“SOCAR Türkiyə” -1,3 milyard dollarlıq maliyyələşmə cəlb edib
“SOCAR Türkiyə” əvvəlki öhdəliklərini təkrar maliyyələşdirmək məqsədi ilə “JP Morgan” və “Citi” başda olmaqla kredit institutlarından 1,3 milyard ABŞ dolları ekvivalenti məbləğində maliyyələşmə təmin edib.
Yenixeber.org: Bu barədə “SOCAR Türkiyə” məlumat yayıb.
Bildirilir ki, təkrar maliyyələşmə əməliyyatı şirkətin maliyyə öhdəliklərini artırmır və əvvəlki səviyyədə sabit saxlayır. Şirkət qlobal qeyri-müəyyənliklə müşahidə olunan pandemiya dövründə təmin etdiyi yüksək məbləğli təkrar maliyyələşmə ilə dünya bazarlarında güclü mövqeyini bir daha sübut edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Türkiyə” 2021-ci ildə dünyanın nüfuzlu banklarından olan JP Morgan Securities plc (“JP Morgan”) və Citibank N.A.-nın London filialı (“Citi”) başda olmaqla kredit institularından əlverişli şərtlərlə 1,3 milyard ABŞ dolları ekvivalenti məbləğində maliyyə vəsaiti cəlb etməklə təkrar maliyyələşmə əməliyyatını relallaşdırıb.
Pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı gərginliyin davam etdiyi bir şəraitdə təkrar maliyyələşdirmə məqsədi ilə cəlb olunan vəsait ödəmə müddətinin uzunluğu, bazardakı oxşarları və əvvəlki maliyyə öhdəlikləri ilə müqayisədə faizin aşağı olması ilə diqqət çəkir.
Dünyanın qabaqcıl bank və maliyyə təşkilatlarının iştirakı ilə yaradılan sindikat tərəfindən SOCAR-ın təminatı ilə 5 il müddətinə və illik LIBOR/EURIBOR +3,45 % ilə cəlb edilən vəsait qlobal maliyyə dairələrində SOCAR-ın və “SOCAR Türkiyə”nin sağlam maliyyə strukturuna və güclü mövqeyinə etimadın təzahürü kimi dəyərləndirilir. Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaradıb.
“SOCAR Türkiyə” İdarə Heyətinin sədri Rövnəq Abdullayev: ““JP Morgan” və “Citi” başda olmaqla dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən bu miqyasda və əlverişli şərtlərlə təkrar maliyyələşmə vəsaitinin ayrılması pandemiya səbəbindən bazarlarda davam edən qlobal qeyri-müəyyənlik şəraitində “SOCAR Türkiyə”yə olan böyük etimadın təzahürüdür. Beynəlxalq maliyyə mənbələrindən əhəmiyyətli həcmdə maliyyə vəsaitlərinin cəlb edilməsi SOCAR Qrupun likvidlik göstəricilərinin yaxşılaşdırılmasına səbəb olur, eyni zamanda layihələrimizin maliyyə institutları tərəfindən dəstəkləndiyinin ifadəsidir.”
Bu əməliyyatda “SOCAR Türkiyə”-nin hüqüqlarını Ünsal Avukatlık Ortaklığı, Vinson & Elkins RLLP və Omni Law Firm qoruyub.