Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZAL - səmanı bütün aviaşirkətlər üçün açdı

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.

Yenixeber.org: Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 2020-ci ilin yanvarın 1-dən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.

Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.

Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.

Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.

Qeyd edək ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.

Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar.

Bu xarici aviaşirkətlərin Azərbaycana uçmaq marağını artıracaq, onlar üçün yeni bazarlar açacaq, həmçinin sərnişin axınının və turistlər üçün cəlbediciliyin artırılması üçün imkanı yaradacaq.

Xarici aviaşirkətlərin gəlişi Azərbaycan vətəndaşları üçün daha çox səyahət imkanları yaradacaq, sərnişinlər yaxın və uzaq xarici ölkələrə birbaşa reyslərin geniş seçiminə sahib olacaq.

1 yanvar 2020-ci il tarixindən etibarən Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə reyslər həyata keçirmək istəyən bütün aviaşirkətlər bu üstünlüyə sahib olacaq. Sözügedən ölkələrin aviasiya orqanlarına müvafiq bildiriş göndəriləcək.

Heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.

Üstəlik, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Uçuşların sayının və sərnişin axınının artması şərtilə endirimlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması nəzərdə tutulub. Aviaşirkətlər daha ətraflı məlumatı hava limanının rəsmi saytında əldə edə bilərlər: airport.az

“Bu, bütövlükdə ölkə üçün qlobal bir qərardır. Prezident İlham Əliyevin ölkənin mülki aviasiyası göstərdiyi daimi qayğı və dəstəyi sayəsində ölkənin beynəlxalq hava limanlarında çoxsaylı xarici aviaşirkətlərə xidmət göstərilməsi üçün hər cür əlverişli şərait yaradılıb. Ölkənin bütün beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi Azərbaycandan yerinə yetirilən uçuşların coğrafiyasını genişləndirməyə, ölkənin xarici bazara cıxmaq üçün nəqliyyat imkanlarını artırmağa, həmçinin ölkənin turizm potensialını reallaşdırmağa icazə verəcək və sərnişinlər üçün rəqabətqabiliyyətli təklifləri təmin edəcək. Vətəndaşlarımızın səyahətlərinin coğrafiyasını genişləndirmək və Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya yol xərclərini azaltmaq üçün imkanları yaranacaq”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

Azərbaycanın beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqi qərarı iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün əlavə stimul olacaq və eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına öz töhfəsini verəcək.

Hal-hazırda Azərbaycanda beynəlxalq statusa malik 6 hava limanı fəaliyyət göstərir. Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala hava limanlarında da aviadaşıyıcılar üçün hər cür şərait yaradılıb.

Respublikanın bütün beynəlxalq hava limanları 3-cü dərəcə də daxil olmaq ilə İCAO kateqoriyalarına malikdir, müasir avadanlıqlarla təchiz olunmuşdur, burada yerüstü xidmətlər, aviasiya təhlükəsizliyi, sərhəd və gömrük nəzarəti üçün lazımi şərait yaradılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. Paytaxt hava limanı “Skytrax World Airport Awards” versiyasına görə maksimal “5 Ulduz” statusuna layiq görülüb, həmçinin ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.

2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

Azərbaycan hava limanları sərnişin axınına görə regionda lider mövqeyə sahibdir. 2019-cu ilin ilk 11 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 5,15 milyon sərnişinə xidmət göstərib ki, bunun da 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür. Bu, ötən ilin göstəricisindən 6% çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam