«MƏNDƏN 1 MİLYON DOLLAR İSTƏDİ…» –Araz Əlizadəyə ŞOK ittiham
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə 2015-ci ilin parlament seçkiləri öncəsi seçki təbliğatını aparmaq üçün Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəyib.
Yenixeber.org: Bu barədə “ölkə.az”a Söyün Sadıqov özü məlumat verib. Azərbaycanlı oliqarxın sözlərinə görə, Araz Əlizadə deputat seçildiyi təqdirdə həmin pulun müqabilində onun fəaliyyətilə bağlı Azərbaycanda geniş təbliğat işi quracağını vəd edib: “2015-ci ilin parlament seçkiləri ərəfəsi idi. Araz Əlizadə ortaq tanışımız olan Vaqif adlı kiçik iş adamının vasitəsilə mənimlə görüşdü. Görüş zamanı Araz Əlizadə məndən xahiş etdi ki, onun seçki hazırlıqlarına sponsorluq edim və ona 1 milyon pul verim. Əvəzində isə Araz Əlizadə mənim fəaliyyətimlə bağlı geniş təbliğat işi aparacağını vəd etdi. Mən isə bununla qəti razı olmadım. Araz Əlizadəyə dedim ki, mənim Azərbaycanda təbliğ olunmağıma ehtiyac yoxdur. Mən Azərbaycan vətəndaşı deyiləm ki, orada ictimai-siyasi proseslərdə iştirak edim, təbliğ olunum və sairə. Mən buna ehtiyac olmadığını söylədim. Bu görüşun olmasına və Araz Əlizadənin məndən 1 milyon pul istəməsinə Vaqif adlı kiçik iş adamı da şahiddir”. S.Sadıqov bildirib ki, indi Araz Əlizadənin onun və “Milyonerlər ittifaqı” kimi tanınan şəxslərin əleyhinə danışması məhz buradan qaynaqlanır.
Məsələ ilə bağlı müsavat.com-a danışan ASDP sədri, deputat Araz Əlizadə bunları bildirdi: “Göbbels deyib yalan nə qədər həyasız olsa, bir o qədər sürətlə yayılar. Yəqin Söyün Sadıqov həmin sistemlə gedir. Əvvəla, onu deyim ki, 2013-ci ildə “Milyarderlər ittifaqı” yaradılanda mən onları tənqid etmişəm və onları xalqı sevməyən məxluqlar adlandırmışam. Onların Azərbaycanda yaratdıqları Milli Şuranı isə “milli şurik”lər adlandırmışam. Belə olan halda mən necə ola bilər ki, 2015-ci ildə Söyün Sadıqova müraciət edim ki, mənə pul lazımdır? Ən qəribəsi odur ki, mənim Vaqif adlı nə kiçik, nə böyük iş adamı tanışım var. Mənim bir dənə Vaqif adlı tanışım var, bizim partiyanın üzvüdür, yazığın gözləri çox pis görür, vaxtaşırı ona kömək edirəm. Ən əsası da mən 2013-cü ildən bu yana Moskvada olmamışam”.
A.Əlizadə ardınca dedi ki, ömrü boyu heç kəsdən pul istəməyib: “Əgər həyat elə gətirsə ki, daha ölüm ayağındayam, ya da yaxınlarımın vəziyyəti çox pisdir, mən elə adama ağız ataram ki, onu tanıyım. Mən Söyün Sadıqovu bir dəfə görmüşəm, YouTube-də, o adamın ermənilərlə görüşü var idi. Deyirdi ki, ermənilər onun can-ciyəridir, qardaşıdır, “bir millətik”, heç kəs bir-birinə bu qədər yaxın deyil, nə qədər ki, biz ermənilərə yaxınıq”.
ASDP sədrindən seçkilərə nə qədər pul xərclədiyini də soruşduq. “Mən 2013-cü il prezident seçkilərinə təxminən 7-8 min, parlament seçkilərinə isə 1000 manat pul xərcləmişəm. Parlament seçkilərinə 1 milyon xərcləyənin başı xarabdır, onu dəlixanaya salmaq lazımdır” – deyə, bildirdi. Əlavə etdi ki, onun bu qədər pulu 90-cı illərin əvvəllərində, bizneslə məşğul olarkən olub. Mən pulu xərcləyəndə fikirləşirəm: bunun əhəmiyyəti var, ya yox? Mən parlament seçkilərinə o qədər pul xərcləməyə lüzum görmürəm. Onu da deyim ki, mən ömrümdə görmədiyim adamdan – tutaq ki, lap bizi görüşdürüblər – 1 milyon istəyirəm? Onda 10 milyon istəyərdim də, niyə 1 milyon? Onun 1 milyonu varsa, alsın qatığı, çəksin başına, bəlkə ordan bir az ona ağıl gələr”. A.Əlizadə dedi ki, dediyi sözlərin arxasında durur.