Bakıda -gücləndirilmiş dezinfeksiya işləri aparılır
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
Yenixeber.org: Tədbirlər çərçivəsində sentyabrın 26-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti– on üçüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Axşam saatlarınadək paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə ciddi zərurət yaranmadığı halda küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi, bu dəfə də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edir.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, qış aylarında yağıntılar yağan zamanı dezinfeksiya işləri lokal xarakterli olacaq.
Xatırladaq ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Bu istiqamətdə bütün lazımi tədbirlər görülür.