Üç uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən sabiq vəzifəli şəxs barədə qərar verilib
2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin sabiq rəisi İdrak Əsədov barədə qərar verib.
Yenixeber.org xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun barəsində olan qərardan verilən kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin rəisi vəzifəsini tutumuş İdrak Əsədov bu il məsuliyyətə cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə İdrak Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib. Daha sonra Şirvan Apellyasiya Məhkəməsi onun hökmdən verdiyi şikayəti təmin etməyib.
Araşdırmalarla məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Təmir-bərpa xidmətinin əməkdaşları müəyyən edib ki, evin kənarında yer altından keçən qaz xətti deşilib və qaz sızmasını müəyyən edilsə də, qəzalı vəziyyət aradan qaldırılmayıb.
Bir neçə gün sonra G.Kərimovanın oğlu evin otağının qapısını açaraq işığı yandırarkən partlayış baş verib. Nəticədə 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ağır yanıq xəsarətləri alıblar. Onların 3-ü də aldığı xəsarətlərdən xəstəxanada vəfat ediblər. Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub. Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs edilib. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Daha sonra İdrak Əsədlinin hadisəsən sonra İrana qaçdığı bildirilib.