Elçin Behbudov ittihamlara cavab verdi
"Lamiyəyə təcavüz olub-olmamasına aydınlıq gətirilməsini istəyirəm"
"Xeberinfo.com": Məlumata görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov barəsində səsləndirilən ittihamlara cavab olaraq açıqlama verib:
“Mən 4 saylı çəzaçəkmə müəssisəsində çəza çəkən Lamiyə Quliyevaya qarşı zorakılığın, təcavüzün olub-olmamasına aydınlıq gətirilməsini istəyirəm. Respublikanın Baş prokuroru Zakir Qaralova etdiyim müraciətimin mətninin mahiyyətində də bunu açıq-aydın vurğulamışam. Mən istər mətbuata verdiyim müsahibələrimdə, istərsə də, Lamiyə Quliyevanın qapalı müəssisədə olduğu müddətdə uşaq dünyaya gətirməsi ilə bağlı heç kimin adını – o cümlədən, 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi olmuş Müzəffər Məmmədovun da daxil adını çəkməmişəm”.
Qeyd edək ki, E.Behbudov haqqında onun keçmiş işçisi olmuş və hazırda məhkum həyatı yaşayan Süleyman Süleymanov da bəzi fikirlər səsləndirib. S.Süleymanov deyib ki, E.Behbudov ona azadlığa çıxmaq üçün kömək etmir. Komitə rəhbərinin səsləndirilən fikirlərə münasibəti belə oldu:
“14 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən məhkum Süleyman Süleymanovun barəmdə söylədiyi fikirlərə gəldikdə isə sizə bunları demək istəyirəm. Süleyman Nazim oğlu Süleymanov 2013-cü ilin sentyabr ayında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi nöqsanlara görə, işindən kənarlaşdırılıb. O, 2014-cü ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə dələduzluğa görə, 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Onun komitə üzvü kimi vəsiqəsi də hazırda məndədir. Onun anası məhkəmə prosesi getdiyi zaman oğluna kömək etmək xahişi ilə yanıma gəlmişdi. Mən o vaxt bu məsələ ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin sədri İlqar Qaralova müraciət etdim. O isə bildirdi ki, Süleyman Süleymanov barəsində şərti cəza verilməsi mümkün deyil”.
E.Behbudov sonra qeyd etdi ki, bu hadisələrdən ona qarşı kampaniya kimi istifadə etməyə çalışırlar, amma mən qərəzli fəaliyyət göstərmədiyim üçün bu cür açıqlamaların söylənilməsinə sadəcə, təəssüf edirəm.
Bir məqamı vurğulamaq istəyirik. Ədliyyə nazirliyi Penitensiar Sistem, eləcə də, Oçbudsman Aparatının əməkdaşları da Lamiyə Quiyeva qapalı müəssisə - cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsi məsələsi ilə bağlı araşdırma apardıqlarını bildiriblər. Bu olaya aydınlıq gətirəcək əsas şəxs isə L.Quliyevanın özüdür. Maraqlıdır ki, vaxtilə L.Quliyevanın nişanlısı olmuş və hazırda Qobustan qapalı müəssisəsində cəza çəkən məhkum Vüqar Quliyevə, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Süleyman Süleymanova açıqlama vermək üçün şərait yaradıldığı halda, 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum L.Qulievaya belə bir fürsət tanınmır.
AZXEBER.COM