QMİ-dən "Nardaran" bəyanatı
Bakının Nardaran qəsəbəsində baş vermiş hadisə ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyanat verib.
Xeberinfo.com: QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş hadisəni qətiyyətlə pisləyib.
Bəyanatda qeyd edilir ki, QMİ baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndirir: “Bu hadisənin baş verdiyi Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı, mömin kənd sakinlərinə heç bir aidiyyatı yoxdur. Əminik ki, Nardaran əhalisi baş verənlərin əleyhinədir.
Taleh Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman birliyi” adlı qondarma qrupun dindarlara heç bir aidiyyatı yoxdur, o, QMİ tərəfindən dini qurum kimi tanınmır, heç bir dini təbliğat aparmaq səlahiyyətinə malik deyil”.
QMİ bəyan edib ki, dini mərkəz olaraq, Azərbaycan müsəlmanları adından hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edir ki, İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən terror aktının kimliyindən asılı olmayaraq törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi qiymət versin: “Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən lazımi nəticə çıxararaq, öz məkrli niyyətlərinə son qoymalıdır. Təəssüflər olsun ki, bu hadisələr insan tələfatı ilə nəticələnmişdir. Xidməti vəzifələrini yerinə yetirərkən şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Bir daha bildiririk ki, Azərbaycan dindarları daima dövlətçiliyimizə sadiqdirlər, dövlət başçımızın siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşir, bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səyləri dəstəkləyirlər. Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!”.