Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur

Yardımlı rayonu, Allar kənd sakini Rəhmanlı Fərəc Abizər oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Şikayətçi iddia edir ki, Allar kənd orta məktəbin direktoru Əbilov İlyas Xıdır oğlu qanunsuzluqla məşğuldur. Şikayətçinin redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi dərc edirik:
“Mən, Rəhmanlı Fərəc Abizər oğlu, sizə Yardımlı rayonu, Allar kənd tam orta məktəbinin direktoru Əbilov İlyas Xıdır oğlunun qanunsuz fəaliyyəti və təsdiqlənmiş korrupsiya əməlləri barədə məlumat vermək istəyirəm.
Əvvəla qeyd edim ki, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının məsələyə biganə yanaşması, araşdırmanın qərəzli və qeyri-obyektiv aparılması, cinayət tərkibli əməllərin ört-basdır edilməsi və korrupsiya faktlarının cəzasız qalması başlıca haqsızlıqdır.
Təəssüf ki, Əbilov İlyas Xıdır oğlunun qanunsuz əməllərinə dair mövcud faktlar Yardımlı Rayon Prokurorluğuna, Lənkaran-Astara Regional Təhsil İdarəsinə,Yardımlı Rayon Təhsil Sektor müdiri Kamal Təhməzova bildirilsə də, bu məsələnin tam şəkildə araşdırılması və müvafiq hüquqi tədbirlərin görülməsi təmin edilməmişdir. Bu, təhsil sistemində qanunvericiliyin tələblərinin pozulmasının davam etməsinə və korrupsiya əleyhinə mübarizə prinsiplərinin sarsılmasına səbəb olur.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin araşdırmaları göstərmişdir ki, Əbilov İlyas Xıdır oğlu məktəb direktoru olaraq vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmişdir. O, qanunvericiliklə müəyyən edilmiş vəzifə öhdəliklərini pozaraq, artıq ödənişlərin təşkilinə və dövlət büdcəsinə ziyan vurulmasına şərait yaratmışdır.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2023-cü il tarixli araşdırma materialları əsasında sübuta yetirilmişdir ki, Əbilov İlyas Xıdır oğlu məktəb işçilərinə qanunsuz olaraq artıq ödənilmiş məbləğlərin təşkili ilə məşğul olmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, bu ödənişlər işçilərin real maaş göstəriciləri ilə uyğun gəlmir və əldə olunan rəsmi məlumatlara görə, bu qanunsuz əməliyyatlar nəticəsində dövlət büdcəsinə xeyli maliyyə ziyanı dəymişdir. Bu cür hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusən də Cinayət Məcəlləsinin 179 -cu maddəsinə uyğun olaraq mənimsəmə və ya israf etmə kimi qiymətləndirilmişdir.
Əbilov İlyas Xıdır oğlunun korrupsiya əməli sübut edilmiş və bu, qanunla ciddi şəkildə qadağandır.
Üstəlik, Lənkəran-Astara Regional Təhsil İdarəsinin araşdırmaları nəticəsində aşkar edilmiş qanun pozuntularına baxmayaraq, Əbilov İlyas Xıdır oğluna yalnız Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən "şiddətli töhmət" cəzası tətbiq edilmişdir. Bu cəza direktorun törətdiyi qanunsuzluqların miqyasını və dövlət büdcəsinə vurulan ziyanın həcmini əks etdirmir. Belə yüngül cəzanın tətbiqi korrupsiya əleyhinə mübarizə prinsiplərinə ziddir və hüquqpozmalara qarşı adekvat tədbir hesab olunmur.
Azərbaycan Respubilkasının Təhsil Naziri Emin Əmurullayev media qurumlarına verdiyi müsahibə zamanı qeyd etmişdir ki, təhsilə xəyanət edən dövlətə xəyanət etmiş sayılır. Əfsuslar olsun ki, qeyd olunan məlumatlar Allar kənd tam orta məktəbində baş vermişdir.
Sizin sayt və qəzet vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bu məsələnin arşdırıb, haqqın yerini tapmasına köməklik göstərin".
Məsələ ilə bağlı Yardımlı rayonu, Allar kənd orta məktəbinin direktoru Əbilov İlyas Xıdır oğlu ilə əlaqə saxlamaq mümkün olmadı.
Jalə FAMİLQIZI, ("Hurriyyet")
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxlərn mövqeyini dərc etməyə hazırıq.