"Sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi" mövzusunda Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatçılığı ilə məsləhətləşmələr keçiriləcək.
Yenixeber.org: Bu barədə məlumat verən UNESCAP-ın milli koordinatoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Asiya və Sakit oken bölgəsində "Sərhədlərarası Kağızsız Ticarət üzrə Çərçivə Sazişi"nə ilk qoşulan ölkələrdən biridir: "Bu çərçivədə Azərbaycanda sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi üçün hüquqi və texniki hazırlıqlar müzakirə olunacaq. Bu məsləhətləşmələr BMT-nin “Pandemiya dövründə nəqliyyat və ticarət əlaqəsi” adlı layihəsinə uyğun aparılacaq. Məslhətləşmələrdə sərhədsiz ticarət üzrə bütün aidiyyatı dövlət qurumları və UNESCAP-ın nümayəndələri iştirak edəcək. Əsas məqsəd kağızsız ticarət üzrə hazırlanmış qiymətləndirmə sənədini və tövsiyyələri, həmçinin ilkin fəaliyyət planını müzakirə etməkdir. Qeyd etməliyəm ki, UNESCAP-ın əvvəlki qiymətləndirmələrinə əsasən Azərbaycan sərhədlərarası kağızsız ticarət sahəsində Asiya və Sakit okean regionunda öncül ölkələrdən sayılır."
Qeyd edək ki, "Sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi" mövzusunda məsləhətləşmələr dair məlumat UNESCAP-ın səhifəsində yerləşdirilib.