Rektor Yusif Yusibov GDU-nu “biznes mərkəzi”nə çevirib? –ŞOK FAKTLAR
Yenixeber.org: Məlumdur ki, hər bir ölkənin təhsil sahəsinin inkişaf etdirilməsi həmin ölkənin inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə bir səbəbdən də, Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişaf etdirilməsi yöndə oynadığı rol onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir.
Yada salaq ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu elan etdikdən sonra, xalqımızın, dövlətimizin qarşısına yeni dövrün tələblərinə uyğun yeni vəzifələr qoyuldu. Bunlardan biri də ölkəmizin təhsil sahəsində müəyyən islahat proqramlarının həyata keçirilməsi idi. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev də müstəqillik illərində ölkəmizdə elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış və bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır. Yəni, Ulu Öndər ölkəmizin təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının Azərbaycanda həyata keçirilməsi üçün ciddi addımlarını atmış və bir neçə fərman və sərəncamlar da imzalamışdır.
Bütün bunlara baxmayaraq, son illər bəzi təhsil müəssislərində, ələlxüsus Gəncə Dövlət Universitetində olmazın hoqqalar yaşanmaqda, bir sözlə bu ali təhsil müəssisəsində əsl dərəbəylik hökm sürməkdə davam edir. Məsələn, bu günlərdə saytımzın redaksiyasına Gəncə Dövlət Universitetinin sabiq əməkdaşı Cahan Ağamirov adlı şəxs tərəfindən yazılı müraciət daxil olub və bu şəxs rektor Yusif Yusibovun rəhbərlik etdiyi təhsil ocağında baş verənləri əsl biabırçılıq adlandırır.
Yəni, Cahan Ağamirov qeyd edir ki, “Hal-hazırda Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlar, olmazın həngamələr, bənzəri olmayan biabırçılıqlar və s. heç bir halda “sərhəd tanımır”.Çünki, rektor Yusif Yusibov “Burda mənəm, Bağdadda kor xəlifə” deyib, bu gün də idarəçiliyi öz düşüncə tərzinə uyğun həyata keçirməkdə davam edir. Məsələn, Universitetdə elmi işlər üzrə prorektor vəzifəsini daşıyan Pərvin Kərimzadə Milli Məclisin deputatıdır və bu şəxs deputat olduğundan, onun ikinci vəzifəni daşıması qanunla qadağandır. Buna baxmayaraq, Pərvin Kərimzadəyə Universitetdə dərs saatları da verilib. Nəzərə alaq ki, Gəncə şəhəri ilə Bakı şəhəri arasında olan məsafə təqribən 370 km-dir. Deməli, Pərvin Kərimzadə dərs saatları olduğu günlərdə 760 km yol məsafə qət edir ki, o, ona verilmiş dərsi tələbələrə tədris edə bilsin.Belə bir halın varlığı heç də inandırıcı deyil.
Bundan əlavə, Universitetdə təhsil üzrə prorektor vəzifəsində çalışan Şahin Xurşudovun, təhsil sahəsi üzrə analoqu olmayan həddə “söz sahibi” olması hər kəsə bəlli olan həqiqətlərdir. Şahin Xurşudov mənim kimi təcrübəli, savadlı, dərs vəsaiti ali təhsil müəssisələrində tədris olunan bir şəxsi, xeyli vaxtdır ki, xarici dillər kafedrasından uzaqlaşdırıb. O, bunun əvəzində, hansı ki, müəllim işləyənlər üçün keçirilən müsabiqə imtahanlarından kəsilən 4 nəfər şəxsi işə qəbul edib. Bu da onu göstərir ki, Şahin Xurşudov qurd yağı yediyindən o, “aslan ürəkli” bir şəxsə çevrilib. Bunun başqa izahı ola bilməz.
Universitetdə tərbiyə işləri üzrə prorektor 80 yaşlı Gülsüm xanım Quliyevadır və bu xanım işə çəkələkdə gəlir. O halda sual oluna bilər ki, görəsən Gülüsüm xanım tərbiyə işləri üzrə prorektor olaraq, Universitetin ayrı-ayrı korpuslarında, ələlxüsus 5-ci korpusda təlim-tərbiyə işlərini necə həyata keçirir?
Təsərrüfat məsələləri üzrə prorektor vəzifəsini daşıyan Fəxrəddin Həsənovun rektor Yusif Yusibovla ələlə verərək, təmir-bərpa işləri adı altında külli miqdarda vəsaitləri mənimsəməsi isə, bu gün də ölkə gündəmini zəbt edən əsas mövzulardan biri hesab olunur. Qiyabi şöbənin dekanı İlqar Kubışev əvvəllər Rektorun köməkçisi idi. Faktdır ki, bu şöbədə təhsil alan tələbələrin 50 faizi dərsə gəlmirlər və qiyabi şöbədə hər imtahanın öz haqq-hesabı var. Xarici dillər fakültəsinin dekanı Rektor tərəfindən 3-cü dəfə dekan təyin olunub. Təhsil haqqında Qanuna görə, bir şəxs iki dəfədən artıq dekan ola bilməz.
Qanunun belə bir tələbinə baxmayaraq, rektor Yusif Yusibov çox zaman həmin şəxsə “Nə qədər ki, mən vəzifədəyəm, sən də dekan olacaqsan” deməyi də unutmur.
Universitetin rəsmxət kafedrasının müdiri Mərdan Məmmədov nə az, nə də çox, düz 30 ildir ki, bugünkü vəzifəsini daşımaqdadır. Hal-hazırda Rektor o qədər əndazəni aşıb ki, o, ştat cədvəlindən artıq 150 nəfər şəxsi ayrı-ayrı kafedralarda laborant ştatına işə götürüb. Buna misal olaraq onu deyə bilərəm ki, Universitetin hərbi kafedrasında 16 nəfər müəllim olduğu halda, hal-hazırda həmin kafedrada 26 nəfər laborant da işləyir və laborantlardan çoxu işə gəlmirlər.
O halda sual oluna bilər ki, görəsən rektor Yusif Yusibov kimə, hansı vəzifə sahibinə, hansı şəxsə arxayın olur ki, o, belə bir qanunsuzluqlara qol qoymağı bacarır? Yayılan məlumatlara görə, Maliyyə Nazirliyinin aparat rəhbəri vəzifəsini daşıyan Cavanşir Yusibov, rektor Yusif Yusibovun doğma qardaşıdır.
Bu şəxsin Yusif Yusibova əsas arxa-dayaq olduğu bildirilir. Amma, bu şəxslər hələ də onu dərk etmirlər ki, dövlətimiz milyarder Ruben Vardanyanı həbs edib Bakıya gətirə bildisə, deməli Yusibovlar şəbəkəsinin də öhdəsindən gəlməyi bacaracaq. Başqa cür də ola bilməz”.
Gəncə Dövlət Universitetinin sabiq əməkdaşı Cahan Ağamirovun redaksiyamıza ünvanladığı müraciətində qeyd olunanları oxuduqca şoka deyil, sanki “şökə” düşməli olduq. Yəni, yazılanları oxuduqca bizdə belə bir qənaət formalaşdı ki, deməli rektor Yusif Yusibov rəhbərlik etdiyi bu ali təhsil müəssisəsini həm özünün, həm də yaxın çevrəsində olanların biznes mərkəzinə çevirib. Əgər bu belə olmasaydı, o halda Universitetin rəhbərliyi Cahan Ağamirovun ittihamlarına, yazılı müraciətində qeyd etdiklərinə və s. hansısa formada aydınlıq gətirərdi.
Deməli, bu gün də Gəncə Dövlət Universitetində hər cür qanunsuzluqlar, olmazın həngamələr baş verir ki, rəhbərlik baş verənlərin qarşılığında susmalı olur.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.(gundemxeber.az)
Mövzuya yenidən qayıdacağıq.