Siyavuş Novruzov Söyün Sadıqova ağır cavab verdi
Eynulla Fətullayev: “Onu görsəm, armuddan danışaram, Moskvada ətin kilosunun neçəyə olduğunu soruşaram”
Siyavuş Novruzov: “Belə cəsarətlisənsə Jirinovskinin dilini qoparardın”
“Eynulla Fətullayev kimlərdənsə asılı olan jurnalistlərdəndir. Məni Azərbaycan xalqının düşməni kimi təqdim edən həmin yazıları oxumuşam. Orada yazılanlar cəfəngiyyat və absurddur”.
"xeberinfo.com": Bunu Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov deyib. S.Sadıqov modern.az-a bildirib ki, E.Fətullayevin yazdıqlarının arxasında kimin dayandığı hamıya məlumdur:
“Onun yazdıqları bütünlüklə siyasiləşmiş və savadsız yazı idi. Ondan incimirəm. Əksinə, o bu cür absurd fikirləri ilə nüfuzumu daha da yüksəldir. Eynullanı mən bir dəfə Moskvada, o həbs olunmamışdan əvvəl, cəmi 20 dəqiqə görmüşəm. O zaman o mənə öz jurnalını göstərərək orada Heydər Əliyev və İlham Əliyev, eləcə də onların ailəsi haqda xoşagəlməz yazı göstərmişdi. O zaman mən onun üstünə qışqırdım və ona dedim ki, sən azərbaycanlı deyilsən”.
Sadıqov Fətullayevə əclaf deyib: “Əgər dövlət başçısından xoşunuz gəlmirsə belə, onun və onun ailəsi haqqında bu cür yazıları və şəkilləri göstərməyə ixtiyarı yoxdur. Məni onunla tanış edən adama da dedim ki, məni belə "əclaf"la niyə tanış edirsən? Siz bilirsiz ki, Eynulla o zaman onlar haqda necə şəkillər dərc etdirirdi? Ona görə də bu gün onun yazdıqlarını heç kəs ciddi qəbul etmir".
Putinin adamı deputat Siyavuş Novruzova acıqlı olduğunu vurğulayıb: “Onun məni təhqir etməsinə görə dilini qopardaram. O necə xalqın deputatıdır ki, xalqın yanına bir ordu cangüdənlə gedir”.
E.Fətullayev isə S.Sadıqovla görüşməsini təkzib etdi. Onun sözlərinə görə, bu adam təfəkkürsüz, şüursuzdur: “Onun yazdıqları məktəb şagirdinin yazdıqlarından aşağı səviyyədədir. Onunla harada görüşmüşəm? Heç vaxt onu görməmişəm və çox şadam ki, görüşməmişik, ünsiyyət saxlamaq fikrim də yoxdur. Üstəlik, mən qəzet buraxmışam, jurnal yox. Əgər "Monitor" jurnalını nəzərdə tutursa, nə görüşmüşük, nə də ona jurnal göstərmişəm".
E.Fətullayev S.Sadıqovla işbirliyində olan adamları da onun səviyyəsində gördüyünü söylədi: “Mən Söyünü görsəm, onunla alma, armuddan danışaram, Moskvada ətin kilosunun neçəyə olduğun soruşaram. Soruşaram ki, alma Moskvada harada satılır. Çünki bazar alverçisidir, rus siyasətini təhlil etmək istəyir.
Olduqca biabırçı şərhlər yazır, özü də savadsız cümlələr. Ona görə də mən onunla siyasi müzakirələr aparmaram. Niyə görəsən Putin özünə bazardan etibarlı şəxs götürür? Çünki bu cür adamlar Azərbaycanla bağlı istənilən qərara imza atarlar.
Vaxtilə Leninin “Matros zimnyakı” olub, rus hökmdarları belə adamlardan istifadə ediblər. Çarın yanında vəhşi Qafqaz diviziyası olub. Onlar rus əsgərinin etmədiyini ediblər. Hətta öz millətinin adamlarını xəncərləyiblər. Təəssüf ki, Söyünlə əməkdaşlıq edən azərbaycanlılar var".
S.Novruzov da S.Sadıqova ağır sözlər deyib. Deputat açıqlamasında “dilini qopararam” sözünə cavab verib:
“Söyün Sadıqov bu müsahibəsi ilə səviyyəsini bir daha göstərdi. Bir daha ortaya çıxdı ki, bu hansı səviyyədədir. "Dəfələrlə söyləmişəm, bu adam bazar adamıdır. Belə cəsarətlisənsə, “dilqoparansansa” Jirinovski bütövlükdə Azərbaycan xalqını təhqir edən zaman onun dilini qoparardın, cavabını verərdin".