"MƏHKƏMƏLƏR ASLAN İSMAYILOVDAN QORXUR" -ŞOK İTTİHAM
“Üzümüzə baxırlar və açıq şəkildə deyirlər ki, “noolar, bu işi məndən uzaq eləyin””
Yenixeber.org: Xəbər verdiyimiz kimi, iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli vəkil Aslan İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Buna səbəb A.İsmayılovun sosial şəbəkələrdə və KİV-lərdə M.Həsənliyə qarşı ağır ittihamlar irəli sürməsidir.
M.Həsənli A.İsmayılov barəsində həm işgüzar nüfuza vurulan zərbəyə görə maddi təzminat, həm də xüsusi ittiham qaydasında həbs tələbilə Səbael rayon Məhkəməsinə iddia ərizələri ilə müraciət edib. Lakin A.İsmayılov məhkəməyə gəlmədiyindən proses dəfələrlə təxirə salınıb. Vəkil jurnalistlərin bu barədə sorğusunu cavablandırarkən, “boş şeylərə itirməyə vaxtım yoxdur” deyib və əlavə edib ki, bundan sonra da keçiriləcək heç bir prosesə getməyəcək.
M.Həsənli “Baki Post” saytına geniş müsahibəsində bu məsələlər barəsində danışıb. İş adamının müsahibəsini təqdim edirik.
- Mürvət müəllim, vəkil Aslan İsmayılovla aranızda məhkəmə çəkişməsi gedir. Amma mətbuata verdiyiniz açıqlamalardan görünür ki, gedişatdan narazısınız…
– Əvvəlcə onu deyim ki, Aslan İsmayılovla aramızdakı məsələ noyabr ayından başlayıb. Türk iş adamı mənə borcludur, mən də pulumu tələb edəndən sonra o özünə nümayəndə kimi Aslan İsmayılovu tutdu. A.İsmayılov isə öz işini hüquq çərçivəsində deyil, mənə qarşı iftira atmaqla, haqqımda böhtanlar deməklə aparmağa başladı. Ona görə də, onu məhkəməyə verdim. Onu iki maddəylə məhkəməyə vermişik.
Bir, 147-ci maddəylə, yəni xüsusi ittiham qaydasında, bir də 148-ci maddəylə – mülki qaydada. O isə bu günə kimi keçirilən heç bir məhkəmə prosesinə gəlməyib. Bir hüquqşünas məhkəməni saymırsa, başqa sahənin adamlarından nə gözləyək? Fevralın 22-də Səbail Rayon Məhkəməsində proses oldu. Hakim Azər Tağıyev idi. Hiss edirəm ki, bu hakim Aslandan çəkinir. A.İsmayılov elə adamdır ki, hər kəsi şərləyə, böhtan ata bilər. Hakimlər də onu yaxşı tanıyır və çox təəssüf ki, çəkinirlər. Qorxurlar ki, məhkəmədən narazı salsalar, onlar haqqında çıxıb nəsə yazar. Aslan İsmayılov mənə heç bir məhkəmə qərarı olmadan “cinayətkar”, “dələduz” deyir. Amma hakimlər ondan çəkinir. Ayın 22-də olan məhkəmədə hakim işi xüsusi ittiham qaydasında icraata götürməkdən imtina etdi. Səbəb də onu göstərdilər ki, guya, hansısa sənədlər çatmır. Biz o çatmayan sənədləri də məhkəməyə təqdim etdik. Üzümüzə baxırlar və açıq şəkildə deyirlər ki, “noolar, bu işi məndən uzaq eləyin”.
Mən başa düşürəm onları, amma biz fakt vermişik axı. Niyə həqiqətdən qaçırsan? Bu adam səni 4 dəfə saymayıb və məhkəməyə gəlməyib. Özü də açıqlama verdi ki, mən heç bir məhkəməyə getməyəcəyəm. Üstəlik, öz facebook səhifəsində bütün Azərbaycan məhkəmələrini qınayan status yazıb. Özü isə heç bir məhkəməyə getmir.
Mən ölkədə elə bir adam tanımıram ki, məhkəməyə çağırılsın, amma o getməsin. Bilirsiniz ki, Aslan İsmayılov çox cırtqoz adamdır. Yetənə yetir, yetməyənə bir daş atır. Yetənə də şər atır, şəbədə yağdırır.
O adamın iş prinsipi belədir ki, əgər onun xahişini, tələbini yerinə yetirmirlərsə, bu nazirlik haqqında, o nazirlik haqqında qaralama kampaniyasına başlayır, prokurorluğu qaralayır, polisi qaralayır.
- Bu məhkəmənin mahiyyətində əslində nə durur? Az qala belə bir təəssürat yaranır ki, o sizə qarşı olan adamları müdafiə etdiyinə görə qisas almağa çalışırsız; şans düşüb əlinizə, onun bir sözündən tutub xüsusi ittiham qaydasında məhkəməyə veribsiniz…
– Qətiyyən elə deyil. Sadəcə o, hüquq elmindən başı çıxmayan, az başı çıxan adam olsaydı, mən heç onu məhkəməyə verməzdim. O, hüquqşünasdır. Yazdığı cümləyə fikir verməlidir. Yazdığı cümləyə fikir vermirsə, mənə qarşı “dələduz”, “cinayətkar” ittihamı səsləndirirsə, mən ona sadəcə cavab verməliyəm ki, hansı dələduzluqdan söhbət gedir? İndi onun bir türk iş adamını aldatdığını sizə deyim. Xızır Əşkioğlu adlı iş adamı var Türkiyədə. Böyük inşaat firmasının rəhbəridir. Onun qardaşının Gürcüstanda Saakaşvili hakimiyyəti dəyişəndə bir problemi olub. Və onlar haradansa Aslan İsmayılovu tapıblar. Aslan da onun 40 min dollar pulunu Batumidə oğlu vasitəsilə alıb və bu günə kimi də heç bir iş görməyib. Həmin Xızır Əşkioğlu müsahibə də verə bilər. Xızır onu Bodrumda görəndə, Aslan ona yalvarıb ki, sən Allah, mənə dəymə, pulunu göndərəcəyəm. Bura gələndə isə şirə-pələngə dönür.
- 40 min dollar alıbsa, həmin adam nə əcəb hüquq-mühafizə orqanlarına müraciət etmir?
– Bildiyim qədərilə, gələn ay gəlib müraciət edəcək. Sadəcə çox adam ona baş qoşmaq istəmir. Mənə də çox adam deyir ki, sən ağıllı adamsan, niyə ona baş qoşursan. Amma o özündən həddən artıq razıdır. Mən məhkəmədə onun psixoloji problemlərinin olub-olmamasıyla bağlı vəsatət qaldıracağam. Yoxlasınlar ki, görək, psixi durumu qaydasındadırmı?
- A.İsmayılov sizin haqqınızda həmin ittihamları səsələndirməzdən öncə, siz “Emre Piliç” şirkətinin ermənilərə məxsus olduğu barədə məlumat yaydınız. Daha sonra A.İsmayılovu erməniləri müdafiə etməkdə, qeyri-vətənpərvərlikdə suçladınız… Buna qarşılıq olaraq o, maraqlı bir arqumentlə çıxış elədi ki, dünyanın 17 ölkəsinə mal ixrac edən, Türkiyə iqtisadiyyatına böyük yatırımları olan bir şirkətə borclu olmaq və onu qaytarmaqdan imtina etmək ümumilikdə Azərbaycanın imicinə zərbədi. Yəni vətənpərvərlikdən danışan adam, əslində, mütləq bunu nəzərə almalıydı…
– Məncə, onun belə mövzularda danışmağa ümumiyyətlə haqqı yoxdur. Aslan İsmayılov deyir ki, türk iş adamı Bakıya böyük investisiya qoyub, “quş qripi”nin kökünü kəsib, Azərbaycanda quşçuluğun inkişafına kömək edib. Mən isə deyirəm ki, Azərbaycanda quşçuluğun inkişafına ən böyük zərbəni elə həmin şirkətlər vurub!
Azərbaycanda quşçuluğun ən sürətli inkişafı 1970-82-ci illərə təsadüf edir. 1975-ci ilə kimi 12-yə yaxın fabrik olub. 1975-ci ildə Dəvəçi fabriki tikilib. 1982-ci ildə Siyəzəndəki fabrikin əsası qoyulub. Bizdə 1979-1980-ci illərdə ildə 2500 ton ət istehsal olunub. 1984-cü ildə bizdə istehsal 50 min tona qalxıb. Hansı ki, bu gün üçün istehsal 100 min ton üzərindədir. Bizdə quşçuluq olanda deyərdim ki, heç Türkiyədə o səviyyədə inkişaf etməmişdi.
Mən ilk dəfə respublikada damazlıq təsərrüfatı yaradanda bizə qonşu dövlətlərdən çox böyük basqılar başladı. Bizdə yumurta istehsalı, damazlıq yumurtanın maya dəyəri həmin dövrdə 22-25 qəpiyə gəlib çıxanda, bunlar bazara 21-22 qəpiyə yumurta çıxarırdılar ki, biz bu işdən əl çəkək. Bunu edirdilər ki, biz inkişaf etməyək. Yalnız dövlətin bizə maliyyə dəstəyi ilə işlərimizi qoruyub saxladıq. Bu gün artıq biz firma olaraq 30 milyona yaxın yumurta istehsal edirik.
“Quş qripi”nə gəldikdə, bu xəstəliyin kökünü kəsən həmin o türk iş adamı niyə Türkiyədə bunu etmir, görəsən? Hazırda Bursada və digər yerlərdə quş qripi var. Hansı ki, bizə oradan yumurta gətirməyə qadağa qoyublar. İrandan bizə yumurta gəlmir. İranda hər yerdə “quş qripi”dir. Öz dövlətlərində “quş qripi”nin kökünü kəsməyən insanlar necə olur ki, bunu gəlib Azərbaycanda edir?
Həmin şirkət Azərbaycana zamanında 10-20 milyonluq yumurta verib. Amma bu o demək deyil ki, həmin şəxs ölkəmizə investisiya qoyub. İnvestisiya ilə ticarət ayrı-ayrı məsələlərdir. İnvestisiya o deməkdir ki, hər hansı xarici bir iş adamı gəlib Azərbaycanda böyük bir iş qurur. Böyük məbləğlər xərcləyir və orada iş yerləri açır. Hər hansı bir əcnəbi ticarətçinin Azərbaycana gələrək hazır məhsulunu satması və bunun nəticəsində də xeyli vəsait aparmasına investisiya demək olar? Adamlar gəlib pullarını qazanıb, ölkədən valyuta çıxarıb.
Soruşmaq lazımdır ki, sənin müdafiə etdiyin iş adamı Bakıda hansı fabrikə bir dollar vəsait qoyub? Qoymayıb! Bu gün üçün respublikada quşçuluğun inkişafının müəyyən qədər zəif olması sırf həmin o türk iş adamı ilə bağlıdır.
- Necə?
– Çünki ölkəmizə xəstə yumurta verib. Mən bunu sənədlərlə də sübut edərəm. Həmçinin, bizə baha qiymətə yumurta satıb. Yüz oyundan çıxıblar ki, bizdə damazlıq yumurtanın inkişafı olmasın. Amma buna nail ola bilmədilər. Dövlətimizin sahibkarlara yardımı bizi bu bəladan, asılılıqdan qurtardı. 6-7 aya biz kənardan ümumiyyətlə yumurta almayacağıq. Yəni Azərbaycanda istehsal olunan ətin yumurtasını tam şəkildə biz özümüz verəcəyik.
Bir daha deyirəm, bu adamlar bura investisiya qoymayıb. Əksinə, sırf Azərbaycanın valyutasını çəkib aparıblar. Bu gün də Aslan İsmayılovun əli ilə çalışır ki, bizdə bu işi dayandırsın, öz malını satsın ölkəyə. Buradan qazandığı pulları da aparıb yedirtsin ermənilərə.
Türkiyənin iş adamları ölkəmizə gəldikləri üçün çox sağolsunlar. Amma biz toxumçuluğun, meyvəçiliyin, pambıqçılığın, üzümçülüyün və başqa sahələrin inkişafını özümüz təmin etməliyik. 2003-cü ildən bu günə kimi respublikamızda kənd təsərrüfatı ilə bağlı xeyli dövlət proqramları qəbul olunub. Məsələn, 2008-2015-ci illər ərzaq təhlükəsizliyi proqramı, 2012-2020-ci illər üzümçülüyün inkişafı proqramı, 2010-2015-ci illər Bakı və ətraf rayonların inkişafı və digər dövlət proqramları var. Həmçinin, 2015-ci il kənd təəssüratı ili idi. Bunların hamısı kənd təsərrüfatının inkişafı ilə bağlıdır.
Respublikada bu gün kənd təsərrüfatının inkişafına üçün hər yerdə münbit şərait var. Sırf ölkə başçısının tövsiyəsi ilə biz bunları qurduq. Cənab Prezident bizim arxamızda durduğuna görə, ölkədəki bugünkü iqtisadiyyat quruldu. Artıq biz bu yaxınlarda damazlıq yumurtanın, ətin, süfrə yumurtasının ixracatını edəcəyik.
- Qonşu ölkələrin yerli istehsala, təsərrüfatların yaradılmasına mane olması kifayət qədər maraqlı məsələdir…
– Onlar dəqiq bilirlər ki, bu ölkədə yumurta neçəyə başa gəlir. Tutaq ki, 22 qəpiyə. Onlar isə öncə yumurtanı 20 qəpiyə satırlar. Öz ziyanları olsa da, o sahəyə pul qoyulmasın deyə satırlar. Bu səbəbdən bizə 3 il imkan vermədilər pul qazanaq. Təsəvvür edin ki, biz damazlıq yumurtanı bu gün üçün 50 qəpiyə satırıq. Türk iş adamı isə bu gün onu 38 sentə qaldırıb.
- Yəni yerli istehsal olmasaydı, biz onları 38 sentə almağa məcbur idik?
– Bəli. Elə şirkət var ki, yumurta tapılmayanda gedib alır da. Az da olsa alırlar. Bunun bizə nə xeyri ola bilər ki? Ümumiyyətlə, respublikada yerli istehsalın inkişafını biz təmin etməliyik.
Türkiyə və İranda bu gün toyuq çoxdur, maliyyə imkanları da genişdir. Öz məqsədlərinə çatmaq üçün lazım gəlsə 1 il də ziyana işləyirdilər ki, biz öz təsərrüfatımızı yaratmayaq, yerli istehsala maraq azalsın. Amma artıq respublikada bunların hamısının qarşısı alındı. Hesab edirəm ki, onların bu bazarda 5-6 aydan sonra ümumiyyətlə yeri olmayacaq.
Dava bunun davasıdır. Türklər müxtəlif iddialarla çıxış edib, bizi zərərsizləşdirib, oyundan çıxarıb, öz mallarını satmaq istəyirlər. Burda milyonlardan söhbət gedir. Aslan da iddia qaldırır ki, biz iş adamlarını incitmişik. Burada onu kim incidir? Hansı pulunu biz verməmişik? Onun bizə olan borcunu istəyirik deyə belə deyirlər. Niyə bizi məhkəməyə vermirlər? Versinlər məhkəməyə. Amma mən onları məhkəməyə vermişəm. Türk iş adamı ilə aramızda olan mübahisə ilə bağlı hazırda 2 saylı İqtisad Məhkəməsində proses gedir.
Sizin vasitənizlə bir daha Aslan İsmayılova səslənirəm ki, iddialarını əsaslandıra bilirsə məhkəməyə versin. Məhkəmə də araşdırıb hər şeyi ortaya qoysun. Amma Aslan İsmayılov dəcəl uşaqlar kimi hərəkət edir. Elə sizə müsahibəsində bildirmişdi ki, erməni dirilib gəlsə, onu da müdafiə edər. Mən inanıram ki, o, Xocalı cəlladlarını da müdafiə edər.
Onun müsahibəsində bir məqam var. Deyir, mən 99 faiz övladlarıma, 1 faiz vətənimə görə çalışıram. Bəs biz türk olaraq nə deyirik? Öncə vətən, sonra ana! Onda bunun harası vətənpərvər oldu? Əgər elədirsə, övladları niyə Bakıda işləmir? Əksər hüquqşünasların, tanınmış adamların övladları Bakıda, Azərbaycanda çalışır. Millətinə, xalqına xidmət edir. Heç bilmirəm də ki, onun balaları hərbi xidmətdə olub, ya yox.
- Dediyinə görə, uşaqları xaricdə təhsilini alıb bitirdikdən sonra, gəlib xidmətlərini edib, sonra geri qayıdıblar…
– Olubsa, çox şükür. Bəlkə elə o hərbi hissə haqqında da yazıb (gülür). Vətənpərvərliyi ilə bağlı daha bir neçə şey demək istəyirəm. Söhbət mənim işimdən getmir. Türk iş adamı mənə borcludur, məhkəməyə vermişik. Məhkəmə də nə qərar versə, o olacaq. Bu heç. O vətənpərvər idisə, türk iş adamı erməni adından ona gətirib etibarnamə verəndə soruşmalıydı ki, ermənilərin şirkətdəki payı neçə faizdir. Sənədlərdə də açıq-aşkar görünür ki, 30 faizdir. Aslan İsmayılov, erməni sənə etibarnamə verir. Deyir, erməninin biri komadadır. Yaxşı, başa düşdük ki, komadadır. Amma nə olsun, onun əvəzinə işlərini arvadı, qızı idarə eləyir. İkincisi, o biri erməni ki komada deyil…
Bu şirkətin ortaqlarının erməni olmasıyla bağlı 2015-ci ildə Azərbaycan mətbuatında da yazılar dərc olunub.
- Aslan İsmayılov müsahibəsində etibarnaməni bizə təqdim eləmişdi. Orada heç bir erməni imzası yoxdur. Onunla bağlanan etibarnamədə yalnız həmin türkün imzası var.
– Diqqətlə araşdırsaz var. görərsiz ki, etibarnamədə qeyd olunub ki, o şirkətin 15 faizi Oskayan, 15 faizi Raffi Bozaçıyan, 15 faizi Mərd İbrahim Daşdan, 15 faizi Mərdin anası, 30 faizi atası, 5 faizi Ömür Oral, 5 faiz Ömər Orala məxsisdur. Burada da Ömər Oralla Oskayanın imza hüququ birdir. Ömür Oralla Mərd İbarhim Daşdanınkı isə eynidir.
- Doğrudanmı, sizə qarşı borc iddiaları ilə çıxış edənə qədər şirkətin ortaqlarının erməni olduğunu bilmirdiniz?
– Bilmirdim. Əslində bu borc məsələsi onlarla əlaqələrimizi kəsdiyim üçün gündəmə gəldi. Bununla məndən qisas almağa çalışdılar. Mən həmin şirkətin əsas payçılarının ermənilər olmasıyla bağlı bizim mətbuatda yazılar yayımlanandan 3 gün sonra Türkiyəyə getdim. Ölkədən çıxış vaxtlarıma da baxa bilərsiniz pasportumda. Getdik, danışdıq, o da boynuna aldı ki, hə, ortağımız ermənidir. Mən də o türkə dedim ki, əgər erməni ortağınız varsa, bizim işbirliyimiz dayanır. İşbirliyimizi dayandırdıq, aramızda olan söhbətlərimizi, onun mənə, mənim ona olan borclarımızı araşdırmağa, hesablamağa başladıq. Və o da mənim qarşıma şərt qoydu ki, ilin sonuna kimi sən məndən yumurta almalısan. Lakin biz münasibətlərimizi o dəqiqə kəsdik və yumurta da almadıq. O ilin sonuna kimi yumurta almadığımıza görə dəyən ziyanı-filanı hesabladı. Bunlar hamısı məhkəmə predmetidir. Məhkəmə bitəndə detallı açıqlayacağıq.
Onlar da çıxış yolunu məndən şikayət etməkdə gördülər. Buna görə də müdafiəçi tutdular. Əlbəttə, Azərbaycanda onları yalnız A.İsmaylov müdafiə edə bilərdi. Elə bil qeyri-millətlər onu özləri axtarıb tapır ki, onları müdafiə eləsin. Niyə? Yəqin ki, onun Sumqayıt hadisələri ilə bağlı mövqeyi ermənilərin o qədər xoşuna gəlib ki, burada da bu mövqeyi sərgiləyəcəyini gözləyiblər. Sumqayıt hadisələrində bildiyiniz kimi, bizim azərbaycanlılara Aslan İsmayılov ölüm hökmü istəyib. Ona görə ki, bizim azərbaycanlı orada bir erməniyə işgəncə verib. Bəs Qafanda minlik turbanın içinə 50 nəfər adamı doldurub ağzını qaynaq elədilər, Xocalıda hamilə qadınların başına oyun açdılar, ona heç dinmirsən?
Bir neçə gün əvvəl verdiyi müsahibədən də ermənilərə olan münasibətini aydın görmək olur. Bəlkə o vaxt ermənilərdən də rüşvət alıb. Bəs niyə bir erməni hüquq müdafiəçisi çıxıb bir azərbaycanlını müdafiə etmir? Eşitmisinizmi? O yəqin, Orxan Pamuk kimi Nobel mükafatı almaq istəyir.
Mən onun mövqeyini başa düşmürəm ey. Saytlarda oxuyuram ki, hansısa Qarabağ əlilini özünü yandırmağa təhrik eləyib. Saytın da baş redaktoruna zəng edib, təhdid edib. Deyib başına oyun açaram. Bu nə özbaşınalıqdır? Kimsən ki, sən, kiminsə başına oyun açasan?
- Aslan İsmayılovun siyasi baxışları, mövqeyi, müəyyən çağırışlar etməyi, müxalif yönümlülüyü bir çox məmurları qıcıqlandırdığı vaxtda sizin məhkəmə çəkimələrinizin başlaması birmənalı qarşılanmır. İsmayılovun öz dedikləri, üstəlik sosial şəbəkələrdəki müzakirələrdə bunu bir sifariş olduğu iddia edilir. Bildirilir ki, əslində bu, tək sizin mübarizəniz deyil. Hansısa qüvvələr sizdən istifadə edərək, onu cəzalandırmağa çalışır. Bu cür fikirlərin yaranması sizi narahat etmir ki?
– Qətiyyən! Heç kim məndən istifadə etmir. Edə də bilməz. Bu tam səmimi sözümdür. Sadəcə, mən istəyirəm ki, bu adam birdəfəlik səhvini başa düşsün və insanlardan əl çəksin. Xalqa yararlı bir iş görsün. Bu insan siyasətçi deyil, həmçinin siyasi partiyası yoxdur. Mən onu müxalifətçi də saymıram. Zamanında bir necə reket jurnalistlər var idi. Qəzetlərin ilk başlığında yazırdılar ki, sabahkı nömrədə hansısa şəxsin müəyyən işləri haqda məlumat gedəcək. Amma sabah həmin nömrədə deyilənlər çap olunmurdu… İndi də Aslan bu yolu tutub. Bu adam işi keçə biləcək yerlərdən yazmağa başlayır. Sosial şəbəkə vasitəsilə də buna təsir edir. Jurnalistlərdə onu o qədər şişirdib, böyüdür ki, yalnız o qazanır. Sonra da çəkilib kənarda dayanır.
Aslan İsmayılov pulu olmayan heç kimi müdafiə etməyib. Etməyəcək də. Çünki kasıb, amma hüquqi yardıma ehtiyacı olan şəxsləri müdafiə etsəydi indiki pulları, maşınları və ya şəhərin gözəl yerindəki evi olmazdı. Oğlanları xaricdə oxumazdı.
- Həmin iş adamlarının Azərbaycan hökumətinə, səfirliyə müraciət etməsi məsələsi var. A.İsmayılov onların şikayətlərinin yuxarı səviyyəyə çıxacağı bildirirdi. Bununla bağlı səfirlikdən və ya Azərbaycanın hər hansı dövlət qurumundan, İqtisadi İnkişaf Nazirliyindən reaksiya varmı?
– Bu məsələlər bu şəkildə deyil, məhkəmə vasitəsi ilə həll olunur. Məndə Ömür Oral adlı türk iş adamının bir çox sənədləri var. Onları məhkəməyə və türk səfirliyinə təqdim edəcəyik. Bunların rəsmi ticarət dövriyyəsində bizimlə bağlı 12 milyon pul göstərilir, qeyri-rəsmi isə 18 milyon. Onlara 6 milyon artıq pul verilib. Həmçinin, Ömür Orala gedən pulun geri qaytarılması prosesi var. Pul artıq gedib. Amma bunun əvəzində yumurta verməyib. Bu yaxınlarda onun məhkəməsi başlayacaq. Həmin şəxs 6 milyonu çalışdığı şirkətə verməlidir.
Müqavilə bağlananda yumurtanın çıxımı 80 faiz götürülür. Dünya praktikasında bu belədir. Həmin müqavilədə də bu var. Türk firmasının göndərdiyi yumurtaların isə 74 faizi çıxır. Ortada hardasa milyon yarım dollar ziyan var. Yəqin ki, onların da məhkəmə prosesi bu yaxınlarda başlayacaq.
- Çıxım faizi nə deməkdir?
– Dünya praktikasında göstərilir ki, yüz yumurtadan minimum 80 cücə çıxmalıdır. Maksimum 90-91 çıxır. Bunlarda isə 74 cücə çıxıb. Yəni 3 milyon cücə kəsir deməkdir. 3 milyon cücəni bugünkü qiymətlə götürsək, 50 sentdən milyon yarım pul edir. Görün necə böyük rəqəm olur. Həmçinin, həmin türk iş adamına 12 milyon əvəzinə 18 milyon gedib. 6 milyonu geri göndərməlidir. Ya da yerinə yumurta verməlidir.
- Necə olub ki, 6 milyon artıq gedib?
– Çünki yumurtanı 25 sentə satıb. Bunlarda pulu tez-tez vurublar ki, yumurtanın davamı gəlsin. Sonrada o şirkətdə başqa problemlər oldu. Yəqin ki, bu yaxınlarda onlar da iddia ilə çıxış edəcəklər.
– Yəni onlara qarşı əlavə iddia qaldırılacaq?
– Bəli. Aslan İsmayılov o zaman da çıxıb onları müdafiə edər. Görək necə olur.
- Mürvət müəllim, nə gözləyirsiniz? Hara kimi getmək fikrindəsiniz?
– Aslan İsmayılovla bağlı bütün məhkəmələrdə hakimlərin son sözünə kimi gediləcək. O, atdığı böhtanların təkzibini verəcək. Və öz cəzasını çəkəcək. Mən Aslan İsmayılova sübut edəcəyəm ki, Azərbaycanda iş adamına nahaq yerdən “ilişmək” nə deməkdir. O özü də bilir ki, mən haqlıyam. Çox gözəl bilir və bir neçə yerdə bunu etiraf edib. Bir neçə adamlarla dalbadal söz göndərib. Aslan İsmayılov bu işləri görüb, bir az pul qazanmaq istəyirdi. Gördü ki, alınmır, borc olmayan yerdə pulu ala bilməyəcək. Danır ki, mən 200 min dollar qonorar istəməmişəm, amma yalan deyir. Həmin türk firmasının təsisçilərinin 3-nün yanında mənə bu söz deyilib ki, bəs biz nə edək, o bizdən 200 min dollar pul istəyir. Biz o pulu ya ona verməliyik, ya da o pulu almasa, cibindən bizə 1 milyon pul verməlidir.
- Sizin A.İsmayılovdan verdiyiniz şikayətlərdən biri xüsusi ittiham qaydasındadır, yəni onun həbsini istəyirsiz. Sizcə ölkənin beynəlxalq təşkilatlarla “siyasi məhbus” probleminin olduğu məqamda, kifayət qədər siyasiləşmiş, həm də tanınmış bir vəkilin həbsi, hansısa bir iş adamının şikayəti ilə mümkündürmü?
-Əvvəla o vəkil deyil, hüquq müdafiəçisidir. Bilirsiniz ki, Vəkillər Kollegiyasından xaric olunub. Əslində onun addımlarına, danışıqlarına baxanda aydın görünür ki, heç hüquqdan da başı çıxmır, ağzına gələni danışır. Onun pafosu hüquq anlayışından çox–çox yuxarıdır.
Qaldı onun siyasiləşməsi məsələsinə, sizə sual verirəm: onun nəyi siyasiləşib? Hansı siyasi partiyanın üzvüdür, hansı siyasi proseslərdə ardıcıl iştirak edib? Yalnız özünə sərf edəndə… Bu adamın siyasiliyi feysbukda pulla yaratdığı səhifədə narazı adamlara hesablanan, özünü reklama əsaslanan gündə bir-iki dayaz statuslarıdır. Özü yazıb, özü də saxta profillə şərhlər yazmaqla siyasiləşmək olur?
Və bu yazdığı statusları da öz maraqlarına uyğun şəkildə istifadə edir. Hansı bir idarədə, təşkilatda öz işini həll elətdirə bilmirsə, gəlib onlardan status yazır. Siz onun statuslarını izləsəniz, gorərsiniz ki, həmin statusu yazmamışdan əvvəl hədəfə aldığı yerlə bağlı hansısa işi olub. Harda işini həll edirlər, onlarla bağlı bir cümlə də yazmaz. Harada ki bir balaca problemlə üzləşib, gəlib sosial şəbəkə və siz jurnalistlər vasitəsi ilə həmin quruma təzyiqlər göstərib, istəyinə nail olmağa çalışır. Yəni bu adam statuslarından da təzyiq vasitəsi kimi istifadə edir. Əslində, bu reketlikdi! Bu adam pul qazanmaqdan ötrü müdafiə etdiyi şəxslərin xeyrinə qərarların çıxarılması üçün mətbuat vasitəsi ilə qarşı tərəfə təzyiqlər edir. Çox dəhşətli və qorxulu haldır. Gör bu ölkədə nə qədər hüquqşünas var. Gör kim bunun etdiyi çirkinlikləri edir? Heç kim!
Hətta lazım gələndə mətbuatın özünə də təzyiq edir. Bu günlərdə onun əleyhinə yazı yayımlayan bir saytın rəhbərinə zəng edib, onu ölümlə hədələyib. Həmin baş redaktor da gedib ondan şikayət edib. Mənim bildiyimə görə hazırda həmin şikayət üzrə Yasamal rayon, 29-cu Polis Bölməsində iş aparılır.
Qaldı ki, onun həbs olunması ilə dövlətin imic məsələsinin əlaqəsinə, məncə bunların arasında heç bir əlaqə yoxdur. Mən bu ölkənin vətəndaşıyam. İş adamıyam və əminəm ki, bir vətəndaş və iş adamı kimi mənim bu dövlətə xeyrim Aslan kimilərin xeyrindən 10 dəfələrlə çox olub. İndi bu tanınır deyə, gəlib mənim hüquqlarımı tapdalamalıdır? Gəlib mənim işgüzar nüfuzuma zərər vurmalıdır? Bəs mənim hüququm? Niyə bu hüququmu qorumamalıyam? Harda yazılıb bu? Məgər mən iddialarımda əsassızam, yalandan şər atıram? Haqqımda dediyi sözlərin hesabını soruşuram, özü də qanun çərçivəsində. Məhkəmə zəhmət çəkib mənim haqlı tələblərimi yerinə yetirməlidir və Aslan İsmayılovu cəzalandırmalıdır. Bu yolda nə lazımdırsa edəcəyəm.
Harda yazılıb ki, nə bilim tanınan, hüquq müdafiəçisi olan, lap siyasi fəaliyyəti olan adamı həbs etdirmək olmaz, ya da bu baş versə, dövlətin imicinə zərbə dəyər? Qanunda belə bir şey varmı? Hər kəs statusuna görə yox, əməlinə görə cavab verir. Statusa qalanda mənim ondan da üstün statusum var. Mən iş adamıyam. Mən 400 ailə ilə işləyirəm, onlara çörək verirəm. Mənim təhqir olunmağım, dələduz adlandırılmağım həmin ailələrə də təhqirdir. Mənim işgüzar nüfuzuma dəyən zərbə, həmin ailələrin də dolanışığına təsir göstərə bilər.