Əsgərlikdən möhlət verilməsi ilə bağlı da dəyişiklik olacaq
Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir.
Yenixeber.org xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir:
21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək;
21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək;
21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək;
21.1.4. əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);
21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);
21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;
21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək;
21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə.
21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir.
Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən qaydalarla çağırışçılara verilmiş akademik məzuniyyət müddəti hər təhsil pilləsi (səviyyəsi) üzrə bir dəfədən çox olmamaqla nəzərə alınır və təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa verilmiş möhlət müddətinə hesablanmır.
21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir.
21.9. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir.