Yenixeber.org: Gələn il 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında – bir mərhələdə həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, yeni imtahan modelinə uyğun olaraq şagirdlərə həm açıq, həm də qapalı tapşırıqlar təqdim olunacaq.
DİM-in mtəbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib ki, şagirdlərə tədris fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırığın təqdim olunması nəzərdə tutulur. Bu tapşırıqdan 12-si, yəni hər fənn üzrə 4 tapşırıq həlli yazılması tələb olunan tapşırıqlardır.
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramlar müəyyən qədər sadələşdirilib:
“Belə ki, 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas hissə olaraq 5-ci sinifdən 9-cu sinifin birinci yarımilinədək keçilmiş mövzular, 11 illlik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçilmiş mövzular əsas götürüləcək”.
Təhsil üzrə ekspert Kamran Əsədov yeniliyi saytımıza şərh edərkən qeyd etdi ki, 2020-ci il pandemiya səbəbindən həm ali təhsil müəssisələrinin qəbul imtahanları, həm də buraxılış imtahanlarının yeni modeldə keçirilməsi labüd idi:
“Burada vacib olan bir neçə məsələ var. Məsələ ondan ibarətdir ki, orta ümumtəhsil müəssilərində təhsil alan şagirdlər, eyni zamanda ali təhsil müəssisələrində təhsil alan tələbələr pandemiya dövründə məsafədən təhsilalmada bir sıra sıxıntılar yaşadılar. Ona görə də ən vacib məqam onlar üçün təhsilin əlçatanlığını, davamlılığını təmin etməkdir. Ali təhsil müəssisələri keçən semestr müəyyən qədər güzəştlər etdilər. Amma bu il çox sərt qaydalarla semestr imtahanları keçirilir. İmtahan modelində bu dəyişiklik eyni zamanda DİM tərəfindən 2021-ci ildə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında da baş verəcək. Belə ki, bu il orta ümumtəhsil məktəblərinin 9-cu sinif bazasından biliyin qiymətləndirilməsi üçün keçiriləcək imtahanlar tamamilə yeni formatda olacaq. Bu, 9-cu siniflər üçün yeni bir imtahan modelidir”.
Ekspertin sözlərinə görə, dəyişikliyin birinci hissəsi ondan ibarətdir ki, imtahan birmərhələli olacaq:
“Bu mərhələdə abituriyentlərə, 9-cu sinif şagirdlərinə ümumilikdə 85 test tapşırığı təqdim olunacaq. Tədris fənnindən olan 30 test tapşırığından 10-u dil qaydalarına aid olan qapalı test taprışıqlarıdır, yerdə qalan hissə oxuyub-anlamaya aid iki mətn olacaq və hər mətnə ümumilikdə 10-10 olmaqla, 20 test tapşırığı salınacaq. İkinci sual paketi riyaziyyat fənnindən 25 test tapşırığı olacaq. Bunların 15-i qapalı test tapşırığıdır. Qapalı tipli test tapşırığının variantları a, b, c, d yolu ilə təqdim edilir. İkinci model riyaziyyatdan 6 test tapşırığı kodlaşdırılmasını üzərində əks etdirən test tapşırıqlarıdır ki, onlar kodlarla yazılacaq, bu da açıq tipli test tapşırıqlarıdır. 4 test tapşırığı isə həlli açıq şəkildə yazılması tələb olunan test tapşırıqlarıdır. Və bunun həllini şagirdlər tam şəkildə yazmalıdırlar. Üçüncu imtahan paketi xarici dildəndir. DİM qeyd edir ki, 9-cu sinif bazasında suallar 5-9-cu sinifləri əhatə edəcək. Amma xarici dillə bağlı suallar var ki, bunlar dinləyib-anlamaya dair suallardır. Pandemiya dövründə şagirdlər yalnız elektron qaydada – kompüter, planşet və ya mobil telefonla dərslərə qoşula bilər. Amma ölkə üzrə 25 faiz bu dərslərə qoşula bilmir, onlar bu tipli prosesdən kənar qala bilərlər. Burada biliyin qiymətləndirilməsi zamanı müəyyən qədər ədalət prinsipi pozula bilər. Şagirdlərin oxuyub-anlama, dinləyib-anlama ilə bağlı çətinlik çəkəcəyini düşünürük”.
Ekspert qeyd etdi ki, rus bölməsinin şagirdləri dövlət dili kimi Azərbaycan dilindən imtahan verəcəklər və onlar 30 test tapşırığını cavablandırmalıdır, bunun üçün 45 dəqiqə veriləcək:
“Bu, ümumiyyətlə, yeni modeldir. Mən inanıram ki, bu, şagirdlərimizin nəticələrinin kəskin şəkildə mənfiyə doğru dəyişməsinə gətirib çıxarmayacaq. Çünki şagirdlərimiz pandemiya dövründə təhsil almaqla bağlı çox ciddi sıxıntılar keçirdilər”.(pressklub)
Ülviyyə Şahin