İTV-də KÜTLƏVİ İXTİSARLAR - FOTOLAR
Məlum olduğu kimi, bir neçə gün əvvəl İctimai Televiziyanın Xəbərlər departamentinin rəhbəri Elgün İbrahimov vəzifəsindən azad edilib.
Xeberinfo.com: Elgün İbrahimov faktı təsdiqləyərək, bildirib ki, onu kadrlar şöbəsinə çağıraraq, işdən çıxması ilə bağlı ərizə yazmasını tələb ediblər:
“İyunun 1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən guya öz xahişimlə işdən azad edilməyim barədə əzirə yazmağımı istədilər. Mən də yazdım. Şirkətin baş direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən yerimə yeni təyinat və təqdimat da ediblər. Üzərimdə olan haqları səbəbindən məsələnin təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil Quliyev iş başına dönəndə, bu məsələ ilə bağlı mövqeyini bildirəcək. Hadisə hələ nəzarətdə ikən müvafiq addımlar atılacaq və İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan qaldırılacaq”.
Məlumata görə, İTV-nin Xəbərlər departamentinin rəhbəri vəzifəsinə tanınmış telejurnalist Rauf Rəcəbov gətirilib.
Yeni derektorun təyinatından sonra departamentin bir neçə əməkdaşı da işdən çıxarılıb. Ancaq bu siyahı hər gün genişlənməkdədir. İTV-nin adının çəkilməsini istəməyən əməkdaşının “AzPolitika.info”ya yazdığına görə, proses davam edir, hər gün kimsə işdən azad olunur: “Hazırda qorxa-qorxa gözləyirik ki, növbə bizə çatır”.
Onun yazdığına görə, İTV-nin baş direktoru ölkədə olmaya-olmaya AzTV-dəki qruplaşma məsuliyyətli, işinin başında olan şəxsləri azad edir. İndiyədək işdən azad edilənlər aşağıdakılardı:
İnformasiya departamentinin direktoru Elgün İbrahimov
Türkiyə müxbiri Rəhimə Mirzəyeva
Türkiyədəki operator Dilqəm Mirzəyev
Mərkəzi Asiya üzrə müxbir Füzuli Məcidli
Mərkəzi Asiya üzrə prodüser Reyhan Məcidli
Böyük redaktor Mais Ağayev
Böyük redaktor Esmira Qasımova
Müxbir Dilavər Seyidov
Rus dilində xəbərlərin aparıcısı Tamilla Şirinova
Siyasi şərhçi Bəxtiyar Səlimov
Müxbir Rauf Nəbiyev.
İTV-nin əməkdaşının yazdığına görə, baş verənlər heç bir məntiqə sığmır: “Sadəcə çağırıb deyirlər ki, ərizə yaz, işdən çıxırsan. Vəzifə tutmayan, ştatda olan işçilər yalnız baş direktorun əmri ilə çıxarıla bilər. Direktorun vəzifədən azad edilməsi isə baş direktorun təqdimatı ilə Yayım Şurası tərəfindən onun müvafiq iclasında icra edilə bilər. Həmin vəzifələrə təyinat da eyni prosedur qaydası ilə həyata keçirilə bilər. Ancaq Baş direktorun ölkədə olmadığı bir vaxtda, Yayım Şurasının iclası olmadan həm işdən azad edirlər, həm də yeni kadrlar gətirirlər. Bu həftə daha 7-8 nəfərin azad olunması danışılır, hələ ki bilmirik kimlərdir”.
Bəxtiyar Səlimov