Natiq Ədilov Ramil Usubova müraciət etdi
"Xeberinfo.com": “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının əməkdaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov sentyabrın 8-də ölkədən çıxışına qoyulan qadağa ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət yollayıb.
Müraciətdə Natiq Ədilov sərhədçilərin ona verdiyi izahatdan, DİN-nin onun pasportunu fəaliyyətsiz elan etməsivə buna görə ölkə hüdudlarından kənar çıxa bilməməsindən söz açıb. Daha sonra isə o nazirdən hansı səbəbə görə pasportunun fəaliyyətinin dayandırılmasını, ümumiyyətlə belə qərarın olub olmadığını, hazırda əlindəki pasportun hansısa işə yarayıb-yaraması kimi suallara səlahiyyəti çərçivəsində aydınlıq gətirilməsini xahiş edib.
Natiq Ədilov bildirib ki, bu onun sərbəst fəaliyyət imkanının əsassız olaraq məhdudlaşdırılmasıdır: “Mənim faktiki olaraq konstitusion hüququmun, yəni sərbəst fəaliyyət imkanımın əsassız olaraq məhdudlaşdırılmasıdır. Bu cür addım müxalif düşüncəli insanlara qarşı siyasi təzyiq vasitəsidir və ayrıseçkilikdir”.
Jurnalist hesab edir ki, ona qarşı edilən bu təzyiq forması müxalif dünya görüşlü insanları təzyiq altında saxlamaqdı: “Çox realdır ki, hansısa formada həbsimə də hazırlaşırlar”.
Miqrantlara hüquqi yardım mərkəzinin rəhbəri Əlövsət Əliyev də olaya münasibət bildirib: “Bu, birinci hal deyil. Azərbaycanda son 10 ildə bizim hesablamalara görə təxminən 1000 nəfərə yaxın şəxsin şəxsiyyət vəsiqəsinin və ya pasportunun fəaliyyətsizləşməsi haqqında qərar qəbul olunub. Bu qərarlar DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən qəbul edilir. Belə qərarlar pasportdakı məlumatlar səhv olduqda, şəxs vətəndaşlığı saxta sənədlər əsasında qəbul etdikdə, pasportdakı məlumatlarla şəxsin məlumat bazalarında olan məlumatlarının fərqlı olması müəyyən edildikdə, pasportun tərtib olunması zamanı yanlışlığa yol verildikdə qəbul edilir. Belə hallarda pasportu fəaliyyətsizləşdirilən şəxslər qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Ancaq məhkəməyə müraciətdən əvvəl DİN-in Baş Pasport və Miqrasiya İdarəsinə müraciət etməli və pasportun fəaliyyətsizləşdirilməsi haqqında qərarı götürməlidir və məhz həmin qərarı məhkəmədə mübahisələndirməlidir. Əgər qərar mövcud deyilsə, sadəcə pasportun fəaliyyətsizləşdirilməsinə səbəb olan əsashaqqında DİN-dən rəsmi cavab alınmalı və məhkəməyə müraciət olunmalıdır. Məhkəmələr bir qayda olaraq DİN-in belə qərarlarını ləğv edirlər. Çünki bizə bu cür problemlərlə rastlaşdığı üçün müraciət edənlərin sayı yüzlərlə olub”.