Yenixeber.org: Azərbaycanın bu ölkədəki səfirliyindən verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə səfirliyin və Koreya parlamentindəki Koreya-Azərbaycan Dostluq Qrupunun birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən seminar və fotosərgi çərçivəsində “Əbədi ezamiyyət” sənədli filmi Koreya parlamentinin inzibati binasının seminar zalında nümayiş olunub.
Tədbirdə Koreya parlamentinin üzvləri və onların köməkçiləri, Koreyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Koreya ali təhsil ocaqlarının müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov tədbiri açıq elan edərək, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həmin dövrdə üzləşdiyi çətinliklər, qısa müddət ərzində varlığını qorumasına baxmayaraq ictimai-siyasi sahədə həyata keçirilmiş mühüm islahatlar barədə geniş məlumat verib.
O, tədbirdə nümayiş olunacaq “Əbədi ezamiyyət” sənədli filmi barədə danışaraq, Paris Sülh Konfransına yollanan Azərbaycan nümayəndə heyətinin üzləşdikləri çətinliklərə və çoxsaylı fədakarlıqlara baxmayaraq AXC-nin beynəlxalq miqyasda tanınmasına nail olmaları barədə danışıldığını bildirib.
Səfir çıxışında həmçinin AXC-nin qısa müddət ərzində süquta uğradılmasına baxmayaraq, azadlıq və müstəqillik arzusunun Azərbaycan xalqının qəlbində daim yaşadığını vurğulayıb. O, 20-ci əsrin sonlarında bir çox çətinliklərlə, o cümlədən qonşu Ermənistanın işğalçılıq siyasəti və ərazilərinin 20 faizdən artığının işğalı ilə üzləşməsinə baxmayaraq Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini deyib.
Səfir R.Teymurov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli inkişaf strategiyası nəticəsində müasir Azərbaycan dövlətinin öz müstəqilliyini qoruyub saxladığını və daha da gücləndiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Koreya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Li Myonq Su və Koreya parlamentinin üzvü Na Kyunq Va Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə Koreya parlamentində bu cür mühüm tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etmiş, müasir Azərbaycan dövlətinin inkişafı, o cümlədən əldə edilmiş nailiyyətlər barədə danışıb, Azərbaycan-Koreya əlaqələrinin inkişafı perspektivlərinə dair fikirlərini bölüşüb.
Tədbirdə məruzəçilər qismində iştirak edən Koreyanın Azərbaycandakı ilk səfiri olmuş Li Kvanq Çul və Hankuk Universiteti nəzdində fəaliyyət göstərən Türk-Azərbaycan tədqiqatları fakültəsinin dekanı Oh Çonq Cin təqdimatla çıxış edərək, AXC-nin tarixi, müstəqil Azərbaycan dövlətinin yaranması və əldə etdiyi nailiyyətlər, Azərbaycan və Koreyalıları birləşdirən tarixi və mədəni oxşarlıqlar barədə məlumat veriblər.
Tədbirin yekununda “Əbədi ezamiyyət” sənədli filmi seminar zalında quraşdırılmış geniş ekranda nümayiş etdirilib və film tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Koreya Parlamentinin əsas binasının dəhlizində keçirilən foto sərgidə isə Azərbaycan Xalq Cümhuriyyətinə aid, o cümlədən Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlər nəticəsində dəyişən müasir simasını əks etdirən fotolar və geniş ölçülü tele-ekranda “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.