Azərbaycana ən çox turist bu ölkələrdən gəlib
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi gəlib.
Yenixeber.org xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gələnlərin 28,2 faizi Rusiya, 16,1 faizi Türkiyə, 8,9 faizi Hindistan, 8 faizi İran, 4,1 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3 faizi Pakistan, 1,8 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,1 faizi İsrail, hər birindən 1 faiz olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 faizi digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 67 faizini kişilər, 33,0 faizini qadınlar təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 16,9 faiz artaraq 1998,9 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 33 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 faiz, Gürcüstana gedənlərin sayı 13 faiz, Türkiyəyə gedənlərin sayı 9,9 faiz artıb. Azərbaycan vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiyaya, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.
Azərbaycan vətəndaşlarının 69,5 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.