi ki, 2002-ci ilə qədər MTN-də işləyib, hazırda təqaüddədir. Onun sözlərinə görə, ifadəsi 14 karatlıq brilyantın satışı zamanı MTN əməkdaşları tərəfindən bir qrup şəxsin “Nizami” kinoteatrının yaxınlığında saxlanılaraq nazirliyə aparılması ilə bağlıdır.
T.Rəcəbov zərərçəkmiş Elçin Hacıyevi çoxdan tanıdığını deyib. O, brilyantı satmaq üçün alıcılar ilə görüş zamanı MTN əməkdaşları tərəfindən saxlanılaraq aparıldığını bildirdi. “Mənim də bu işdə umacağım var idi. İş alınsaydı, mənə də 2-3 min manat qalacaqdı”, – zərərçəkmiş deyib.
Dövlət ittihamçılarının və vəkillərin suallarına Tofiq Rəcəbovun verdiyi cavablardan bəlli oldu ki, brilyant qaşı satmaq istəyən qrup Həsən və Əsədulla adlı şəxslərin evində olub və küçəyə çıxarkən yaxalanıblar.
Zərərçəkmiş qeyd etdi ki, MTN-də ən uzağı 2 saat olub və kiminsə kiməsə pul verməsindən xəbərsizdir. Zərərçəkmişin şəxsdən təqsirləndirilən Orxan Osmanovu tanıyıb-tanımadığı soruşuldu, lakin zərərçəkmiş təqsirləndirilən şəxsi tanımadığını bildirdi. Vəkil zərərçəkmişə cinayət işinin materiallarında tanınma protokolu olduğunu və həmin tanınma protokolunda Orxan Osmanovu tanıdığı göstərildiyini bildirdi. Ancaq zərərçəkmiş yenə təqsirləndirilən şəxsi tanımadığını bildirdi. Daha sonra zərərçəkmiş şəxsdən təqsirləndirilən şəxs Akif Əliyevi tanıyıb-tanımadığı soruşuldu, zərərçəkmiş Akif Əliyevi də tanımadığını bildirdi. Vəkillər yenə zərərçəkmişə istintaqda verdiyi ifadəsində Akif Əliyevi tanıdığını və Akif Əliyevin həmin vaxt özünü Rəşad kimi təqdim etdiyini bildirdiyini dedilər. Lakin zərərçəkmiş istintaqda verdiyi ifadəsini təsdiq etməyərək Akif Əliyevi tanımadığını bildirdi. Daha sonra zərərçəkmiş şəxsin məhkəmədəki ifadəsi ilə istintaqda verdiyi ifadəsi arasında olan digər ziddiyyətlər araşdırıldı. Zərərçəkmiş ifadəsində göstərdiyi bir çox xüsusları – saat 21:00-da MTN-dən buraxılması, zərərçəkmiş Elçin Hacıyevin MTN-nə verdiyi pulunun mənbəyi barədə adından yazılanları təsdiq etmədi. Tofiq Rəcəbov istintaqda verdiyi ifadəsini oxumadığını, müstəntiqin onun adından yazdığını oxumadan imzaladığını bildirdi.
Xatırladaq ki, zərərçəkmiş Elçin Hacıyev MTN əməkdaşlarına 80 min dollar verdiyini iddia edir.
Tofiq Rəcəbov təqsirləndiriklənlərə qarşı heç bir iddiasının olmadığını bildirdi və məhkəməyə bununla bağlı ərizə ilə müraciət etdi.
“Cibimdə 20 min dollar var idi, verdim Elçinə”
Eyni epizod üzrə ifadə verən şahid Fuad Süleymanov bildirdi ki, dostluq etdiyi və birgə iş gördüyü təqsirləndirilən Elçin Hacıyev ondan 20 min dollar borc istəyib və o da tərəddüd etmədən bu məbləği verib.
Vəkillərin ciddi-cəhdlə verdikləri suallara baxmayaraq, şahid pulu verərkən Elçin Hacıyevin bu məbləği nəyə görə istədiyini soruşmadığını bildirdi. “9-cu mikrorayonda yerləşən restoranda görüşdük. Həmin gün yanımda pul var idi, başqa iş üçün götürmüşdüm, verdim Elçinə”, – şahid qeyd edib. Şahid ilk öncə zərərçəkmiş Elçin Həsənzadənin telefonda ondan borc pul istədiyi üçün 20 min dollar üzərində pul götürdüyünü bildirdi, daha sonra isə vəkillərin sualları qarşısında ifadəsini dəyişərək, ümumiyyətlə, üzərində həmin vaxt başqasına məxsus 20 min dollar pul olduğunu və Elçin Həsənzadəyə həmin pulu verdiyini bildirdi.
Xatırladaq ki, şahid istintaqa verdiyi ifadəsində zərərçəkmiş Elçin Həsənzadə ilə restoranda görüşdüyünü, sonra birlikdə özünə məxsus evə getdiklərini və evdən pulu götürüb Elçinə verdiyini bildirib. Zərərçəkmi E.Həsənzadə isə 12 apreldə keçirilən məhkəmə iclasında şahid Fuad Süleymanovun 20 min dollar pulu ona Nərimanov rayonu ərazisində verdiyini bildirmişdi.
Baxılan epizod üzrə ifadə vermiş digər şahid, keçmiş MTN əməkdaşı Xəzər Ağayev bildirdi ki, həmin gün əməliyyatın keçirildiyi yerdə olub. lakin saxlanılanların hansı ittihamla saxlandıqlarından xəbərsizdir.
“Akif Çovdarov məni “dubinka” ilə döydü”
Zərərçəkmiş Qədim Ədilov bildirdi ki, hələ 2005-ci ildən Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində taxta-şalban hazırlanması ilə məşğul olub və hazır məhsulu satış üçün vaqonlarla Azərbaycana göndərib. 2013-cü ildə Bakıya köçüb.
“2014-cü ilin may ayında Sadiq Cəfərov adlı şəxs mənə yaxınlaşaraq, mal almaq istədiyini dedi. Cəfərov mənə təklif etdi ki. gətirdiyim bütün malı ona satım, mən də razılaşdım. Uzun müddət belə işlədik”, – zərərçəkən deyib.
Bu ortaqlıq 2014-cü ilin dekabr ayına qədər davam edir. Cəfərov və onun sonralar Ədilovla tanış ediyi yeznəsi Natiq Hümbətov ona cəmi 656 min dollar verirlər. Ədilov isə onlara cəmi 564 min dollarlıq taxta verir. Yəni bu ortaq biznes əməliyyatının gedişində Ədilovun Cəfərova 92 min dollardan bir az artıq borcu yaranır. 2014-cü ilin dekabrında Rusiya rublunun dəyərdən düşməyə başlaması Ədilovu zərərə salır. Və Ədilov qərara gəlir ki, Cəfərovun yeznəsi və ağsaqqalı kimi tanıdığı Natiq Hümbətovla görüşüb ondan ziyana ortaq olmağı xahiş etsin.
Ancaq deməsinə görə, onun nəzərinə çatdırılır ki, taxta alveri biznesinə qoyulan bütün bu pullar MTN generalı Akif Çovdarovundur. Və pullar qəpiyinə qədər, üstəlik gəlirləri ilə birlikdə qaytarılmalıdır. Daha sonra isə Ədilova yüklənən borc miqdarı artıb 400 min dollar olub.
Ədilov bildirdi ki, borcu qaytarmaq üçün onu dəfələrlə MTN-ə aparıblar. Burada təqsirləndirilən Səlim Məmmədov onu döyməklə, işgəncə verməklə hədələyib. Nəhayət, 2014-cü il dekabrın 25-də N.Hümbətov Ədliova anlaşma təklif edib. Bu anlaşmaya əsasən, Ədilova 140 min manat borcu olan Nəsibov İlham Dilqəm oğlu adlı şəxs həmin pulu Çovdarovun adamlarına ödəməliydi. Anlaşma notarial qaydada təsdiqlənib, habelə Ədilovun N.Hümbətova daha 360 min dollar borcunun qaldığı haqda onun dilindən notarial qaydada sənəd alınıb. Bundan sonra Çovdarovun adamları ondan bir müddət əl çəkiblər.
Lakin çox keçmədən Ədilova təhdidlər yenidən başlayıb. Ona deyiblər ki, Nəsibov İlham adlı şəxsdən vəd olunan pulu ala bilməyiblər. Ədilov Çovdarovun mafiyasından yaxa qurtarmaq üçün Masazırda yeni tikilmiş binada yerləşən 3 otaqlı mənzilini 60 min dollara razılaşdıraraq onlara verməli olub. Və Ədliovun nəzərinə çatdırılıb ki, bu, hələ borcun hamısı deyil.
Nəhayət, 2015-ci ilin may ayında Ədilov öyrənib ki, İlham Nəsibov ona çatacaq 180 min dolları hələ fevral ayından Çovdarovun adamlarına veribmiş. Nəticədə, Ədilov Natiq Hümbətovdan pulu tələb etməyə başlayır, qarşı tərəf isə onu MTN-lə təhdid etməyə başlayır. İyunun 23-də Ədilovu evindən çıxarkən iki MTN əməkdaşı saxlayır və onu nazirliyin inzibati binasına aparırlar.
“3-cü mərtəbəyə qalxdıq, Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yorulanadək yumruqla döyməyə başladı. Üzümə yumruqla vururdu. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağlatdırdı. Dəyənəyi götürüb baş və boyunuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub. Səlim Məmmədov üzünə su vuraraq onu ayıldır. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim”, – Q.Ədilov qeyd edib.
Ədilov Çovdarovun şərti ilə razılaşmalı olub. Onu MTN-dən buraxıblar. Atası Ədilovun başına gələnləri eşidib və evə qayıdan kimi onu ailəsi ilə birlikdə özü ilə Saatlı rayonundakı Kamallı kəndindəki evinə aparıb. Ertəsi gün aldığı xəsarətlərdən Ədilovda ürəkbulanma və güclü baş ağrıları başlayıb. Rayon xəstəxanasında Ədlilova məsləhət görüblər ki, Bakıya gedib MRT müayinəsindən keçsin. Bakıdakı “Semaşko” xəstəxanasında müayinədən keçərkən şöbə müdiri içəri daxil olub və həkimə bildirib ki, bu adamın Çovdarova borcu var və hələ qaytarmayıb.
Ədliov müayinənin nəticəsini götürüb rayona qayıdır və xəstəxanada müalicə olunmağa başlayır. Ancaq həkimlər Çovdarovun qorxusundan onu xəstəxanadan çıxarırlar. Ədilov bir aya yaxın evdə müalicə alır. Atası isə onun başına gələnlərlə bağlı bütün instansiyalara 160-a yaxın şikayət yazır.
Ancaq bu şikayətlərin nəticəsi olmur. Ədilov məcbur olur ki,
şikayətləri dayandırıb Çovdarovun adamlarına tələb olunan pulu borc tapıb ödəsin.
Sentyabrın əvvəllərində, konkret olaraq 7 sentyabr 2015-ci il tarixdə Ədilov Səlim Məmmədova 300 min dolları “Nərimanov” metro stansiyasının yaxınlığında verir. Bundan artıq verməyə heç cür imkanı olmadığını deyir. Pulu alandan sonra MTN-çilər ondan əl çəkirlər.
Zərərçəkmiş sərbəst ifadəsini bitirdikdən vəkillər tərəfindən suallar verilməyə başlandı. Vəkil Cavid Rzazadənin suallarını cavablandıran zərərçəkmiş Səlim Məmmədova pulu 7 sentyabr 2015-ci il tarixdə saat 18-19 radələrində verdiyini, həmin vaxt Səlim Məmmədovun yanında Cəbrayıl adlı MTN əməkdaşının olduğunu bildirdi. Bundan sonra Cavid Rzazadə məhkəmə iştirakçılarına bildirdi ki, Cəbrayıl adlı MTN əməkdaşı 6-7 sentyabr tarixlərində rəhbərlikdən icazə alaraq Şamaxı rayonunda olmuşdur. Həmçinin vəkil sorğu əsasında DTX-dən aldığı məktubu məhkəməyə təqdim edərək zərərçəkmişin göstərdiyi saatlarda Səlim Məmmədovun MTN-də olduğunu, Qədim Ədilovun pulu verdiyini idda etdiyi vaxtdan azı 2 saat sonra MTN-dən çıxdığını bildirdi və zərərçəkmişdən bu ziddiyəti nə ilə izah edə biləcəyini soruşdu. Lakin zərərçəkmiş bunu izah edə bilmədi. Daha sonra digər vəkillərin suallarını cavablandıran Qədim Ədilovun ifadəsindən məlum oldu ki, zərərçəkmiş 20 və 24 aprel tarixlərində MTN-də olmuş və İlham Nəsibov və Eldar adlı şəxslərdən MTN-nə yazılı şikayət etmişdir, lakin istintaqda bu barədə bildirməyib. Zərərçəkmiş vəkillərin nə səbəbdən bu barədə istintaqa bildirməməsi barədə sualına “soruşmadılar, demədim” cavabını verməklə kifayətlənib.
Onuda qeyd edək ki, cinayət işinin materiallarında olan sənədlərdən məlum olur ki, Qədim Ədilov 23 iyun tarixində MTN-nin əsas binasında saat 13:31-dən 13:59-dək (cəmi 28 dəqiqə) olmuşdur və dediyi hadisələr, yəni əsas binaya daxil olması, 3-cü mərtəbəyə qalxması, Akif Çovdarovun əvvəlcə yumruqla yorulanadək Qədim Ədilovu döyməsi, daha sonra əllərini plastik iplə bağlatdıraraq dubinka ilə başına və boynuna vurması, huşunu itirməsi, Səlim Məmmədovun üzünə su vurmaqla onu ayıltması və əsas binadan çölə çıxması həmin 28 dəqiqə ərzində baş vermişdir. Məhkəmənin bu fakta sonda necə qiymət verəcəyi hər kəs kimi bizim üçün də maraqlıdır.
Zərərçəkmiş Akif Çovdarovdan maddi kömək istədi
Virtualaz.org-un əmıkdaşı xəbər verir ki. iclasda son ifadəni zərərçəkmiş İntizam Ağakişiyev verdi. O bildirdi ki, təsisçisi olduğu “Miraj-85” firmasının illik dövriyyəsi təxminən 13 milyon dollar olub.
“Xeyli müddət işləyirdik ki, Rəşad adlı bir şəxs mənim işçilərimi narahat etməyə başladı. Məlum oldu ki, bizdən “xərac” istəyirlər. Razılaşdım ki, bayramdan bayrama biz də pul verərik. Öyrəndim ki, Rəşad Əmircanov təqsirləndirilən Akif Çovdarovun kürəkənidir”, – zərərçəkən deyib.
İ.Ağakişiyevin sözlərinə görə, MTN əməkdaşlarının tapşırığına əsasən, onun firmasına işləməyə imkan verməyiblər. Ona açıq-aşkar təklif edilib ki, bütün mallar “İP Namazov” şirkətinə verilsin. İrana gönrədilən malları da geri qaytarıldıqdan sonra sahibkarı MTN-ə dəvət edirlər və inhisarçılıqda günahlandırırlar.
İfadəsində zərərçəkən qeyd edib ki, bankdan 280 min manat həcmində kredit götürüb və evlərini də sataraq işə qoyub: “General Akif Çovdarovdan xahiş edirəm ki, mənə kömək etsin ki. bu pulları banka qaytarım”.
Hakimin “Sənin əlindən pul alınıb ki, onu geri istəyirsən?” sualına sahibkar cavab verib: “MTN əməkdaşlarının müdaxiləsindən sonra bizim firma bazarda nüfuzunu itirib və müflis olub. İndi işimiz getmir və bank bizi məhkəməyə verib. Ona görə xahiş edirəm ki, imkan varsa, bizə kömək edilsin”.
Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının çərşənbə günü, aprelin 19-da keçiriləcəyinmi elan etdi.