17 oktyabr Beynəlxalq Aclığın Aradan Qaldırılması günüdür
17 oktyabr Beynəlxalq Aclığın Aradan Qaldırılması – Ümumdünya Yoxsulluqla mübarizə günüdür
Yenixeber.org: Ümumdünya Yoxsulluqla mübarizə günü yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədi daşıyır. Bu günün tarixi 1987-ci ildən başlayır. 30 il bundan əvvəl, 17 oktyabrda 100 minə yaxın insan 1948-ci ildə İnsan Haqları Haqqında Ümumi Deklarasiyanın imzalandığı Parisin Trokadero meydanına toplaşıb. Məqsəd bütün dünyadakı yoxsullara, aclıqdan əziyyət çəkən insanlara diqqət çəkməkdən ibarət idi. 1992-ci il 22 dekabr tarixində isə Birləşmiş Millətlər Təşkilatının 17 oktyabr tarixini Yoxsulluqla Mübarizə günü kimi elan etdi və bütün bəşəriyyəti bu problemlə mübarizəyə səsləmiş oldu. Statistik məlumatlara görə, dünyada hər 1 dəqiqədə 1 kasıb ana doğuş zamanı həyatını itirir; yoxsulluq üzündən hər 3 saniyədə 1 körpə məhv olur; hər gün 50 min insan qarşısı alına biləcək xəstəliklərdən dünyasını dəyişir; hər il 11 milyon uşaq 5 yaşı tamam olmadan vəfat edir; 1,1 milyard adam gündə 1 dollardan az vəsaitlə dolanmaq məcburiyyətindədir; 1,2 milyard insan içməyə su tapmır və hər gecə 1 milyard insan ac yatır. Qeyd edək ki, Azərbaycanda əhalinin yoxsulluğunun aradan qaldırılması üçün dövlət tərəfindən mühüm addımlar atılır. Prezident İlham Əliyevin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da buna sübutdur. Sərəncamda bildirilir ki, ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olub. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilib. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılıb və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil edib. Məlumata görə, Azərbaycanda son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb. Dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadi göstəricilərlə bağlı məlumat verib: • Qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatında müşahidə edilən artım son illərdə aparılmış məqsədyönlü siyasətin, uğurlu islahatların, iqtisadiyatın şaxələndirilməsinin göstəricisidir. • Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir. Kənd təsərrüfatı 2,8 faiz artıb. • Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artmış, ixrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq. • Doqquz ayda Bakıda və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimidir. • Əsas infrastruktur layihələri uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma 93 faiz səviyyəsindədir. • 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir. Qalan iki ay yarım ərzində daha 100 min ha torpaqlarda bütün işlər başa çatmalıdır. • Sosial infrastrukturla bağlı siyasət uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və təmir edilib. İnfrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Dünya bazarlarında neftin qiyməti aşağı səviyyədə olsa da, Azərbaycanın valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollara çatıb.