Koronavirusa yoluxanları sayı 123 milyonu ötdü-DÜNYADA
Dünyada bu günə qədər Covid-19 virusuna yoluxanların sayı 123 555 672, virusdan dünyasını dəyişənlərin sayı isə 2 723 781 nəfər olub. Virusa yoluxanlardan 99 534 417 nəfər xəstəliyə qalib gələrək, sağalıb. Bəs ölkələr üzrə Covid-19 pandemiyası ilə bağlı son vəziyyət necədir?
Yenixeber.org: ABŞ-da Covid-19-a yoluxanların sayı 30,4 milyon, virusdan ölənlərin sayı isə 555 min nəfərə çatıb.
Braziliyada isə virusa yoluxanların sayı 11,9 milyon nəfəri ötüb. Virusun yeni ştammlarının ortaya çıxması nəticəsində ölənlərin sayında sürətli artım müşahidə olunur. Ən çox itki daha çox əhalisi olan Sao Paulo əyalətinin payına düşür.
"Braziliya səhiyyəsi hazırda tarixinin ən kritik döməmini yaşayır". Bu barədə Braziliya Sağlamlıq İnstitutunun yaydığı son məlumatda qeyd edilib. Bildirilib ki, ölkənin səhiyyə xidməti çökmə nöqtəsindədir, xəstəxanaların reanimasiya şöbələrində heç bir boş yer qalmayıb:
"Bütün ölkədə vəziyyət son dərəcə kritikdir. Tədqiqatçılarımızın təhlillərinə əsasən deyə bilərik ki, Braziliya tarixində xəstəxana və səhiyyə xidmətlərində böyük çöküş yaşanır".
Hindistanda isə virusa yoluxanların sayı 11,6 milyonu ötüb. Virusdan ölənlərin sayı 160 min nəfərə çatıb. Ölkədə pandemiya ilə bağlı vəziyyət ən pik həddədir. Təkcə son sutkada 43 mindən çox yoluxma qeydə alınıb.
Avropada da Covid-19-un yeni mutasiyaya uğramış ştammlarımın sürətlə yayılması nəticəsində bir sıra ölkələr yenidən sərt qapanma tədbirlərinə hazırlaşır.
Avropanın koronavirusdan ən çox əziyyət çəkən ölkələrindən biri olan İtaliyada pandemiya ilə bağlı vəziyyət daha da gərginləşməyə başlayıb. Hökumət yenidən qapanmalara gedəcəyi ilə bağlı mesajlar verir.
Qeyd edək ki, bu günə qədər ölkədə 3,3 milyondan çox yoluxma, 104 mindən çix ölüm faktı aşkarlanıb. Virusa yoluxanların 2,2 milyondan çoxu isə virusa qalib gələrək sağalıb. Məlumata görə koronavirusa qarşı peyvəndləmə kampaniyasının 27 dekabr 2020-ci ildə başlanıldığı İtaliyada peyvənd olunanların sayı 7 532 035 nəfərə çatıb. Peyvənd olunanların 2 380 018-i ikinci dozanı da qəbul edib.
Digər tərəfdən, ölkənin şimalındakı Turin şəhərində toplanan bir qrup “maskaya yox” şüarı ilə icazəsiz mitinq təşkil edərək, pandemiya məhdudiyyətlərinə qarşı çıxıblar. Təhlükəsizlik qüvvələri qrup üzvlərindən 30 nəfəri koronavirus tədbirlərinin pozulmasına görə cərimələyib.