Rövşən Əkbərovu -hansı cəza gözləyir?
Ukraynada qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərova Azərbaycan Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adamöldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib.
Yenixeber.org: İrəli sürülən ittihamlar üzrə təqsirli bilinərsə, onu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur.
Belə ki, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə ağır cinayət hesab edilən bu əmələ görə məsuliyyətə cəlbetmə müddəti 20 ildir.
221.3-cü (xuliqanlıq) maddəsində təqsirli bilinən şəxslər isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından (20 ildən) çox ola bilməz.
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.
Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.
2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
15 mart 2021-ci il tarixdə R.Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.