Yenixeber.org: Bu yaxınlarda deputat Hadı Rəcəblinin müəllimlərə ünvanladığı məşhur “tövsiyyə”dən direktorlar yararlanmağa başlayıb. Millət vəkili , “əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır” demişdi. Deyə bilmərik ki, hansısa müəllim deputatın sözündən təsirlənib soğan əkib, yaxud pambıq becərib. Ancaq dolanışıqları heç də pis olmayan direktorlar əlavə qazanc yerləri tapıblar. Məsələn Binəqədi rayonundakı 244 saylı məktəbin direktoru Yəhya Abbasov kimi.
Bir müddət bundan əvvəl yaxınlıqdakı 126 saylı məktəbin təmayülü dəyişdiyindən oranın da şagirdləri 244-ə transfer olunublar. Məktəbdə onsuz da təhsilin səviyyəsi bərbad idi. İndi lap pisləşib. Hələlik onu bildirək ki, məktəbə bitişik ərazilərdə bir neçə ticarət və avtoyuma məntəqəsi fəaliyyət göstərir. Bunların sahibinin Yəhya Abbasov olduğu deyilir. Direktorun biznesi çiçəklənir, “moyşiklərin” söyüşünü isə siniflərdəki uşaqlar dinləməli olur. Belə olan halda hansı təlim-tərbiyədən söhbət açmaq olar. Bu haqda aktualxeber az-ın redaksiyasına müraciət edən şikayətçilər deyir ki, təhsil ocağının düz divarlarına bitişik onlarla iaşə obyekti var. Sinif otaqlarının pəncərəsi altında açılan avtoyuma məntəqələri məktəbdə normal dərslərin keçirilməsinə imkan vermir. Avtoyuma işçilərinin qəhqəhəsi, anormal leksikonu həm şagirdlərin, həm də müəllimlərin əsəblərinə işləyir. 7-ci mikrorayonda yerləşən bu məktəbin direktoru 20 ildən artıqdır ki, Yəhya Abbasdovdur. Bu qanunsuz tikililər məhz onun vaxtında istifadəyə verilib. Hətta avtoyumaların ona məxsus olduğu iddia edilir. Görəsən avtoyumadan ucalan səslər direktorun otağında eşidilmir, yoxsa başqa səbəb var? Bu yaxınlarda məktəbdə müəllimlər günü münasibətilə kütləvi şəkildə pullar yığılıb. Buna fond pulu və direktorun digər maxinasiyalarını da əlavə etsək Yəhya Abbasovun aylıq qazancınının böyük bir rəqəm olduğunun şahidi olarıq. Bu barədə növbəti yazımızda söhbət açacağıq. aktualxeber.az Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.