Azərbaycan İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafı, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması məqsədilə istixana və arıçılıq təsərrüfatlarının yaradılması üzrə layihələr həyata keçirilir
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, reallaşdırılan layihələr barədə kənd sakinlərinin ətraflı məlumatlandırılması və görülən işlərin gedişi ilə tanışlıq məqsədilə iyunun 4-də Cocuq Mərcanlıda tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri və Cocuq Mərcanlı sakinləri iştirak ediblər.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi tədbirləri haqqında məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayıb, istixana və arıçılıq təsərrüfatı sahələrini əhatə edən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətini qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını diqqətə çatdırıb, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatı və heyvandarlığın inkişafında önəmindən danışıb.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə töhfə oluğunu bildirib.
TİKA-nın Bakı Proqram Kordinatoru Adəm Urfa istixana və arıçılıq sahələrini əhatə edən birgə layihələr barədə tədbir iştirakşılarına ətraflı məlumat verərək bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli 15 istixana qurulacaq və 15 ailə üçün 150 arı təsərrüfatı yaradılacaq. Birgə layihələr çərçivəsində istixanalar damcı suvarma sistemi ilə təchiz olunacaq, bu layihələr üzrə seçilmiş sakinlərə tərəvəz yetişdirilməsi üçün şitillər, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar veriləcək, təlim və məsləhət xidməti göstəriləcəkdir. Eyni zamanda 15 arı təsərrüfatının hər biri 10 ədəd yeşiklə və 10 arı koloniyası ilə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, əl dəmiri, körük, arıçı libası, yeşik altlığı və s.), müvafiq dərman vasitələri ilə təmin olunacaqdır. Bu iki layihə çərçivəsində ən azı 30 nəfərin məşğulluğunun, həmçinin minimum 30 ailənin sabit gəlirlə təmin olunması nəzərdə tutulur.
Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları birgə həyata keçirilən layihələr çərçivəsində görülən işlərlə tanış olublar.