MTN polkovnikini intihara kimlər və necə vadar edib?
Ölüm işilə əlaqədar MTN-in keçmiş şefi Eldar Mahmudov və Antiterror Mərkəzinin rəisi Elçin Quliyevə ağır ittihamlar…
İntiharla nəticələnən prosesdə Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da adı hallanır
Xeberinfo.com: Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən qalmaqaldan sonra vaxtilə bu qurumun əməkdaşlarından ziyan çəkmiş, amma qorxudan həmin vaxt bunu dilə gətirməmiş bir çox insanlar dərdlərini danışmağa başlayıblar. Belə şəxslərdən biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məsul işçisi olmuş Mətləb Mustafayevdir. Təxminən bir il əvvəl onun MTN-də çalışan polkovnik rütbəli qardaşı Malik Mustafayev intihar edib. MTN ətrafındakı son olaylardan sonra Mustafayevlər ailəsi video-müraciət yayaraq, polkovnikin ölümünün səbəblərini açıqlayıblar, dövlət başçısından kömək istəyiblər. Mətləb Mustafayevin müraciətini təqdim edirik:
MTN-də vəzifəli şəxslərin əleyhinə ifadə almaq cəhdi
“Son günlər Milli Təhlükəsizlik Nazirliyi ətrafında cərəyan edən hadisələrdən sonra prezident Ilham Əliyevə, baş prokuror Zakir Qaralova müraciət etmək qərarına gəlmişik. Bundan əvvəl müraciət etməməyimizin səbəbi isə Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən istifadə edərək başımıza oyun açacağından qorxmağımız olub. Başımıza gələn müsübət bəlkə də heç kimin başına gəlməyib.
Qardaşım Mustafayev Malik Nəriman oğlu 6 sentyabr 2014-cü ildə mənə bildirdi ki, “nazir Eldar Mahmudov səninlə görüşmək istəyir”. Məni MTN-ə gətirdi. Orada məni nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyev, onun müavini, polkovnik Ilqar Əliyev (hazırda həbsdədir) qəbul etdi. Onlar məndən prezidentin sərəncamı ilə vəzifəyə təyin olunmuş şəxslər barədə yalan, böhtan xarakterli ifadələr almağa cəhd göstərdilər. Mənə hədə-qorxu gəldilər, müxtəlif şirnikləndirici vədlər verdilər. Mən bunların heç biri ilə razılaşmadım. Sonda mənə bildirdilər ki, əgər istənilən ifadələri verməsəm, mənə və qardaşıma problemlər yaranacaq.
11 sentyabr 2014-cü ildə Yeni Saray qəsəbəsində həyətdə ağac sulayarkən Antiterror Mərkəzinin əməliyyatçılarından və xüsusi təyinatlı dəstədən ibarət, Hüseyn Əhmədov və Elşən Murtuzovun rəhbərlik etdiyi 16 nəfərlik qrup həyətə basqın etdi. Onlar heç bir vəsiqə, məhkəmə qərarı göstərmədən qoluma qandal vurdular. Özlərinin gətirdikləri tapançanı mənim barmağıma sürtdülər, sonra da məni maşına oturdub Nəsimi rayonu, 20 yanvar küçəsi 19B mənzil 46-ya gətirdilər. Gələndən sonra saat 16:00-da mənə məhkəmə qərarı göstərdilər. Halbuki, məni saat 14:40-da həbs etmişdilər. Onlar tapançanı dəsmalın arasına bükərək, şkafa qoydular, sonra guya, onu tapdılar. Məni yenidən qandallayıb, buradan da MTN-ə apardılar. Ora gələndən sonra məndən ifadə alındı. Mən onlardan hansı əsasla tutulduğumu soruşanda müstəntiq Elşən Murtuzov mənə qərarı göstərdi. Guya, mən Iran Islam Respublikasının vətəndaşları Rza və Hüseynlə əlaqəyə girib onlardan silah almışam, gəzdirmişəm, saxlamışam. Mən bunu qətiyyətlə inkar etdim. Bundan sonra məni kameraya saldılar, ertəsi gün yenidən istintaqa apardılar.
“Kərəm Həsənov Eldar Mahmudova yaxın adamdır”
Elçin Quliyev, Ilqar Əliyev, Azər Mehdiyev, Məhəmməd Qasımov, həmçinin nazirə yaxın olan Mübariz, Rasim adlı şəxslərin hamısı istintaq dövründə mənimlə görüşürdülər. Baxmayaraq ki, istintaqı müstəntiqlər aparmalı idi, amma Antiterror Mərkəzinin əməkdaşları apardı. Onlar məndən təhqir, təzyiq yolu ilə iftira xarakterli ifadələr alıb, həmin iftiralara imza atmağa məcbur edirdilər. Mən bundan qətiyyətlə imtina etdim. Onlar mənimlə çox söhbət etdilər, bildirdilər ki, “bunun axırı yoxdu, sən ifadə verməlisən, əks halda, sənin üçün çox pis olacaq. Həbs olunacaqsan, ailən bədbəxt olacaq”. Bütün bunlara baxmayaraq, mən yenə onların dediklərinə əməl etmədim.
Bundan sonra məni Baş Istintaq Idarəsinə apardılar. Orada idarənin rəis müavini Təhsin Ağayev, müstəntiq Elşən Murtuzov və Samir Əliyev mənimlə bağlı istintaqa başladı. Təhsin Ağayev Baş Istintaq Idarəsinin rəisi Mövlan Şıxəliyevlə danışdı. Mövlan Şıxəliyev kənardan kiminsə diqtəsi ilə Təhsin Ağayevə suallar verirdi. Onda başa düşdüm ki, burada kimsə maraqlı adam var. Bununla maraqlandım və mənə aydın oldu ki, söhbət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan gedir. Mən bundan çox narahat oldum və anladım ki, bu iş sifarişlidir.
Kərəm Həsənov 2011-ci ildə məni tutduğum vəzifədən heç bir əsas olmadan, guya, öz ərizəmlə azad edib. Mən Xətai rayon məhkəməsinə şikayət etdim. Bu günə qədər də məhkəmə prosesi davam edir. Kərəm Həsənova görə məhkəmə yekun qərar çıxara bilmir. Onun Eldar Mahmudovla yaxın olması hamıya məlumdur. Məhkəmələr də onlardan çəkinir.
“Ailəmizə qarşı mənəvi terror həyata keçirənlər cəzalansın”
Qardaşım 31 il Milli Təhlükəsizlik Nazirliyində çalışıb. Nazirliyin fəxri əməkdaşı olan qardaşım Qarabağ veteranı idi, 2011-ci ildən isə polkovnik rütbəsi daşıyırdı. O, Eldar Mahmudovun yanına gedib və mənə qarşı bu kampaniyaya son qoyulmasını xahiş edib. Eldar Mahmudov ona bildirib ki, “qardaşın Elçin Quliyev və Mövlan Şıxəliyevin tələb etdiyi ifadələri verməsə, nəinki onu, sənin bütün qohumlarını həbs etdirəcəm”. Bunun nəticəsi olaraq, 17 oktyabr 2014-cü ildə kiçik bacım Hümbətova Iradə Nəriman qızının yaşadığı evə Elşən Murtuzovun rəhbərlik etdiyi 10 nəfərlik dəstə basqın etdi. Onlar özlərilə gətirdikləri narkotik və silahları evə qoymaq istəsələr də, bu cəhdləri alınmamışdı.
Bütün bu baş verənlərdən sonra qardaşım noyabrın 1-də Elçin Quliyevin qəbulunda oldu. Qəbulda Elçin Quliyev ona nə demişdisə, qardaşım bundan bir gün sonra yaşadığı evin həyətində özünü asaraq intihar etdi. Mənim qardaşımın ölümünə səbəbkar Elçin Quliyev və onun rəhbəri Eldar Mahmudovdur. Eləcə də bu işə birbaşa aidiyyatı olan Mövlan Şıxəliyev, Təhsin Ağayev, Elşən Murtuzov, Samir Əliyev, Ilqar Əliyev, Məhəmməd Qasımov, Azər Mehdiyev, Mübariz və Rasim adlı şəxslərdir.
Biz xahiş edirik, qardaşımızın ölümünə səbəb olan, ailəmizə qarşı mənəvi terror həyata keçirmiş, başda Eldar Mahmudov olmaqla, yuxarıda adlarını çəkdiyim bütün şəxslər barədə ciddi ölçü götürülsün. 31 il bu orqanda xidmət etmiş qardaşımın və ailəsinin başına bu müsibətləri gətirənlər görün sadə vətəndaşların başına hansı oyunları açırlar?!”
***
Mərhum Malik Mustafayevin 80 yaşlı anası Gülüş Abbasova və 83 yaşlı atası Fərman Mustafayev də video-müraciətdə dövlət başçısına üz tutaraq, övladlarının qanının yerdə qalmaması üçün ondan kömək istəyirlər: “Cənab prezident, mənim oğlumun ölümünə səbəb olan Elçin Quliyev və Eldar Mahmudovdur. Sizdən xaiş edirəm, oğlumun ölümünə səbəb olmuş şəxslər haqqında tədbir görəsiniz”.
Azadliq.info