Bakıya gələn ermənilər paytaxtı qarışdırdı
Etiraz aksiyası amansızlıqla dağıdıldı; “Yeni Müsavat”ın əməkdaşı polis zorakılığına məruz qaldı; Akif Nağı: “Ermənilər rədd olub tədbirdən getməlidir”
"Xeberinfo.com": İyunun 28-də Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Bakıda ATƏT Parlament Assambleyasının sessiyası keçirilən “Alov qüllələri” otelinə yürüş ediblər. Aksiyanın keçirilməsinə səbəb sessiyada iştirak etmək üçün ermənilərin Bakıya gəlməsidir. QAT üzvləri bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qəbul edərək, parlament binasının qarşısından sessiya keçirilən otelə doğru yürüş ediblər.
QAT üzvləri yürüşə üzərində Azərbaycan və ingilis dillərində yazılmış plakatlarla çıxıblar. Aksiya zamanı “Ya Qarabağ, ya ölüm”, “Erməniləri Bakıya dəvət edənlərə ar olsun”, “Rədd olun”, “Dərhal Azərbaycanı tərk edin” kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçılarının qarşısını polislər kəsiblər. Asayiş keşikçiləri iştirakçılara qarşı zorakılıq etməkdən çəkinməyiblər. Xüsusilə, mülkü geyimlilər bu işdə fəallıq göstəriblər. Onlar yürüş iştirakçılarının əllərindəki plakatları zorla alaraq, cırıblar. Bu zaman polislərlə iştirakçılar arasında qarşıdurma yaranıb. Əsas narazılıq Azərbaycan bayrağına görə olub. Belə ki, mülki geyimli şəxsin aksiya iştirakçısının əlindəki bayrağı alaraq, cırması qəzəblə qarşılanıb. Nəticədə yürüş iştirakçılarından saxlanılanlar olub. Lakin polis rəisinin göstərişindən sonra onlar sərbəst buraxılıb.
Polis aksiyanı dağıtmaq üçün zorakılıqlarla yanaşı, başqa üsullardan da istifadə edib. Aksiya iştirakçılarına ermənilərin Bakıya gəlmədiyi, ümumiyyətlə paytaxtda sessiya keçirilmədiyini bildiriblər. QAT üzvləri isə bunun yalan olduğunu bildiriblər. Polis onları tədbir keçirilən “Alov qüllələri”nin qarşısından uzaqlaşdırmağa nail olub.
Otelin qarşısından uzaqlaşdırılan QAT üzvləri aksiyanı Milli Məclisin qarşısında davam etdiriblər. Təşkilat üzvlərinin bu aksiyası da polislər tərəfindən dağıdılıb. Polis aksiya iştirakçılarını Fəxri Xiyabanın önünə qədər müşayiət edib.
Ümumilikdə Qarabağ Azadlıq Təşkilatının keçirdiyi aksiya 1 saata yaxın davam edib. Aksiyanın sonunda polislər QAT-ın hazırladığı bəyanatın oxunmasına imkan verməyiblər.
Aksiyadan sonra “Yeni Müsavat”a açıqlamasında QAT sədri Akif Nağı bunları deyib: “Biz hazırladığımız bəyanatda da qeyd etmişdik. Hesab edirik ki, ermənilər heç bir halda Bakıya gələ bilməzlər. Bunlar yolverilməzdir. Sona qədər bu mövqeyimizdə qalırıq. Tələb edirik ki, ermənilər rədd olub, tədbirdən getməlidir. Bu istiqamətdə tədbirlərimiz davam edəcək. Nə qədər ki, ermənilər Bakını tərk etməyiblər, tədbirlərimiz müxtəlif formalarda davam etdiriləcək. QAT üzvləri bunları hər zaman diqqətdə saxlayacaq”.
Akif Nağı aksiya zamanı baş verən polis zorakılığından da danışıb: “Polislərin aksiya zamanı davranışlarını birmənalı şəkildə lənətləyirik. Xüsusilə, ”Yeni Müsavat" qəzetinin əməkdaşına edilən zorakılığı, kamerasının sındırılmasını pisləyir, kadrlara düşən həmin mülki geyimli şəxsin cəzalandırılmasını tələb edirik. Aksiyada polislər özlərini elə apardılar, sanki biz düşmən idik. Onlar enerjilərini bizə yox, ermənilərə qarşı sərf etməlidilər. Aksiya iştirakçılarına qarşı görünməmiş zorakılıq etdilər. Onların bu hərəkətlərini şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edir və lənətləyirik".