Səfər Mehdiyevdən qərar:Üçüncü şəxslər üçün mal keçirənlər...
“Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları” təsdiqlənib.
Yenixeber.org: Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qərar imzalayıb.
Bu qaydalar Prezidentin “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2019-cu il 11 iyun tarixli 734 nömrəli fərmanının 3-cü hissəsinə əsasən hazırlanıb.
Qaydalar faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi qaydalarını tənzimləyir.
Risk meyarları faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin müəyyən edilməsi üçün bu qaydalarda nəzərdə tutulan riskli hesab olunan halların məcmusudur.
Üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər aşağıda qeyd olunan risk meyarlarından biri və ya bir neçəsi əsasında müəyyən edilir:
istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda istehsal etdiyi, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi mallar üzrə elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
idxal və ya ixrac əməliyyatları aparan vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etmədikdə və ya hər hansı üçüncü şəxslə saxlanma müqaviləsi bağlamadıqda;
idxal və ya ixrac əməliyyatları aparan fərdi sahibkar və ya idxalatçı hüquqi şəxsin rəhbəri və ya təsisçisi bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilən risk meyarlarına əsasən riskli hesab edilən digər hüquqi şəxsin idarəetmə orqanının rəhbəri və ya təsisçisi olduqda;
topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər son 2 (iki) ayda iki və ya daha artıq gömrük bəyannaməsi ilə rəsmiləşdirdiyi malları elektron qaimə-faktura təqdim etməklə satışında əks etdirmədikdə;
şəxsin yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
vergi ödəyicisinin son altı ay üzrə idxal etdiyi malların həcmi onun həmin dövr üzrə dövriyyəsindən azı iki dəfə artıq olduqda;
idxal və ya ixrac əməliyyatlarının həcmi işçi sayının olmasını tələb etməsinə baxmayaraq, vergi ödəyicisinin bəyannaməsində işçi sayı göstərilmədikdə, əmək müqavilələrinin elektron informasiya sistemində əmək müqaviləsi bildirişləri müəyyən edilmədikdə və ya işçi sayı idxal əməliyyatlarının həcminə uyğun göstərilmədikdə.
Qeyd edək ki, qərar dekabrın 14-də qüvvəyə minib.