Ekspert: -"Struktur dəyişikliyi interneti daha keyfiyyətli, əlçatan edəcək"
Prezident İlham Əliyevin oktyabrın 11-də imzaladığı fərmanı dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq təkmilləşmə mərhələlərinin ardıcıllığı hesab edə bilərik”.
Yenixeber.org: Bunu İKT üzrə ekspert Elvin Abbasov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bazasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılmasını şərh edərkən deyib.
Xatırladaq ki, sözügedən fərmana əsasən, yeni nazirliyin tərkibində 4 publik hüquqi şəxs fəaliyyət göstərəcək. Bunlar Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi (1), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (2), Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (3), Dövlət Dəniz və Liman Agentliyidir (4).
E.Abbasov hesab edir ki, bu dəyişiklik qurumun fəaliyyətinin hər sahədə yeni mərhələlərə keçidini təmin edəcək, rəqəmsallaşmanın tətbiq sahəsinin genişlənməsinə töhfə verəcək: “Əsas hədəflərdən biri mühitin münbitləşməsi, sağlam rəqabət üçün əlverişli şəraitin formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar gələcəyə hədəflənmiş geniş miqyaslı layihələrin uğurla nəticələnməsində böyük rol oynayacaq.
Birləşmələr fonunda yaranacaq Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin də üzərinə böyük məsuliyyət düşür. Rəqəmsal transformasiyanın sürətləndirilməsini, xidmət və keyfiyyətin müasir standartlara çatdırılmasını təmin etmək kimi bir sıra böyük öhdəliklər bu agentliyin vəzifələri sırasındadır. Düşünürəm ki, rəqəmsal hökumətin inkişafını, bu istiqamətlərdə yaranacaq məhsulların səmərəliyini və fəaliyyətlərin təşkilini yeni agentliyin əsas missiyası hesab etmək olar.
Bu dəyişiklik həm də interneti daha keyfiyyətli, əlçatan edəcək. Nazirliyin internetlə bağlı 2024-cü ilə olan hədəfinə çatacağını, bu istiqamətdə dövlət-özəl sektoru tərəfdaşlığı ilə apardığı layihənin uğurla başa çatacağını demək olar”.