DİM-dən beynəlxalq təhsil proqramları üzrə təhsil almış abituriyentlərə -MÜRACİƏT
Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə müraciət edib.
Yenixeber.org: Mərkəzdən verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:
– Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
– Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
– Yüksək yerləşdirmə (Advanced Placement).
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 23-dən 31-dək aşağıda göstərilən sənədlərin fotosurətlərini Dövlət İmtahan Mərkəzinə onlayn qaydada (info@dim.gov.az poçtuna mövzu hissəsinə “müsabiqədənkənar qəbul” yazmaqla) təqdim etməlidirlər:
1. “Abituriyentin elektron ərizəsi”nin surəti;
2. Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin surətini, həmçinin həmin sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsinin surətini;
3. Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrini DİM-ə göndərilməsini təmin edirlər.
Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.
Bu abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almalıdırlar.
Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas üzrə və hər tədris ili üçün keçid balı aşağıda göstərilən ixtisaslar üzrə və keçid ballarının minimum və maksimum hədləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir.