ASAPES-də Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa başa çatıb-FOTOLAR
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İdman tibbi və reabilitasiyanın müasir aspektləri” mövzusunda dəyirmi masa bu gün başa çatıb.
Yenixebner.org: 2 gün davam edən tədbirin ilk günündə yerli və əcnəbi iştirakçılar Akademiyanın Elmi-Tədris Laboratoriyası və Multimedia Mərkəzi ilə tanış olublar. Daha sonra ADBTİA-nın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə, Rusiya FBA-nın İdman Tibbi və Rəqəmsallaşma Departamentinin rəhbəri Tatyana Puşkina və Belarus Respublikası Elmi-Praktik Mərkəzinin direktoru İrina Malevannayanın açılış nitqi ilə dəyirmi masa öz işinə başlayıb.
Tədbirdə mühazirəçi qismində Avstriyanın “ComplexCore+” şirkətinin baş direktoru Roman Yahoda, Rusiya Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sankt-Peterburq Həkim-ekspertləri Təkmilləşdirmə İnstitutunun rektoru Oksana Vladimirova, Rusiya Federal Tibbi və Bioloji Agentliyinin İdman Tibbi və Reabilitasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Sergey Parastayev, Rusiya Federal Tibbi-Bioloji Agentliyinin İdman Tibbi və Reabilitasiyası Mərkəzinin Təşkilati-tədqiqat şöbəsinin aparıcı elmi işçisi Aleksandr Derevoedov, bədən tərbiyəsi və qidalanma üzrə fəlsəfə doktoru, Liverpul Con Murs Universitetinin müəllimi, “Mançester Yunayted” və “Suonsi Siti” Futbol Klublarında fizioterapiya və qidalanma üzrə məsləhətçi Ceymi Pyu, London “Queen Mary” universitetinin fəxri müəllimi, Nottingem Universitetinin baş müəllimi Paulina Klovskovska, London Universitet Kollecinin professoru, BOK-un Tibb Komissiyasının sədri, Böyük Britaniya Kral İdman Tibb Cəmiyyətinin vitse-prezidenti, İdman Tibbi üzrə Avropa Təlim Standartının müəllifi, ADBTİA–nın “İdman Tibbi və Reabilitasiya” proqramının direktoru Maykl Pol Luzmor, “ComplexCore+” şirkətinin maliyyə direktoru Tomas Taro, Rusiya Federal Tibbi və Bioloji Agentliyinin İdman Tbbii və Reabilitasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Yevgeniy Koşevoy, Rusiya Federal Tibbi və Bioloji Agentliyinin İdman Tibbi və Reabilitasiyası Mərkəzinin təşkilat və tədqiqat şöbəsinin aparıcı elmi işçisi İqor Mitin çıxış ediblər.
Mühazirəçilər idman tibbində elm və yeni texnologiyaların tətbiqi, antidopinq fəaliyyəti, idmançıların zədələrinin sağalmasında qidalanmanın əhəmiyyəti, idmanda beyin zədələnmələrinin qiymətləndirilməsi, Azərbaycanda və Rusiyada elitar idman növlərinin tibbi-bioloji təminatı və idman tibbi sahəsində aparılan elmi tədqiqatların perspektivləri haqqında təqdimatlar edərək geniş fikir mübadiləsi aparıblar.
ADBTİA-nın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadənin yekun nitqi ilə 2 gün davam edən dəyirmi masa öz işini başa vurub.