Naxçıvanda bir neçə general ətrafında müəmma
Müdafiə Nazirliyi Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Xeberinfo.com: Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, K. Mustafayevlə bağlı bəzi kütləvi informasiya vasitələrində (KİV) yayılan xəbərin heç bir əsası yoxdur.
Qeyd edək ki, bəzi KİV-lərdə, o cümlədən bu gün Musavat.com saytında Kərəm Mustafayevlə yanaşı onun qardaşının - Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda bütün təmir-tikinti, quraşdırma işlərini həyata keçirən Nemət Mustafayevin də həbs olunduğu barədə məlumat verilib. Lakin Müdafiə Nazirliyi yalnız Kərəm Mustafayevin həbsi barədə məlumatı təkzib edib. Halbuki, təxminən 1 həftədir Kərəm Mustafayevin həbsi ilə bağlı Naxçıvanda dolaşan xəbərlərin həqiqəti əks etdirmədiyini dekabrın 22-də keçirilən Naxçıvan Ali Məclisinin sessiyası da sübut etmişdi. Belə ki,K.Mustafayev bu sessiyada iştirak etmiş və iclasdan çəkilən və KİV-lərdə yayılan fotolardan da bu görünmüşdü. Lakin Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin həbsi ilə bağlı xəbərlər bu gün də aktuallığını qoruyur və təkzib olunmayıb.
Qeyd edək ki, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin ətrafında hansısa xoşagəlməz proseslərin getdiyi haqda ilk dəfə “AzPolitika.info” saytı məlumat yayıb. Belə ki, ləğv olunmuş Naxçıvan MR MTN-in rəhbəri, general-leytenant Vəli Ələsgərovun vəzifəsindən uzaqlaşdırılmasından və nəzarət altına alınması barədə xəbər yayılandan dərhal sonra K.Mustafayevin qardaşının həbsi barədə də məlumatlar yayılmağa başladı. Eyni zamanda, K.Mustafayevin özünün də vəzifədən çıxarıldığı və saxlanıldığı haqda məlumatlar yayılsa da, heç bir ciddi mənbə bu məlumatı təsdiq etmədi.
Lakin əməkdaşımızın bu istiqamətdə məlumat toplamağa çalışarkən əldə etdiyi bəzi bilgilər K.Mustafayevin çətin günlər keçirdiyi iddia etməyə əsas verə bilər. Əvvəla, yuxarəda da qeyd etdiyimiz kimi, K.Mustafayevin qardaşının külli miqdarda yeyintiyə görə saxlanıldığı haqda məlumatlar bu günə qədər təkzib olunmayıb.
İkincisi, Naxçıvandakı bir sıra mənbələr Kərəm Mustafayevin uzun illərdir yaşadığı evdən çıxarıldığını iddia edirlər. Məlumata görə, general uzun illərdir Naxçıvan şəhərində yerləşən keçmiş “Qələbə” otelini ələ keçirərək, orda yaşayırmış. Lakin bugünlərdə ordan çıxarılıb.
Üçüncüsü, K.Mustafayevin oğlu ilə bağlı gizli skandal yaşandığı haqda da məlumatlar var. Belə ki, gənc Mustafayevin əlində silah qızların əhatəsində çəkdirdiyi fotonun sosial şəbəkəyə yerləşdirildiyi və bunun MR rəhbərliyini möhkəm qəzəbləndirdiyi haqda iddialar var.
Bütün bu söz-söhbətlərin eyni vaxtda yayılması təsadüfdən xəbər vermir. Ancaq bu dəqiqdir ki, K.Mustafayevin həbsi barədə xəbərlər təsdiqlənmir.
Yeri gəlmişkən, bəzi məlumatlara görə Vasif Talıbovun ən yaxın adamlarından hesab olunan bir başqa general – MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun Müxtar Respublikada yerləşən obyektləri də nəzarət altına götürülüb, bir neçəsinin qapısı möhürlənib. Səbəblər qaranlıqdır.
Bəzi iddialara görə, Naxçıvanda, başda keçmiş MTN naziri Vəli Ələsgərov olmaqla, bəzi generalların, yüksək rütbəli məmurların ətrafında baş verən müəmmalı hadisələrin bir müddət əvvəl KİV-lərdə Vasif Talıbovun səhhəti ilə bağlı xəbərlərin yayılması ilə bağlılığı ola bilər…