Prokuror keçmiş rəisə 14 il iş istədi, hakim azadlığa buraxdı –Məhkəmə prosesi
“Azər mühafizə” MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hökmə əsasən Namiq Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Namiq Məhərrəmovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, prokuror Namiq Məhərrəmovun 14 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttihama görə, 2015-ci ildə Daxili İşlər Nazirliyi işə düzəltmək adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb.
Məlumata görə, Azər Mühafizə MMC və Qala BTX MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Müəyyən olunub ki, General MMC, daha sonra Azər Mühafizə MMC və Qala BTX MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adı çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.
Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.
Ümumilikdə iş üzrə 38 nəfər təqsirləndirilən şəxs, 5200 nəfər zərərçəkmiş var.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəniyevin sədrliyi ilə Qala BTX MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 37 nəfər şəxsin cinayət işi üzrə məhkəməyə baxılır.
Xatırladaq ki, Namiq Məhərrəmov da eyni əmələ görə təqsirli bilinir. O, 38 nəfər şəxs həbs edilərkən istintaqdan yayınıb. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. O, daha sonra həbs edilib, işi ayrıca icraata verilib.
İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib/Axar.az.