Vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri - Elnur Quliyev və Vidadi Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenixeber.org: Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. E.Eyvazova isə şərti cəza verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə açıqlamaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb. Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri V.Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında E.Quliyev və V.Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Etibar Məmmədli