“Gənclər narkotikə yox deyir” şüarı altında regional konfranslar layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
Neftçala rayonunda “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən “Gənclər narkotikə yox deyir” şüarı altında regional konfranslar layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən “Gənclər narkotikə yox deyir” şüarı altında regional konfranslar layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin, Neftçala Rayon Prokurorluğunun, Neftçala Rayon Polis Şöbəsinin, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin, Rayon Gənclər və İdman sektorunun, Neftçala RMX PHŞ-nin məsul şəxsləri, müəllimlər, Neftçala Peşə Məktəbi PHŞ-nin tələbələri və məktəblilər iştirak edib.
İlk öncə xalqımızın Umummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən natiqlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Sadiq Abbasov, Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Aqil Əhmədov, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova, Neftçala RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Valeh Hətəmov, Neftçala rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, II dərəcəli hüquqşünas İsmayıl Məmmədli, Neftçala RMX PHŞ-də Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri Gülnaz Abadova bu gün ümumbəşəri bəla hesab edilən və doğru olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramları və müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində Dövlət siyasətindən ətraflı bəhs edərək, geniş fikir mübadiləsi aparıblar. Çıxışçılar gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunması, son zamanlar gənclərin zərərli vərdişlərə aludəçiliyin artması səbəbləri, sözügedən problemə müasir formada yanaşma tərzi, ailədə yaranan sosial-psixoloji amillərin yeniyetmələrə təsiri, narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış etmişlər. Eyni zamanda həm Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya, həm də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən mütəmadi olaraq rayonda həyata keçirilən təbliğat, maarifləndirmə işləri barədə geniş məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq mövzu barədə məlumatlılıq səviyyəsini artırmaq üçün onlara maarifləndirici bukletlər paylanılıb. Sonda xatirə fotosu ilə tədbir yekunlaşıb.