Füzulidə uşaq bağçası açıldı- FOTOLAR
Füzuli rayonunun Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən uşaq bağçasının açılış mərasimi keçirilmişdir.
"Xeberinfo.com": Məlumata görə, açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Məlumata görə, açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyev Fondunun son illər cəbhə bölgəsində yerləşən Füzuli rayonuna və füzulililərə göstərdiyi diqqət və qayğıyadan danışmışdır.
Alı Alıyev bildirmişdir ki, son dörd ildə Heydər Əliyev Fondu Füzuli rayonunda 4 iri layihə həyata keçirmişdir. “2012-ci ildə Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir standartlara cavab verən məktəb binası, 2014-cü ilin avqust ayında Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi, Horadiz şəhərində 100 çarpayılıq, ikimərtəbəli körpələr evi tikilərək istifadəyə verilmişdir.”-deyən Alı Alıyev Bala Bəhmənli kəndində yeni uşaq bağçasının istifadəyə verilməsinin isə cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər üçün xüsusi bir töhvə olduğunu vurğulamışdır.
Bildirmişdir ki, iki mərtəbəli 60 çarpayıdan ibarət olan körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar formalaşdırılıb, uşaqların istirahəti üçün geniş imkanlar təşkil olunub. Bağçada uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
Alı Alıyev bağçanın kollektivi ilə söhbətində bildirib ki, əhalinin sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin Ulu öndərin irsinin daşıyıcısı olan Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban xanım Əliyevaya və ölkə başçısına olan inamını daha da gücləndirir. Alı Alıyev demişdir: “Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.”
Çıxış edənlər cəbhə bölgəsinə göstərdiyi diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.