Həbsdə olan jurnalsit prezidentə müraciət etdi
"Məni İlham Əliyevdən yaxşı kimsə anlamaz"
"Xeberinfo.com": Sentyabrın 17-də həbsindən bir il ötən tanınmış hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimli vəkili Bəhruz Bayramov vasitəsilə prezident İlham Əliyevə növbəti müraciətini göndərib.
Mətni moderator.az-a daxil olan müraciətdə P. Həşimli öz ailəsi ilə prezident İlham Əliyevin ailəsi arasında paralel apararaq ölkə başçısından bu sarsıntıları yaşamış bir şəxs kimi kömək istəyib:
“Cənab prezident!
Hər birimizin həyatında bu və ya digər formada ədalətsizliklər və haqsızlıqlarla üzləşmələrimiz olur. İnsan vəzifəsindən, ictimai mövqeyindən və səlahiyyət həddindən asılı olmayaraq özü yaşamadığı bəzi həyat burulğanları və xoşagəlməz olaylar barədə nə qədər informasiya əldə etmiş olsa belə, dolğun təsəvvürə malik olmur. Bu baxımdan son bir ildə şəxsən mənim, bütövlükdə ailəmizin üzləşdiyi problemlər hər birimizin, xüsusən də kiçik yaşlı övladımın keçirdi ağır psixoloji sarsıntı sağlamlığında dərin izlər buraxıb. Həyat yoldaşım qanunsuz həbsimin gətirdiyi mənəvi əzəbları həzm edə bilməməsi azmış kimi yeganə qardaşının bu günlərdə qətlə yetirilməsi xəbərinin şokundan hələ də ayılmayıb. Atam həbsimdən sonra infarkt keçirib və demək olar ki, bu həbs bütün nəslimizə sözlə izah olunması mümkünsüz məhrumiyyətlər yaşadıb...
Hörmətli İlham Əliyev!
Eynilə vaxtilə Əliyevlər ailəsi də fitnəkar Qorbaçov rejiminin qanunsuz, əndazəyə sığmayan basqıları, repressiyaları ilə üzləşdi. Heydər Əliyevə qarşı edilən alçaqlıq onun infarkt keçirməsiylə nəticələndi. Oğlu İlham Əliyev işlədiyi universitetdən namərdcəsinə uzaqlaşdırıldı, hətta bu ailəyə Moskvada sakit həyat yaşamağı belə haram etdilər. Amma illər ötdü və haqq yerini tapdı, Heydər Əliyev özünü və ailəsini bu şər-böhtan sisteminin qanlı caynağından qurtara bilsə də keçirdiyi bu sarsıntılar illər sonra özünü göstərdi...
Nə qədər qüsurlu müqayisə olsa da təxminən bizim ailə də bu əzabları yaşayıb və ona görə də məni İlham Əliyevdən yaxşı kimsə anlamaz. Ona görə də bütün bu müqayisələri apararaq bu qənaətə gəlmişəm ki, prezident İlham Əliyevə təkcə dövlət başçısı kimi deyil, repressiyaya məruz qalmış bir ailə başçısı kimi müraciət edərək ondan bu ədalətsizliyə son qoyulması xahişində bulunam, əlində olan müstəsna səlahiyyətlərdən istifadə edərək qarşıdakı Apellyasiya Məhkəməsi zamanı günahsızlığımın sübutu kimi azadlığa buraxılmağıma göstəriş verə. Təbii ki, bunun üçün onun Apellyasiya Məhkəməsində mənim işimə ədalətli və qərəzsiz, sifariş olmadan baxılması tapşırığını verməsi kifayət edərdi.
Ümid edirəm ki, ölkə başçısı keçmişdə şəxsən özünün yaşadıqları repressiyanın gətirdiyi əzabları bir daha xatırlayaraq mənim barəmdə ədalətli qərar çıxarılmasına göstəriş verəcək. Əvvəlcədən pozulmuş hüquqlarımın bərpa olunmasında köməyini əsirgəmədiyinə görə prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm."