Susmaq çarə deyil, cəzasız qalmayacaqlar - Qanunlar sərtləşdirilə bilər
Xəbər verdiyimiz kimi artıq Rusiyada təcavüzə məruz qalan qadın ona hücum edən şəxsi yaralayarsa və ya öldürərsə məsuliyyətə cəlb edilməyəcək. Yeni qanun qadınlara özünümüdafiə hüququ verir.
Yenixeber.org: Nəzərə alsaq ki, ölkəmizdə də qadına şiddət pik həddədir, qadınların təcavüzə və zorakılığa məruz qalma halları isə getdikcə artır, ölkəmizin qanunvericiliyinə də belə bir qanun əlavə edilə bilərmi?
Bu barədə “Yeni Sabah”a danışan hüquqşünas Ellada Bayramova bildirib ki, bizdə bu qanuna böyük ehtiyac var:
“Bütün dünyada biz yeganəyik ki, İstanbul Konvensiyasına ratifikasiya etməmişik. Rusiyadakı bu qərar çox yerində verilmiş qərardır. Mən istəyərdim ki, belə bir anologiya bizdə də tətbiq olunsun. Bizdə bu qərara ehtiyac var. Yer üzündə kişi hüquqlarından çox da danışılmır, amma qadın hüquqlarından çox danışırıq. Nə üçün? Çünki dünyada qadınlara qarşı bərbad və iyrənc hadisələr çox baş verir. Bu zərurətdən də İstanbul Konvensiyası yarandı. Mən arzulayıram ki, tezliklə biz də qeyd-şərtsiz bu konvensiyaya qoşulaq".
Onun sözlərinə görə, Azərbaycanda bu tip hadisələr daha çox olur, nəinki Rusiyada:
"İnanın ki, bizdə bu cür hadisələr Rusiyadan daha çoxdur. Sadəcə olaraq bizdə gizlədilir, hamısı mətbuatda işıqlandırılmır. Bu çox həssas mövzudur. Zorakılıqla, təcavüzlə üzləşən qadın gərək birinci növbədə sübut etməlidir ki, ona qarşı belə bir hərəkət olub. Bu proses, qadına verilən suallar və istintaq o qədər ağır olur ki, qadınlar bunu yaşamamaq üçün çox vaxt susurlar. Bu tip hadisələrin törədiciləri ailədə düzgün aparılmayan tərbiyənin nəticələridir. Hüquq və psixologiya ayrılmaz məfhumlardır. Çünki istənilən cinayətin arxasında psixoloji travmalar dayanır. İlk növbədə oğlan uşaqlarının tərbiyəsinə diqqət etməliyik".