“Dövlətin 20 milyard dolları xərcləndi, vətəndaş banklara borclu qaldı” -Millət vəkili
“2016-cı ili bütövlükdə müərkkəb il kimi qiymətləndirmək üçün əsasımız var. 2005-ci ildən əhalinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən işlər 2015-ci ildə zərbə aldı. Bunu qətiyyən inkar etməməli, əksinə deməklə əhaliyə və hökümətə kömək etmiş olarıq”.
Yenixeber.org: Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Zahid Oruc deyib.
O bildirib ki, əhalinin gəlirləri xeyli sayda aşağı düşüb: “Bu özünü tədiyyə balansında da göstərməkdədir. İşsizliyin səviyyəsi artıb, bunu hər birimiz görməkdəyik. Hökümətimiz neft dövündə çox səxavətli idi. Lakin indi hökümətimiz bir sıra sahələrdə nə qədər xəsislik edirsə, səxavətlik dövründə buraxılan yanlışlıqların qarşısını almaq çətin olur”.
Z. Oruc binaların üzlənməsi ilə bağlı məsələyə də toxunub: “Binaların üzlənməsi çox yaxşı layihədir. Bu hər bir ailəyə qoyulan investisiyadır. Dövlət bunu ən humanist, sosial məramla düşünüb. Lakin gəlin görək bunlar necə həyata keçirilir? Binanın yola baxan hissəsi təmir olunur. Lakin içdəki qalan hissəsi qalır. İnsanlar düşünür ki görəsən bu binalar niyə belə ikiüzlüdür? Bütün bunlar gələcəkdə qabağımıza çıxır. Necə ki hazırda iki nazirlik arasında hansısa cinayətlər baş verib və bununla bağlı proseslər gedir. Bəs o zaman biz harda olmuşuq? O zaman da biz burada parlamentdə olmuşuq. Sadəcə, bunları obyektiv söyləmək istəmirdik , düşünürdük ki, bu kiminsə acığına gələr”.
Deputat qeyd edib ki, devalvasiya görə 100 minlərlə insanın işi məhkəmlərdədir: “Əgər manatın qiymətini sabit saxlamaq mümkün deyildisə, təkcə Beynəlxalq Bankın cinayətləri ilə bağlı deyil. Mərkəzi Bankda öz rezervində olan 15 milyarddan 10 milyard dollarını xərclədi 4.2 milyard dollara düşdü, amma yenə də kursu saxlaya bilmədi. Bu da o deməkdir ki, dövlətin təxminən 20 milyard dolları xərclənsə də manatın kursunu qorumaq mümkün olmadı. Bundan başqa vətəndaş da borclu qaldı. Bu məsələdə hökümətin günahı var”.
Z.Oruc qeyd edib ki, manatı öldürən resurs neft deyil: “Bizdə istehsal olunan yağın 40, bitki yağlarının 85, şəkər məhsullarının 95 faizi, makaron məmulatlarının 50, şirniyyat məmulatlarının 55 faizi xaricdən gəlir. Hansı ki bunun mühüm hissəsini Azərbaycanda yaratmaq mümkün idi. Hökumətin nəzarət sistemi zəif olub ki, biz milyardlar talananda bunu görməmişik. Kredit vəsaitlərinə də nəzarət yoxdur. “Azərenerji”, AZAL-ın dövlət qarşısında borcları 500 milyondan artıqdır. Əgər onlardan biri işdən çıxarılsa, onun yükü dövlətin üzərində qalacaq. Hanısa naziri çıxardıqdan sonra onun dövlət üzərində qoyduğu borcu sonradan görürük”.