Təcavüzə uğrayan yeniyetmə özünü öldürdü - Bakıda tükürpədən cinayət
Bakıda tükürpədən cinayət baş verib.
Yenixeber.org xəbər verir ki, yeniyetmənin intiharına gətirib çıxaran hadisə bir müddət əvvəl Suraxanı rayonunun qəsəbələrindən birində qeydə alınıb. Söhbət yetkinlik yaşına çatmayan iki oğlan uşağına qarşı zorakı hərəkətlər edilməsindən gedir.
İstintaq materiallarında yazılır ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.
Şantaj vasitəsilə təkrarlanan bu cinayətin üstü zorakılığa məruz qalan yeniyetmələrdən birinin intiharından sonra açılıb. Başına gətirilənlərə dözməyən yeniyetmə özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb.
Bundan sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İntihar edən yeniyetmənin bütün ailə üzvləri istintaqa cəlb edilib.
Toplanmış dəlil və sübutlar əsasında yeniyetmənin qonşusu tərəfindən intihar həddinə çatdırıldığı məlum olub. X.A.-nın yeniyetmələrə göndərdiyi əxlaqsız mesajlar da sübut kimi işə əlavə edilib. İbtidai istintaqın gedişində onun eyni hərəkətləri etdiyi ikinci yeniyetmə də ortaya çıxıb.
Ekspert rəylərindən görünür ki, intihar etmiş yeniyetmədə sıxıntı, gərginlik, bezikmə və çıxılmazlıq kimi hallar yaranıb. Bütün bunlar onu canına qəsd etməyə məcbur edib.
Təqsirləndirilən X.A. Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə ittiham edilərək həbs edilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.(Qafqazinfo)