“Avropa Parlamenti buna niyə biganə qalır?”- Deputat
"Görünür, Avropa Parlamentinin hələ də Ermənistana tərəf baxan gözü görmür".
Yenixeber.org: Yerevanın Nubaraşen təcridxanasında saxlanılaraq aclıq aksiyası keçirən jurnalist, informasiya saytının rəhbəri və Erməni qartalları: Vahid Ermənistan Partiyasının sədr müavini Mqer Yeqiazaryanın ölməsi ilə bağlı Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların susqunluğu iki standartların nümunəsidir.
Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
B.Sadıqov bildirib ki, M.Yeqiazaryan həm jurnalist, həm də siyasətçi sayılırdı: “Birdən-birə həm söz azadlığına, həm də vicdan azadlığına, demokratik cəmiyyətin əsas prinsiplərinə qəsd olunub. Lakin indiyə qədər Avropa Parlamenti Ermənistanla bağlı bir bəyanat, açıqlama verməyib ki, nəyə görə o jurnalisti, sayt rəhbərini həbsxanaya atıb və mətbuat və söz azadlığına qəsd edib? İndiyə qədər Avropa Parlamenti bir dəfə də olsun açıqlama verməyib ki, nəyə görə müxalifətdə olan siyasi partiyanın rəhbər şəxsi həbsxanaya atılıb? Avropa Parlamentinin bu susqunluğuna, biganəliyinə necə qiymət vermək olar? Bunun bir mənası var – ikili standartlar. Görünür, Avropa Parlamentinin hələ də Ermənistana tərəf baxan gözü görmür”.
Deputat vurğulayıb ki, Azərbaycanda aclıq etməyən, saxlanma şəraitində heç bir problem olmayan, ölüm təhlükəsi qətiyyən gözlənilməyən, məhkəmə qərarı ilə həbs edilmiş Mehman Hüseynova gəldikdə isə Avropa Parlamenti nədənsə çox ciddi narahat olurdu, ardıcıl bəyanatlar, Azərbaycan haqqında qərəzli açıqlamalar verirdi:
“Ermənistanda bir jurnalisti, siyasi partiyanın rəhbər şəxsini görün hansı şəraitdə saxlayıblar. O, aclıq elan etsə də, əhəmiyyət verməyiblər və özləri qəsdən onun ölümünə şərait yaradıblar. Avropa Parlamenti niyə susur? Bu onu göstərir ki, hələ də beynəlxalq təşkilatlarda ikili standartlar hökm sürür. Çox təəssüf edirəm. Və hesab edirəm ki, biz hamımız Avropa Parlamentinin bu əməlini qınamalıyıq, bununla bağlı müraciətlər ünvanlamalıyıq. Hətta hesab edirəm ki, fevralın 1-də Milli Məclisin plenar iclası zamanı bu barədə müzakirələr təşkil edək və Avropa Parlamentinə məktub ünvanlayaq ki, siz bu ikili standartlardan nə zaman əl çəkəcəksiniz?”