2 generala qarşı əməliyyat başlayıb? - ŞOK
Keçmiş MTN naziri ilə bağlı müəmma; Kərəm Mustafayevin qardaşının həbs olunduğu bildirilir!
Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.
Xeberinfo.com: V.Talıbovun sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Ali Məclis sədrinin bu sərəncamı gözlənilməz olub. Çünki Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov Naxçıvan rəhbərinin ən inanılmış adamlarından biri hesab olunurdu və onun vəzifəsindən uzaqlaşdırılacağına ehtimal verilmirdi. Lakin V.Talıbov yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinə V.Ələsgərovu yox, öz qudası Fazil Ələkbərovu təyin etdi. Məlumatlı mənbələr F.Ələkbərovu nüfuzlu, işgüzar, xalqla münasibət qurmağı bacaran bir kadr kimi xarakterizə edirlər. Lakin şübhəsiz ki, o, peşəkar deyil.
Naxçıvan hakimiyyətində bu son dərəcə mühüm və gözlənilməz dəyişiklikdən sonra ən çox maraq doğuran məsələlərdən biri general-leytenant Vəli Ələsgərovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbi və bundan sonrakı taleyi ilə bağlıdır. Son 24 saatda “AzPolitika”ya Naxçıvandan bu xüsusda kəskin ziddiyyətli məlumatlar daxil olub. Əməkdaşımız araşdırma apararkən, bəzi mənbələr Vəli Əsgərovun hazırda Bakıda olduğu və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunacağını bildiriblər. Lakin bunun tamamilə əksinə olaraq, V.Ələsgərovun işdən çıxarılmasının ciddi səbəbləri olduğu, onun qəzəbə tuş gəldiyi, hətta nəzarət altına alındığı haqda da söz-söhbətlər gəzir. Naxçıvandakı bir mənbə isə axşam saatlarında saytımıza məlumat ötürüb ki, keçmiş nazirin Naxçıvan şəhərində yerləşən bəzi obyektləri – “XI əsr” adlı restoranı və ona bitişik market, həmçinin pivə klubu boşaldılır. “Hazırda Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Sərdar müəllimin başçılığı ilə işçilər bu obyektləri boşaldır, işəridəki əşyalar 4 “Qazel”lə harasa daşınır. Bu obyektlərə nazirin qardaşı Əli Ələsgərov nəzarət edirdi”.
Əməkdaşımızın ciddi səhdlərinə baxmayaraq, general-leytenant Vəli Ələsgərovla bağlı müəmmaya aydınlıq gətirmək mümkün olmayıb. Keçmiş nazir daha yüksək vəzifəyə irəli çəkilir, yoxsa “vurulur”, sirr olaraq qalır.
Bu gün Naxçıvandan gələn daha bir məlumat isə, sözün əsl mənasında şokedicidir. Belə ki, dekabrın 19-da səhər saatlarından etibarən MR-də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevlə bağlı həyacanlı xəbərlər yayılmağa başlayıb. Dəqiqləşdirə bilmədiyimizdən detallara toxunmayacağıq. Təkcə bir məqamı qeyd edə bilərik ki, K.Mustafayevin qardaşı Nemət Mustafayevin həbs olunduğu haqda xəbərlər gəzir. Bütün Naxçıvan bu barədə danışır.
Gün ərzində Naxçıvandan gələn həyəcanlı xəbərlərin hansının doğru, hansının yalan, şayiə olduğunu hələ ki, deyə bilmərik. Lakin məlumatlar var ki, artıq işdən çıxarıldığı tam dəqiqləşən Vəli Ələsgərovla Kərəm Mustafayevin çox yaxşı münasibətləri olub.
Bəzi mənbələr isə bir qədər də irəli gedərək, oktyabrın 17-də MTN-də başlayan əməliyyatın Naxçıvana da sıçradığını iddia etməkdədirlər.
Mövzu diqqətimizdədir.